“Qanun layihəsində nəzərdə tutulan tələblərin icrası inzibati məsuliyyətlə təmin ediləcək”.
Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı qanun layihəsinin hüquqi aspektlərindən danışıb.
O bildirib ki, sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqi və platformalara dair yeni tələblərin müəyyən edilməsi hüquqi mexanizmlərlə dəstəklənir. Deputatın sözlərinə görə, qanun layihəsi mövcud qanunvericiliklə uzlaşdırılıb və inzibati məsuliyyət məsələləri də nəzərdə tutulub.
Əli Hüseynli qeyd edib ki, layihəyə əsasən, yaşla bağlı tələblərin pozulması halında İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə sanksiyaları tətbiq ediləcək. O vurğulayıb ki, bu yanaşma həm platformaların, həm də müvafiq qurumların məsuliyyətini artıracaq.
Deputat əlavə edib ki, qanun layihəsinin əsas məqsədi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək və hüquqi mexanizmlərlə bu sahədə effektiv nəzarət sistemini formalaşdırmaqdır.
Zeynəb Rzayeva
Bakı 



