"Paşinyan hər nə qədər müharibədə məğlub olsa da, seçkiyə gedənə qədər verdiyi mesajlarla, seçdiyi şüarla Ermənistan cəmiyyətini yeni və ən əsası real şüarla yola davam etməyə səsləyir".
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh sazişi ilə bağlı son çıxışlarını şərh edən deputat Azər Badamov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Paşinyanın bütün fokusu, ilk növbədə, öz siyasi kürsüsünü qoruyub saxlamaqdır. Növbəti mərhələdə istənilən addımın atılması üçün bu, keçilməli əsas mərhələdir:
"Söhbət 2026-cı ilin parlament seçkilərindən gedir. Seçkiyə diqqəti yönəldən tərəf isə yalnız Paşinyan deyil. Onun müxalifləri qədər Rusiya və Qərb üçün də seçki əhəmiyyət kəsb edir. Paşinyan həm də onun fərqindədir ki, seçki öncəsi sərt bəyanatlar vermək ona fayda gətirməyəcək. Bu baxımdan dilinin altına şəkər qoyaraq ritorikasının üslubunu yumşaq tutur”.
Müsahibimizə görə, məsələ həm də ondan ibarətdir ki, Paşinyan bu açıqlamaları mayın 16-da Tiranada keçirilən Avropa Siyasi Birliyinin toplantısından sonra səsləndirir:
“Deməli, müzakirələr zamanı Azərbaycan prezidentinin qətiyyətinin bir daha şahidi olunub. Çünki dövlət başçımız ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə rəsmi müraciət və Konstitusiya dəyişikliyi olmaqla, iki əsas məsələni ön şərt olaraq qoyub. Paşinyan çətin seçim qarşısındadır. Minsk Qrupuna birgə müraciətin cəmiyyətdə necə effekt verəcəyini, bunun seçkilərə necə təsir edəcəyini hesablayır. Bu, təkcə cəmiyyət və rəqiblər olmaqla, daxili auditoriya ilə bağlı məsələ deyil. Burada Minsk qrupunun üzvləri arasında olan barışmaz mövqe də öz sözünü deyir".
Azər Badamov: Ermənistan vaxt itirmədən əsas qanunlar toplusunu dəyişməlidir
Deputat vurğulayıb ki, Konstitusiya məsələsi isə Ermənistanın daxili işidir. Bu işdə təşəbbüskarlıq lazımdır. Paşinyan seçkiyə gedənə qədər verdiyi mesajlarla, seçdiyi şüarla Ermənistan cəmiyyətini yeni və ən əsası real şüarla yola davam etməyə səsləyir. O, tarixdə iz buraxmaq istəyir. Ölkənin əsas qanununa dəyişiklik edilməsində şəxsən təşəbbüskarlığı ələ almaq istəyi də bu deməkdir.
"Paşinyan həm də seçki öncəsi təbliğat apararaq daxili və xarici nüfuzunu artırmağa çalışır. COP29-da Azərbaycan Ermənistana rəsmi dəvət göndərmişdi. "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısının sıralama ilə 2026-cı ildə Ermənistanda keçiriləcəyini nəzərə alsaq, dəvət bu dəfə Ermənistan tərəfindən gələ bilər. Lakin dəvətin özü üçün belə Azərbaycan tərəfində əldə tutulan konkret səbəb olmalıdır. Yəni, Konstitusiya dəyişdirilməlidir. Azərbaycanda isə Zirvə toplantısı 2028-ci ilin birinci yarısında keçiriləcək. Buna qədər Ermənistan qəti addımlar atmalıdır. Hər iki ölkənin bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləməsi də Ermənistanın sərtlikdən uzaqlaşdığını göstərir. Hətta bununla bağlı Paşinyanın dəstək fikirlərinin də şahidi olduq. İndiki məqamda və ən azından bu, məhz ona lazımdır", - deyə müsahibimiz qeyd edib.
Bu il Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanıb-imzalanmayacağına da toxunan A.Badamovun fikrincə, bu sualının cavabı dövlət başçımızın "Top Ermənistan tərəfindədir" fikrindədir. Sülhə mane olan məsələ Konstitusiyadır. Ona görə də Ermənistan vaxt itirmədən əsas qanunlar toplusunu dəyişməlidir:
"Bütövlükdə isə iki xalq, dövlət arasında həllini gözləyən məsələlər çoxdur, asan deyil və zaman tələb edən məsələlərdir. Çünki burada sərt gücdən əlavə, yumşaq güc amilində və insanların təfəkküründə də yumşalmalar olmalıdır. Ərazi işğalı, soyqırımı kimi məsələlərə əlavə olaraq, dağıdılması lazım olan qəliblər və miflər var".
Gülşən Şərif