"Son illərədək Ermənistanın təhlükəsizliyini və Azərbaycan torpaqlarının işğal altında qalmasını təmin edən tərəf Rusiya idi. İndi isə Ermənistan və Rusiya arasında münasibətlər korlanıb. Rusiya istəmir ki, ermənilərin siyasi ambisiyalarına dəstək versin, bu yolda pullar xərcləsin, öz siyasi imkanlarını İrəvan sərf etsin".
Bunu Bakıvaxtı.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Sabiq XİN rəhbəri qeyd edib ki, ermənilər indi axtarışdadır:
"Qərb ölkələri Cənubi Qafqazda iki dövlətin ərazisindən rus qoşunlarının çıxmasında maraqlıdır. Hazırda həm Gürcüstan ərazisində, həm də Ermənistanda rus qoşunları qalmaqdadır. Azərbaycan öz ərazisini tam şəkildə öz imkanları ilə qoruyur, təhlükəsizliyini təmin edir. Ermənistan Qərbin bölgəyə gəlməsində və bu yolla Rusiyanın sıxışdırılıb çıxarılmasında maraqlı olduğu üçün Avropa İttifaqının "xüsusi missiyası"nı öz ərazisinə yerləşdirib. Ermənistan Rusiyanın çətin vəziyyətdə olduğunu və ondan istədiyini ala bilmədiyini görür. Ona görə də çalışır ki, bu vəziyyətdən istifadə edərək Qərbdən də nələrsə qopartsın. Ötən müddət ərzində yalvar-yaxarla Qərbdən 200 milyon dollar yardım alıblar".
Həmsöhbətimizin fikrincə, Qərb fərqindədir ki, İrəvanın həqiqi məqsədi Rusiyanı tamamilə uzaqlaşdırmaq deyil:
"Ermənilər sadəcə Zvartnos hava limanından 20-30 nəfər rus əsgərinin oradan çıxarılıb ölkənin başqa bölgəsinə aparılması ilə işlərini bitmiş hesab edirdilər. İrəvan hökuməti gah KTMT, MDB sammitlərinə qatılır, gah da görüşlərdən imtina edir”.
Tofiq Zülfüqarov: Ermənistan Rusiyanın çətin vəziyyətdə olduğunu və ondan istədiyini ala bilmədiyini görür
Ermənistanda iki rus hərbi bazasının olduğunu deyən müsahibimiz qeyd edib ki, bu ölkəyə gələn hər xarici vətəndaş təyyarənin pəncərəsindən rus hərbi təyyarələrini görür:
“Ermənistanın hava hücumundan müdafiə sistemləri də kənardan - Rusiyadan idarə olunur. Sərhədlərini də rus əsgərləri qoruyur. Elə bir sahə yoxdur ki, Rusiya orada olmasın. Buna baxmayaraq, Ermənistanın guya Rusiyadan "uzaqlaşması" təbliğ olunur. Ermənistanla Rusiya arasında iqtisadi mal mübadiləsi bir il ərzində 4-5 dəfə artıb. Yəni bunların hamısı oyundur. Paşinyan Kremlə sadiqdir və onun siyasəti dəyişməyib. Sadəcə olaraq müxtəlif tribunalarda fərqli bəyanatlar verir".
Aydın Baxış