Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın silahlanmasınsan danışıb.
Bakıvaxtı.az-ın məlumatına görə, o qeyd edib ki, Ermənistan silahlanır və bunun arxasında Avropa İttifaqı ilə Fransa dayanır. PA rəsmisinin sözlərinə görə, bu istiqamətdə nəzarət olmalı və məhdud çərçivədə həyata keçirilməlidir.
“Silahlanmaya nəzarət edilməlidir”.
Politoloq Turan Rzayev Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, Ermənistanın silahlanması yeni hadisə deyil, amma son zamanlarda intensivləşdiyi də bir həqiqətdir. Onun sözlərinə görə, xüsusilə də Fransa, Hindistan və İrandan yeni silahlar gətirilir:
“Bir çox silah dəyərindən aşağı verilir ki, bu da Ermənistana dəstək məqsədi daşıyır. Əvvəllər alınan silahlar müdafiə xarakterli idi. Lakin son zamanlar sırf hücum xarakterli silahlar göndərilir ki, bu da regionda eskalasiya riskini artırır. Reallıq ondan ibarətdir ki, Fransa kimi ölkələr Ermənistanı müdafiə edərək, Cənubi Qafqazda nüfuz qazanmaq və onun üzərindən təsir imkanları saxlamaq istəyir”.
Müsahibimiz vurğulayıb ki, bölgədə hazırda tək müsəqil siyasət yürüdən ölkə Azərbaycandır:
“Diqqətlə müşahidə etsək, görərik ki, Gürcüstanda Qərb-Rusiya qarşıdurması yaşanır. Ermənistanda isə hər şey göz önündədir. Rəsmi Bakı Qərb və Rusiya arasında balans yaratmağa meyillidir. Buna baxmayaq Qərb ailəsində özünü lider görən, əslində isə o çəkiyə sahib olmayan Fransa Ermənistan üzərindən Azərbaycana təzyiq göstərmək istəyir. Amma Fransanın həqiqətən resursları çox olsa idi, Azərbaycanla özü mübarizə aparardı. Ermənistanın qabağa verilməsi regionda eskalasiya riskini artırır”.
Turan Rzayev: Mövcud vəziyyət prosesin gərgin atmosferə daxil olduğunu deməyə imkan verir
T.Rzayevə görə, Paşinyanın bu gün konstitusiyadakı və Müstəqillik Bəyannaməsindəki preambulanın dəyişdirilməyəcəyini qeyd etməsi etimad mühitini azaldır, sülh prosesini dalana dirəyir:
“Belə olan təqdirdə də deyə bilərik ki, bu vəziyyət 2025-ci ildə Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesi istiqamətində mənfi tendesiya yaradır. Təbii ki, nələrin baş verəcəyini zaman göstərəcək. Amma mövcud vəziyyət prosesin gərgin atmosferə daxil olduğunu deməyə imkan verir".
Aydın Baxış