Bəzi ölkələrdə ali təhsil öz vətəndaşları üçün tamamilə ödənişsizdir. Ancaq Azərbaycanda istər özəl, istərsə də dövlət universitetlərində ödənişli ixtisaslar var. Bu da təhsilin əlçatanlığını aşağı salır.
Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a bildirib ki, ali təhsilin ödənişsiz olduğu ölkələr sosial rifahı yüksək olan ölkələr adlanır: “Yəni, onların məqsədi təhsili, səhiyyəni daha əlçatan etmək və bu mənada işlər görməkdir. Azərbaycanın mövqeyi isə sanki bir az Amerikanın mövqeyi kimidir. Amerika kimi liberal ölkələrdə isə təhsil bahalı bir xidmət olduğu üçün ödənişli şəkildə təklif olunur. Yəni, inkişaf etmiş ölkələrin böyük əksəriyyətində ali təhsil öz vətəndaşlarına pulsuzdur. Hətta inkişaf etməkdə olan qonşu Türkiyədə belə ali təhsil öz vətəndaşlarına ödənişsiz şəkildə təklif olunur. Bizdə isə ali təhsil ödənişsiz təklif olunsa belə ödənişli versiyası da var”.
Müsahibimiz dövlət ali təhsil müəssisələrinin ödənişli olmağını düzgün hesab etmir: “Düşünürəm ki, dövlət ali təhsil müəssisələri dövlət tərəfindən maliyyələşməli və maliyyə mənbələrini diversifikasiya etməli, yəni, çeşidləndirməlidir. Dövlət ali təhsil müəssisələri başqa gəlir mənbələri tapmalıdır. Bu, məzunlardan ianə, sanayeyə iş görmə, patentlər, kəşflər, xidmətlər və s. ola bilər”.
Q.Məhərrəmovun sözlərinə görə, məlumdur ki, Azərbaycan şəraitində dövlət ali təhsil müəssisələri ödənişsiz oxuyanların ödənişini dövlətdən, ödənişlilərinkini isə tələbədən alır: “Beləliklə, o, müəlliminə məvacib verə bilir. Hazırkı vəziyyətdə ali təhsil müəssisələrinin ödənişsiz olmağı mümkünsüz görünür. Çünki Azərbaycanda böyük bir büdcə açığı meydana gələ bilər. Azərbaycanda bunun dövlət tərəfindən maliyyələşdirilməsi daha da çətin olar. Hal-hazırda bu mövzu müzakirə belə olunmur. Sadəcə Azərbaycanda tələbə təhsil krediti var. Bu kredit vasitəsilə ödənişli şərtlərlə qəbul olan hamı qeyri-adi, ciddi problemi yoxdursa, dövlətdən kredit götürüb ucuz faizlərlə ödəyə bilir. Amma hər bir halda mən düşünürəm ki, dövlət ali təhsil müəssisələri ödənişli olmasa, daha yaxşı olardı”.
Ali məktəblərdə hazırkı təhsil haqqına gəlincə, ekspertə görə, bu ödəniş çox deyil: “Ali təhsil bahalı xidmətdir, amma min, min beş yüz, iki min manat illik ödənişlər var. Bu, başqa ölkələrlə müqayisədə azdır, amma bunu da dövlət ödəyə bilər. Ödəsə, təhsil əlçatan olar. Yəni, dövlət sırf maliyyə məsələsi tələbənin qarşısında maneəçilik törətməsin deyə kredit fondu yaradıb. Ancaq ali təhsilin ödənişsiz olması Azərbaycan təhsil ictimaiyyətinin gündəmində deyil, bəlkə gələcəkdə nə vaxtsa bu, ola bilər”.
Aytac Aslan