Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi gündəlik həyatın bir çox sahəsində yeni imkanlar yaradır. Bununla yanaşı, istifadəçilərin şəxsi məlumatlarının qorunması və məlumat təhlükəsizliyi məsələləri də daha çox müzakirə olunan mövzular sırasındadır.
Mütəxəssislər bildirirlər ki, sosial şəbəkələr və süni intellekt platformaları istifadəçilərin şəkilləri, videoları, səs yazıları və maraq dairələri ilə bağlı müxtəlif məlumatlar toplaya bilir.
Bəzi hallarda isə süni intellekt sistemlərinin aktiv istifadə edilmədiyi zamanlarda belə məlumat topladığı iddia olunur. Mütəxəssislərin fikrincə, bu vəziyyət məlumatların məxfiliyi və təhlükəsizliyi baxımından müəyyən risklər yarada bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən İT üzrə mütəxəssis Əmrah Mövsümzadə bildirib ki, süni intellekt platformaları istifadəçilərə daha fərdiləşdirilmiş xidmətlər təqdim etmək məqsədilə müxtəlif növ məlumatlar toplaya bilir.
Onun sözlərinə görə, bu məlumatlara istifadəçi sorğuları və bəzi hallarda şəxsi məlumatlar da daxil ola bilər.
"Əsas risk ondan ibarətdir ki, istifadəçilər paylaşdıqları məlumatların necə emal edildiyini və harada saxlanıldığını hər zaman tam şəkildə bilmirlər", - deyə ekspert qeyd edib.
Əmrah Mövsümzadə vətəndaşların şəxsiyyət vəsiqəsi məlumatları, bank kartı məlumatları, məxfi iş sənədləri və digər həssas informasiyaları süni intellekt platformalarında paylaşmaqdan çəkinməli olduqlarını vurğulayıb.
Ekspertin sözlərinə görə, istifadəçilər istifadə etdikləri xidmətlərin məxfilik siyasəti ilə tanış olmalı, iki mərhələli autentifikasiya üsulundan yararlanmalı və yalnız etibarlı platformalara üstünlük verməlidirlər.
Müsahibimiz hesab edir ki, süni intellekt texnologiyaları böyük imkanlar yaratsa da, rəqəmsal təhlükəsizlik qaydalarına əməl etmək və şəxsi məlumatların qorunmasına diqqət yetirmək hər bir istifadəçinin əsas məsuliyyətlərindən biridir.
Lumu Zülfüqarova
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 



