İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” Proqramı çərçivəsində əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu məqsədlə Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Laçın şəhərində növbəti səyyar tibbi müayinə aksiyası keçirilib.
Aksiyada Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun ixtisaslaşmış həkim briqadası iştirak edib. Nevroloq, revmatoloq-artroloq, travmatoloq, uroloq, oftalmoloq, terapevt, fizioterapevt-reabilitoloq və tibb bacılarından ibarət heyət tərəfindən sakinlərə kompleks tibbi xidmətlər göstərilib.
Müayinələr zamanı vətəndaşlar nevroloji, artroloji, travmatoloji, uroloji, terapevtik və fizioterapevtik-reabilitasiya istiqamətləri üzrə tibbi baxışlardan keçiblər. Bununla yanaşı, nevroloqlar tərəfindən elektromioqrafiya (EMQ), oftalmoloqlar tərəfindən isə refraktometr vasitəsilə göz müayinələri aparılıb.
Aksiya çərçivəsində müxtəlif sağlamlıq problemləri aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib, zəruri hallarda müalicə kursları və əlavə müayinələr təyin olunub.
Səyyar müayinə zamanı xüsusilə orta yaşlı əhali arasında onurğa, sinir sistemi, dayaq-hərəkət aparatı və serebrovaskulyar xəstəliklərin erkən aşkarlanmasına yönəlmiş müayinələr həyata keçirilib. Eyni zamanda, 14 yaşadək uşaqlarda, eləcə də 16–65 yaş aralığında olan şəxslərdə skolioz və digər vertebrogen problemlərin diaqnostikası və bərpası istiqamətində qiymətləndirmələr aparılıb, uşaqlar üçün fizioterapevtik baxışlar təşkil olunub.
Məlumata görə, aksiya çərçivəsində 100-ə yaxın vətəndaş tibbi müayinədən keçib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş digər ərazilərdə də əhali üçün maarifləndirici tədbirlərin, profilaktik aksiyaların və səyyar tibbi müayinələrin keçirilməsi davam etdiriləcək.
Bakı 








