• Bakı 24° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Toy sahiblərindən QƏRİBƏ TƏLƏB: Uşaqsız gəlin...

CƏMİYYƏT

29 May 2025 | 09:56

Toy sahiblərindən QƏRİBƏ TƏLƏB: Uşaqsız gəlin...

Son illərdə evliliyə hazırlaşan bir çox gəncin dilindən tez-tez belə fikirlər eşidirik: “Əziz qohumlar, xahiş edirik, toya uşaq gətirməyin. İstəyirik ki, toyda daha çox gənclər iştirak etsin, atmosfer canlı və dinamik olsun”.

Bəzi cütlüklər isə bu istəklərini toy dəvətnaməsində və ya sosial şəbəkələrdə nəzakətli formada paylaşaraq qonaqlardan anlayışlı olmağı xahiş edirlər. “Toy bizim üçün yaddaqalan bir gün olmalıdır, istərdik ki, bu günü həm biz, həm də qonaqlar rahat və şən şəkildə qeyd etsin”.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Məhbubə Mehdiyeva bildirib ki, son illərdə toy adət-ənənələrində baş verən dəyişikliklər təkcə dəb və zamanla əlaqədar deyil, həm də cəmiyyətin sosial-psixoloji transformasiyasının göstəricisidir.

Onun sözlərinə görə, gənclərin yalnız öz dostları ilə toy keçirmək istəyi, köhnə nəslin, yəni ağsaqqal və ağbirçəklərin bu mərasimlərdən kənarda qalması isə fərqli düşüncə tərzinin, fərqli dəyərlər sisteminin formalaşdığını göstərir:

"Psixoloji baxımdan bu hal bir növ "fərdiləşmə"nin, şəxsi sərhədlərə hörmətin artmasının əlamətidir. Gənclər artıq toy mərasimlərini bir nümayiş və borc kimi deyil, şəxsi xoşbəxtlik anı kimi qəbul edirlər. Onlar həmin gün yalnız özlərini rahat hiss etdikləri insanlarla bir yerdə olmaq istəyirlər. Bu istək isə heç də ağsaqqallara və ya uşaqlara hörmətsizlik deyil, sadəcə fərqli bir baxış bucağıdır".

Sosioloq nəzərə çatdırıb ki, toy sadəcə iki gəncin birləşməsi deyil, iki ailənin, hətta bəzən iki nəslin birləşməsidir:

"Dini baxımdan da bu münasibətlərin bərəkətli və davamlı olması üçün dua və nəsihət verənlərin, yaşlı nəslin iştirakı müsbət enerji daşıyır. Quranda "ağsaqqalların məsləhəti" və "uşaqların sevinci" həyatın bir zənginliyi kimi vurğulanır. Toy mərasimi də bu zənginliyin təcəssümüdür".

Məhbubə Mehdiyeva: Bu istək ağsaqqallara və ya uşaqlara hörmətsizlik deyil, sadəcə...

"Əlbəttə ki, ailələr uşaqla gələndə müəyyən narahatlıqlar ola bilər, lakin bu cəmiyyətin bir parçasıdır. Uşaqların toylarda iştirakı həm onların sosiallaşması üçün bir fürsətdir, həm də yeni nəslin milli dəyərlərlə tanış olmasına şərait yaradır.

Gənclər öz istəklərinə uyğun modern toylar edə bilərlər, amma bu modernliyin içində köklərimizi unutmaq, dəyərlərimizi görməməzlikdən gəlmək bizə heç nə qazandırmaz. Hər iki nəsli birləşdirə biləcək balanslı yanaşma ən sağlam yoldur",- deyə Məhbubə Mehdiyeva vurğulayıb.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

30 May 2025