"Ermənistan üçün ATƏT-in Minsk qrupunun ləğvinə dair müraciət edilməsi böyük bir problem deyil. Çünki əslində bu siyasi qurum fəaliyyət göstərmir”.
Bu barədə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Sabiq nazir qeyd edib ki, Minsk qrupu konsensus əsasında fəaliyyət göstərməlidir. Ancaq həmsədr dövlətlər bu format çərçivəsində fəaliyyətlərini dayandırıblar.
Onun sözlərinə görə, Azərbaycan ATƏT-in üzvü kimi Minsk qrupunun fəaliyyətinə son qoyub, maliyyələşməsini və digər faktorları birtərəfli dayandırıb:
"Söhbət siyasi bəyanatdan gedir. Bu siyasi bəyanatı Ermənistan Vyanadakı səfiri vasitəsi ilə istənilən vaxt verə bilər. Mən başqa məsələyə diqqət çəkmək istəyirəm. Bizdə elə hesab edirlər ki, hansısa sənədə qol çəkilməklə dərhal sülh bərqərar olacaq. Təbii ki, elə deyil. Söhbət sadəcə çərçivə sənədindən gedir. Məsələn, bəndlərin birində deyilir ki, "ölkələr qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanımalıdır". Amma hələ sərhədlər müəyyən olunmayıb və bu proses uzun müddət davam edəcək”.
Müsahibimiz deyib ki, delimitasiya və demarkasiya prosesi yekunlaşandan sonra ölkələr bir-birinin ərazi bütövlüyünü tanıya bilərlər:
“Başa düşməliyik ki, çərçivə sənədi ümumi prinsipləri təsbit edir. Əlavə problemlər çoxdur. Sərhədlər, kommunikasiyalar, təzminat, siyasi məsuliyyət, normativ qərarların ləğvi kimi problemlər mövcuddur".
Tofiq Zülfüqarov: Bizə vacib olan Paşinyanın, yaxud Ermənistan cəmiyyətinin transformasiyasıdır
Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan prosesə ümumi baxır:
"Bizə vacib olan baş nazir Nikol Paşinyanın, yaxud Ermənistan cəmiyyətinin transformasiyasıdır. Cənab Prezident xüsusilə qeyd etdi ki, vaxtilə Paşinyan Şuşada bəyan etmişdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Artıq belə bəyanatlar səsləndirilmir. Yəni demək istəyirəm ki, əsas problem erməni cəmiyyətində konfrantasiya əhval-ruhiyyəsinin, işğalçılıq ideologiyasının aradan qalxmasıdır. Ondan sonra sülh bərqərar oluna bilər. Buna nail olmaq üçün müxtəlif sənədlər müzakirə oluna və qəbul edilə bilər. Bir neçə sənədin qəbul edilməsi problemin ümumi həlli anlamına gəlmir. Sadəcə olaraq prosesin hansısa mərhələsidir”.
T.Zülfüqarov qeyd edib ki, Minsk qrupu 28 il ərzində heç bir prinsipi razılaşdıra bilməmişdi. Amma 4 il ərzində tərəflər arasında sülh prinsiplərini formalaşdıra bildik:
“Prinsiplərin reallaşması ilə bağlı müzakirələr və danışıqlar davam etdiriləcək. Proses uzundur və sadə deyil. Bizə davamlı, etibarlı sülh lazımdır. Yenə deyirəm, məqsəd hansısa sənədə qol çəkmək yox, Ermənistan cəmiyyətini sülhə hazırlamaqdır".
Aydın Baxış