• Bakı C

    13.47 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Sosial şəbəkələrə yaş məhdudiyyəti: Tətbiq olunarsa nə dəyişəcək?

CƏMİYYƏT

19 Fevral 2026 | 16:09

Sosial şəbəkələrə yaş məhdudiyyəti: Tətbiq olunarsa nə dəyişəcək?

Sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı müzakirələr yenidən qızışıb.

Bir çox ölkələrdə artıq real qanunvericilik təşəbbüslərinə çevrilən bu addımın Azərbaycanda da gündəmə gəlməsi cəmiyyət arasında ciddi suallar doğurur.

Yeni qanun layihəsinin hansı dəyişikliklərə yol açacağı, uşaqların internet mühitindən qorunması ilə platformaların məsuliyyətinin necə tənzimlənəcəyi diqqət mərkəzindədir.

Ekspertlər bildirirlər ki, sosial mediaya yaş senzinin gətirilməsi həm psixoloji təhlükəsizlik, həm də informasiya mühitinin sağlamlaşdırılması baxımından mühüm nəticələr vəd edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan hüquqşünas Ayxan Məmmədli deyib ki, sosial şəbəkələrə yaş məhdudiyyəti tətbiq olunması ilə bağlı gündəmdə olan yeni qanun layihəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub: 

"Layihənin əsas məqsədi uşaqları zərərli rəqəmsal məzmundan qorumaq və onların informasiya təhlükəsizliyini gücləndirməkdir. Qanun qəbul ediləcəyi təqdirdə sosial platformalar istifadəçilərin yaşını təsdiqləmək üçün xüsusi verifikasiya mexanizmləri yaratmağa məcbur olacaqlar. Bu proses istifadəçilərin şəxsiyyət məlumatlarının toplanmasını tələb etdiyi üçün əlavə hüquqi öhdəliklər yarada bilər. Eyni zamanda, məxfilik və şəxsi məlumatların qorunması məsələsi daha həssas xarakter alacaq".

Onun sözlərinə görə, layihədə 13 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin məhdudlaşdırılması nəzərdə tutulur:

"13–16 yaş arası istifadəçilər üçün isə valideyn nəzarətinin hüquqi çərçivəyə salınması təklif olunur. Bu yanaşma Avropada tətbiq edilən oxşar modellərə paralel qurulur. Lakin hüquqşünaslar bildirirlər ki, yaş təsdiqləmə texniki baxımdan hələ də kifayət qədər çətin məsələdir. İstifadəçilərin VPN və ya saxta məlumatlardan istifadə edərək məhdudiyyətləri aşması real risk olaraq qalır. Bu isə qanunun icra mexanizmlərinin nə dərəcədə effektiv olacağına dair suallar yaradır".

Ayxan Məmmədli: Platformaların bu məlumatları necə saxlayacağı və hansı məqsədlə istifadə edəcəyi qanunda dəqiq əks olunmalıdır

Həmsöhbətimiz bildirib ki, digər tərəfdən, platformalar uşaqlar üçün daha gücləndirilmiş təhlükəsizlik alətləri hazırlamaq məcburiyyətində qalacaqlar: 

"Məzmun filtrasiyası, valideyn nəzarət paneli və yaşa uyğun tövsiyə sistemləri kimi alətlər icbari hala gələ bilər. Hüquqi baxımdan bu dəyişikliklər uşaqların mühafizəsini gücləndirsə də, yeniyetmələrin ifadə və məlumat əldə etmək azadlığında müəyyən məhdudiyyətlər yarada bilər. Buna görə də layihə hazırlanarkən hüquqi balansın qorunması vacibdir. Uşaqların sosial inkişaf imkanları da nəzərdən qaçırılmamalıdır".

O qeyd edib ki, şəxsi məlumatların toplanması məsələsi isə ayrıca ciddi tənzimləmə tələb edir:

"Platformaların bu məlumatları necə saxlayacağı və hansı məqsədlə istifadə edəcəyi qanunda dəqiq əks olunmalıdır. Əks halda məxfilik pozuntuları qaçılmaz ola bilər. Bununla yanaşı, yaş nəzarətinin tətbiqi sosial şəbəkə şirkətlərinin ölkə daxilində nümayəndəlik açmasını da gündəmə gətirə bilər. Çünki verifikasiya mexanizmlərinin effektiv işləməsi üçün yerli hüquqi müstəvidə əlaqə zəruridir".

Hüquqşünas hesab edir ki, qanun layihəsi bütün texniki və hüquqi detallar dəqiqləşdirilmədən qəbul edilməməlidir: 

"Qanunun məqsədi uşaqları qorumaq olsa da, rəqəmsal mühitdən kənarlaşdırma effekti də nəzərə alınmalıdır. Dövlət həm təhlükəsiz mühit yaratmalı, həm də vətəndaş hüquqlarının balansını qorumağa çalışmalıdır. Əgər bu balans təmin edilərsə, sosial şəbəkələrdə yaş məhdudiyyəti rəqəmsal təhlükəsizlik baxımından müsbət nəticələr verə bilər".

Rəşid Muxtar


SON XƏBƏRLƏR