• Bakı 14° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Ənənəvi marketinqdən rəqəmsal marketinqə keçid: nəyi satmalıyıq?

CƏMİYYƏT

01 Aprel 2025 | 16:15

Ənənəvi marketinqdən rəqəmsal marketinqə keçid: nəyi satmalıyıq?

Marketinqin əsas məqsədi məhsul və xidmətləri müştərilərə tanıtmaq, onların tələbatlarını ödəmək və şirkətin satışlarını artırmaqdır.

Uzun illər boyunca şirkətlər bu məqsədə çatmaq üçün ənənəvi marketinq üsullarından istifadə edirdilər. Lakin texnologiyanın inkişafı, internetin yayılması və insanların davranışlarında baş verən dəyişikliklər marketinq sahəsində də dönüş yaratdı. Beləliklə, ənənəvi marketinqin yerini getdikcə rəqəmsal marketinq aldı. Ənənəvi marketinq - internetin geniş yayılmasından əvvəl istifadə olunan marketinq üsullarıdır. Bunlara televiziya və radio reklamları, qəzet və jurnallarda elanlar, çap materialları (buklet, flayer və s.), billboardlar, birbaşa satış və digər offline metodlar daxildir. Bu üsullar uzun müddət effektiv olsa da, bəzi çatışmazlıqlara malik idi.

Bu gün ənənəvi sistemdən rəqəmsallığa keçidin səbəbi nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən rəqəmsal marketinq mütəxəssisi Nazim İbrahimov bildirib ki, ənənəvi marketinq uzun müddət ərzində effektiv olub, geniş auditoriyaya çatmağa imkan verirdi. Məsələn, televiziya və radio reklamları, qəzetlər, jurnallar, posterlər və billbordlar müştəriləri cəlb etmək üçün ən məşhur vasitələr idi. Lakin, rəqəmsal dünyaya keçid ilə bu üsulların bəzi çatışmazlıqları üzə çıxdı. Reklamların ölçülə bilməməsi, hədəf auditoriyanı dəqiq təyin etməmək, yüksək xərclər və uzun müddət nəticə görməmək kimi problemlər ortaya çıxdı. Buna görə də, şirkətlər daha çevik və daha dəqiq nəticələr verən rəqəmsal marketinqə keçməyə başladılar.

Onun sözlərinə görə, rəqəmsal marketinqin ən böyük üstünlüklərindən biri ölçülə bilən nəticələr əldə etmə imkanıdır:

"Google Analytics, Facebook Ads Manager kimi alətlər vasitəsilə reklamların effektivliyi anında ölçülə bilər. Həmçinin, rəqəmsal marketinq daha sərfəlidir. Yüksək büdcə tələb edən ənənəvi reklamlarla müqayisədə, sosial media və Google Ads kimi platformalarla daha az xərc ilə çox daha böyük auditoriyaya çata bilərsiniz. Bununla yanaşı, hədəf kütləni çox dəqiq təyin etmək və onlara uyğun reklamlar təqdim etmək mümkündür".

Nazim İbrahimov: Kiçik miqyaslı testlər aparmaq daha böyük kampaniyalar qurmaq çox faydalıdır

N.İbrahimov qeyd edib ki, ən böyük çətinliklərdən biri, şirkətlərin rəqəmsal dünyada necə effektiv fəaliyyət göstərməyi bilməməsidir. Bir çox şirkət ənənəvi marketinq üsullarına alışmışdır və rəqəmsal alətləri və strategiyaları qəbul etməkdə çətinlik çəkirlər:

"Eyni zamanda, rəqəmsal marketinqin təklif etdiyi çoxsaylı imkanlar arasında doğru yanaşmanı tapmaq da bəzən qarışıqlıq yarada bilər. Digər bir çətinlik isə rəqəmsal reklamda yüksək rəqabət və bazarın sürətli dəyişməsidir. Bu səbəbdən şirkətlərin dinamikaya uyğunlaşması, yeni strategiyalar tətbiq etməsi və müştərilərlə daha interaktiv əlaqə qurması lazımdır. Şirkətlər rəqəmsal marketinqin sayəsində çox daha dəqiq nəticələr əldə edirlər. Hər bir kampaniya anlıq olaraq izlənilə, optimallaşdırıla və daha yaxşı nəticələrə gətirib çıxara bilər. Ayrıca, müştərilərlə daha yaxın əlaqələr qurulması da mümkündür. İnteraktiv platformalar vasitəsilə müştərilər ilə birbaşa əlaqə saxlamaq və onların rəylərini almaq, məhsul və xidmətləri inkişaf etdirmək üçün faydalıdır. Həmçinin, rəqəmsal marketinqin davamlı izlənməsi və optimizasiyası ilə investisiya qaytarışı daha yaxşı artır".

Son olaraq mütəxəssis tövsiyə edib ki, şirkətlər ilk növbədə rəqəmsal alətlər və platformalar haqqında biliklərini artırmağa çalışsınlar. Kiçik miqyaslı testlər aparmaq və nəticələrə əsaslanaraq daha böyük kampaniyalar qurmaq çox faydalıdır. Əlavə olaraq, müştərilər ilə əlaqələri gücləndirmək və onların rəylərinə önəm vermək, həmçinin yeni texnologiyaların gətirdiyi imkanlardan faydalanmaq gələcəkdə uğur qazanmaq üçün vacibdir. Rəqəmsal marketinqdə sürətli adaptasiya və çevik yanaşma çox önəmlidir.

Əli Hüseynov


SON XƏBƏRLƏR