Bəzi insanlar xüsusilə ovuc içlərində, ayaqlarda və baş nahiyəsində həddindən artıq tərləmədən şikayətlənirlər. Halbuki tərləmə orqanizmin istilik tarazlığını qorumaq üçün tamamilə normal bir fizioloji prosesdir.
Xüsusilə yay aylarında havanın temperaturunun yüksəlməsi ilə bağlı olaraq bədəndə tərləmənin artması adi hal sayılır və sağlam bir bədənin göstəricisidir. Lakin soyuq havalarda, yəni yay mövsümündə olmadan da davam edən güclü tərləmə artıq orqanizmdə bir problemin əlaməti ola bilər.
Bəs bu tərləmə nədən qaynaqlanır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-dermatoloq Xəyalə Hüseynova bildirib ki, bu vəziyyət müxtəlif səbəblərlə əlaqəli ola bilər:
Onun sözlərinə görə, tərləmənin irsi xarakter daşıması mümkündür:
"Əgər ailə üzvlərindən biri və ya bir neçəsi hiperhidrozdan əziyyət çəkirsə, bu halın genetik olaraq növbəti nəsillərə keçməsi ehtimalı yüksəkdir. Belə insanlar istirahət halında olsalar belə, tərləmə müşahidə oluna bilər".
Dermatoloq vurğulayıb ki, vitamin çatışmazlığı da tərləməyə səbəb olan amillərdəndir:
"Xüsusilə B qrupu vitaminlərinin çatışmazlığı sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərə bilər. Bu da bədənin tərləmə mexanizmini poza bilər. Məsələn, B1 (tiamin) və B12 vitaminlərinin defisiti bəzən səbəbsiz tərləmələrə yol aça bilər".
Xəyalə Hüseynova: Həddindən artıq və səbəbsiz tərləmə müşahidə olunursa, dərhal həkimə müraciət etmək lazımdır
"Xüsusilə hipertiroidizm (qalxanabənzər vəzin hiperaktivliyi) zamanı maddələr mübadiləsi sürətlənir, nəbz artır və bədən istiliyi yüksəlir. Bu da tərləmənin artmasına səbəb olur. Belə xəstələrdə əsəbilik, arıqlama və yuxusuzluq da müşahidə oluna bilər",- deyə müsahibimiz qeyd edib.
X.Hüseynovanın dediyinə görə, əsəbi vəziyyətlərdə və ya sosial təzyiqlər altında bədəndə adrenalin ifrazı artır. Bu hormon həm ürək döyüntüsünü, həm də tərləmə səviyyəsini yüksəldir. Xüsusilə ovuc içləri, ayaqlar və baş nahiyəsində tərləmə güclü olur.
Həkim tövsiyə edir ki, əgər həddindən artıq və səbəbsiz tərləmə müşahidə olunursa, dərhal həkimə müraciət etmək lazımdır. Qidalarımıza diqqət etməli, əsəb və stresdən maksimum dərəcədə uzaq qalmaq lazımdır.
Nuriyyə Musayeva