• Bakı 26° C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Şərq dünyasına doğan günəş - 28 May

SİYASƏT

27 May 2025 | 11:40

Şərq dünyasına doğan günəş - 28 May

XX əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, imperiya daxilində birləşdirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci il mayın 28-də Azərbaycana öz istiqlaliyyətini elan etmək şansı yaratdı.

1918-ci il mayın 27-də müsəlman fraksiyası Tiflisdə ayrıca iclas keçirərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldi. Eyni zamanda müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası adlandırdı. Beləliklə, 1918-ci il mayın 28-də Tiflisdə Milli Şuranın 26 üzvünün iştirakı ilə keçirilən iclasda Azərbaycanın dövlət müstəqilliyinə dair tarixi sənəd- İstiqlal Bəyannaməsi qəbul olundu.

Azərbaycan Parlamenti birinci mərhələdə- 1918-ci il mayın 27-dən noyabrın 19-dək Milli Şura adı altında fəaliyyət göstərdi. 44 nəfər müsəlman-türk nümayəndədən ibarət Milli Şura qısa zamanda 10 iclasını keçirdi. Bir sıra mühüm tarixi qərarlar qəbul etdi, ölkənin idarə olunması məsuliyyətini üzərinə götürdü.

Azərbaycan Milli Şurası iyunun 17-də fəaliyyətini müvəqqəti dayandırmaqla 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağırmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti müvəqqəti hökumətə verdi.

1918-ci il iyunun 17-də hakimiyyətə gələn Fətəli Xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ağır beynəlxalq və daxili şəraitdə, faktiki olaraq soyqırım taleyi yaşayan Azərbaycan xalqını tarixin qanlı burulğanından çıxarmaq məsuliyyətini üzərinə götürdü. Təcili olaraq müstəqil Azərbaycanda dövlət quruculuğuna başlandı, hökumət yaranmış vəziyyətdən çıxmaq üçün ilk günlərdən sərt tədbirlərə əl atdı.

 İyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan olundu, iyunun 26-da isə müsəlman hərbi korpusu ayrıca Azərbaycan korpusuna çevrildi. Diviziya komandiri səlahiyyətlərinə malik Azərbaycan Korpusunun komandiri hökumətin xüsusi tapşırığını yerinə yetirməyə başladı və beləliklə, Azərbaycan Silahlı Qüvvələrinin əsası qoyuldu.

Əsrlərin mücadiləsi və mübarizəsi kimi XX əsrin əvvəllərində- 1918-ci ilin 28 mayında müstəqilliyini elan etmiş Azərbaycan xalqı müəyyən obyektiv və subyektiv səbəblərdən bu nemətin şirinliyini uzun müddət dada bilmədi. Milli hökumət 1920-ci ilin aprelində bolşevik qaragüruhu tərəfindən devrildi, ölkə faktiki olaraq işğala məruz qaldı.

Xalqın şüurunda dərin iz salmış milli müstəqillik və dövlətçilik amalı növbəti dəfə amansızlıqla boğuldu, respublikamız uzun illər sovet imperiyasının ideoloji buxovları altında fəaliyyət göstərməyə məcbur oldu...

23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin əsas nailiyyətləri hansılardır?  İlk böyük nailiyyət müstəqillik və suverenlik ideyasının millətin təfəkkürünə yeridilməsi oldu. Növbəti uğur hüquqi qanunvericilik bazasının əsaslarının qoyulması sayılmalıdır. Şərqdə ilk universitetin açılması da böyük uğurlardan idi. Qadınlara səsvermə hüququnun verilməsi isə ümumiyyətlə müsəlman dünyasında bir ilk hesab oluna bilər.

Çəkinmədən deyə bilərik ki, hətta bəzi Avropa ölkələrində qadınlara bu hüquq tanınmamışdı. Nəhayət milli ordunun yaradılması və dövlət rəmzlərinin- üçrəngli bayrağın, gerbin və himnin yaradılması Xalq Cümhuriyyətimizin əldə etdiyi vacib nailiyyətlərdən idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 28 May rəsmi dövlət bayramı- Respublika Günü elan edildi. Həmin gün hər il ölkə daxilində və xaricdə təntənəli surətdə qeyd olunur. Dövlət tədbirləri, rəsmi çıxışlar, mədəni-kütləvi proqramlar, paradlar və xalq yürüşləri təşkil edilir. Bir sözlə 28 May sadəcə bir tarix deyil- bu, azadlıq, milli iradə və dövlətçilik ruhunun simvoludur.

Bu da etiraf olunmalıdır ki, 70 il totalitar rejimin ideoloji-siyasi buxovları altında yaşamalı olan Azərbaycan xalqının qəlbində bir müstəqil dövlətçilik ideyası kök salmışdı. Ötən əsrin ortalarında Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən Ulu Öndər Heydər Əliyev ilk gündən həyata keçirdiyi tədbirlərlə xalqın gələcək müstəqilliyinə iqtisadi, siyasi və hüquqi zəmin hazırlamağa çalışmış, bu məqsədlə genişmiqyaslı tədbirlər həyata keçirmişdir.

Ümummilli Lider Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənələri və düşüncə sistemi barədə olan dolğun təsəvvürlər formalaşdıra bilmişdir.

Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hislərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Məhz 70-80-ci illərdə ölkədə yaradılmış möhkəm təməl əsrin sonlarına doğru Azərbaycanda milli-azadlıq hərəkatının başlanmasına və respublikamızın müstəqillik qazanmasına imkan vermişdir.

1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu əslində formal xarakter daşımış, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başlamışdır.

Bu mərhələdən etibarən respublikada müstəqil dövlət təsisatları formalaşmış, ilk milli Konstitusiya qəbul olunmuş, Milli Məclisə ilk seçkilər keçirilmiş və hüququn inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.

Ulu Öndərin siyasi kursunu 22 ildir uğurla davam etdirən dövlət başçısı İlham Əliyev də Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsini və inkişafını, demokratik, hüquqi dövlət quruculuğunu təmin etməyi bacarmışdır. “Vətəndaş cəmiyyəti quruculuğu, demokratik proseslərin möhkəmləndirilməsi, hüquqi dövlətin formalaşdırılması heç də şüar və arzu deyil, Azərbaycanın hərtərəfli inkişafının başlıca şərtidir. Bizim təcrübəmiz göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur” deyən Azərbaycan Prezidenti hesab edir ki, demokratik dövlətin bir təsisat kimi başlıca vəzifəsi bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasıdır.

Özbəkistanın Qarşi Dövlət Universitetinin

Fəxri Professoru, məhkəmə-tibb eksperti

Qismət Quliyev      

 

         


SON XƏBƏRLƏR

28 May 2025