• Bakı C

    13.71 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Uşaqlarda nitq ləngiməsinin səbəbləri: Bioloji faktorlar, valideyn davranışı...

CƏMİYYƏT

19 Fevral 2026 | 15:28

Uşaqlarda nitq ləngiməsinin səbəbləri: Bioloji faktorlar, valideyn davranışı...

Uşağın ilk sözləri sadəcə ünsiyyət vasitəsi deyil, həm də onun sosial və intellektual inkişafının göstəricisidir.

Nitq inkişafında yaranan ləngimələr isə təkcə danışıq qabiliyyətinə deyil, uşağın sosiallaşmasına, təhsil prosesində uğuruna və özünəinamına da birbaşa təsir göstərir. 

Bəs nitq problemlərinin kökündə daha çox bioloji amillər dayanır, yoxsa yanlış valideyn yanaşması və rəqəmsal mühitdən həddindən artıq asılılıq?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən loqoped Nərmin Vəliqızı vurğulayıb ki, nitq ləngiməsi uşağın sosiallaşmasına, təhsil prosesinə və özünə inamına ciddi təsir göstərir. Nitq ləngiməsi olan uşaqların sosial mühitə uyğunlaşması çətinləşir:

“Məsələn, belə bir vəziyyəti müşahidə edə bilərik: nitq problemi olmayan uşaqların yanına nitq ləngiməsi olan bir uşaq qoşulduqda, əvvəlcə digər uşaqlar onunla oynamağa çalışırlar. Lakin bir müddət sonra görürlər ki, o, ünsiyyətə girmir, danışmır. Nəticədə maraq azalır və həmin uşaq sosial mühitdən kənarda qala bilər”.

Loqopedin sözlərinə görə, bu problem təhsil prosesinə də mənfi təsir edir. Nitq ləngiməsi zəncirvari problemlərə yol aça bilir. Kəkələmə və ya disleksiya kimi çətinlikləri olan uşaqlar oxuma və yazmada ciddi çətinliklərlə üzləşirlər:

“Bəzən müəllimlər və valideynlər bu vəziyyəti düzgün qiymətləndirmir, uşaqdan “niyə yaxşı oxuyub-yazmırsan?” deyə tələb edirlər. Halbuki problem uşağın istəksizliyində deyil, nitq və ya öyrənmə çətinliyindədir”.

Nərmin Vəliqızı: Problem uşağın istəksizliyində deyil, nitq və ya öyrənmə çətinliyindədir

Müsahibimiz bildirir ki, bu cür hallar uşağın özünə inamını zəiflədir. Xüsusilə kəkələmə problemi olan uşaqlar dərs zamanı danışmaqdan, sinif qarşısında çıxış etməkdən çəkinirlər. Onlar sinif yoldaşlarının baxışlarından utanır, özlərinə qapanır və sosiallaşmaları daha da zəifləyir:

“Nitq ləngiməsinin səbəblərinə gəldikdə isə, həm bioloji, həm də yanlış tərbiyə amilləri rol oynaya bilər. Bioloji səbəblərə ananın hamiləlik dövründə keçirdiyi problemlər, doğuş zamanı yaranan çətinliklər, beyində oksigen çatışmazlığı və ya beyin zədələnməsi daxildir”.

O qeyd edib ki, digər tərəfdən, yanlış valideyn yanaşması da mühüm amildir. Bəzi valideynlər uşaq ağlamasın deyə tez-tez telefonu və ya planşeti uşağa verir. Elektron cihazlara həddindən artıq meylli olan uşaqlar ünsiyyət qurmağa maraq göstərməyə bilirlər, çünki diqqətləri əsasən ekrana yönəlir:

“Bundan əlavə, valideynlərin uşaqla kifayət qədər dialoq qurmaması da problem yaradır. Məsələn, uşaq su və ya yemək istədikdə sadəcə barmağı ilə göstərir və valideyn də söz demədən istəyini yerinə yetirir. Bu isə uşağın sözlə ifadə etmə ehtiyacını azaltmış olur”.

N.Vəliqızı əlavə edib ki, bu səbəbdən, bir yaşdan sonra uşaqla aktiv ünsiyyət qurmaq, onun söz ehtiyatını artırmaq və elektron cihazlardan uzaq saxlamaq vacibdir:

“Əgər uşaq iki yaşına çatdığı halda heç bir söz demirsə, dialoq qurmursa və jestlərə həddindən artıq meyillidirsə, bu, nitq ləngiməsinin göstəricisi ola bilər. Belə hallarda mütləq mütəxəssisə müraciət etmək lazımdır”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR