• Bakı 25° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

“Qızılgül” qadın salonunda qanunsuz fəaliyyət iddiaları: Müştərilər və əməkdaşlar narazıdır

CƏMİYYƏT

23 Iyun 2026 | 14:28

“Qızılgül” qadın salonunda qanunsuz fəaliyyət iddiaları: Müştərilər və əməkdaşlar narazıdır

Paytaxtın Yasamal rayonunda fəaliyyət göstərən “Qızılgül” qadın salonu ilə bağlı ciddi şikayətlər səsləndirilir.

Bakıvaxtı.az-ın xəbərinə görə, müştərilər və salonun keçmiş əməkdaşları tərəfindən irəli sürülən iddialara əsasən, müəssisədə həm qanunvericiliyin tələblərinə zidd fəaliyyət göstərilir, həm də xidmətlərin keyfiyyəti ilə bağlı ciddi problemlər mövcuddur.

Şikayətçilərin sözlərinə görə, salonda lazer epilyasiya xidmətləri göstərilir. Halbuki qüvvədə olan qaydalara əsasən, lazer cihazlarının tətbiqi müəyyən tibbi tələblərə və lisenziyalaşdırma şərtlərinə uyğun şəkildə həyata keçirilməlidir. Məlumatlara görə, belə avadanlıqların istifadəsinə yalnız müvafiq icazə və tibbi nəzarət imkanları olan estetik tibb müəssisələrində yol verilir.

İddialarda qeyd olunur ki, “Qızılgül” qadın salonunda isə bu xidmətlərin göstərilməsi üçün tələb olunan hüquqi və texniki şərtlər tam təmin edilməyib. Bu səbəbdən müştərilərin sağlamlığı üçün potensial risklərin yarandığı bildirilir.

Salonun xidmətlərindən istifadə etmiş bəzi vətəndaşlar isə görülən işlərin keyfiyyətindən narazılıqlarını bildiriblər. Onların iddialarına görə, lazer prosedurlarından sonra gözlənilən nəticə əldə olunmayıb, bəzi hallarda isə dəri ilə bağlı problemlər meydana çıxıb. Müştərilər xidmət haqqının yüksək olmasına baxmayaraq, göstərilən xidmətin peşəkar səviyyədə olmadığını iddia edirlər.

Narazılıqlar yalnız müştərilərlə məhdudlaşmır. Keçmiş əməkdaşların iddialarına görə, salon rəhbərliyi işçi heyətinə qarşı kobud münasibət göstərir, əmək mühitində psixoloji təzyiq halları yaşanır. İşçilər bildirirlər ki, rəhbərlik tərəfindən təhqiredici ifadələrdən istifadə olunur, əməkdaşların təklif və iradlarına məhəl qoyulmur.

Mənbələrin sözlərinə görə, bəzi əməkdaşlar məhz bu səbəbdən iş yerlərini tərk etmək məcburiyyətində qalıblar. Onlar müəssisədə sağlam iş mühitinin formalaşdırılmadığını, işçilərin hüquqlarına və peşəkar fəaliyyətinə hörmətlə yanaşılmadığını bildirirlər.

Qeyd olunan iddialar ciddi araşdırma tələb edən məsələlərdir. Mütəxəssislər hesab edirlər ki, əhalinin sağlamlığı ilə əlaqəli xidmətlər göstərən müəssisələrin fəaliyyəti müvafiq dövlət qurumları tərəfindən mütəmadi yoxlanılmalı, qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət gücləndirilməlidir.

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab verən “Qızılgül” qadın salonunun rəhbəri Qızılgül Hüseynova səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

O, salonun fəaliyyəti ətrafında yaradılmağa çalışılan mənfi rəyin qərəzli xarakter daşıdığını vurğulayaraq, son vaxtlar müəyyən şəxslərin ona və rəhbərlik etdiyi müəssisəyə qarşı məqsədli kampaniya apardığını iddia edib.

“Bu ittihamların heç bir əsası yoxdur. Uzun illərdir xidmət sektorunda fəaliyyət göstəririk və minlərlə müştəriyə xidmət göstərmişik. Müştərilərimizin böyük əksəriyyəti göstərilən xidmətlərdən razıdır. Təəssüf ki, bəzi şəxslər şəxsi münasibətlər və ya maraqlar səbəbindən salonumuz haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymağa çalışırlar”, = deyə Q.Hüseynova bildirib.

Salon rəhbərinin sözlərinə görə, onunla prinsip aparan və müxtəlif səbəblərdən narazı qalan şəxslər vaxtaşırı olaraq müəssisənin nüfuzuna xələl gətirməyə yönəlmiş məlumatlar yayırlar.

“Bu, ilk dəfə deyil. Müəyyən dairələr tərəfindən dəfələrlə belə cəhdlər olub. Biz fəaliyyətimizi qanunvericiliyin tələblərinə uyğun qurmağa çalışırıq və bütün iradlara açığıq. Əgər hər hansı konkret problem və ya nöqsan varsa, bunun aidiyyəti qurumlar tərəfindən araşdırılmasının tərəfdarıyıq. Lakin əsassız ittihamların və şayiələrin yayılması heç kimə fayda vermir”, - deyə o əlavə edib.

Rəşid Muxtaroğlu


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyun 2026