• Bakı C

    8.27 m/s

  • USD - 1.7

    EUR - 1.8403

    RUB - 0.0183

Zərdüşt Əlizadə: Müxalifətçi rolunu oynayan siyasi artistlər prezidentin nəyinə lazımdır?! - MÜSAHİBƏ

MÜSAHİBƏ

04 Oktyabr 2023 | 09:30

Zərdüşt Əlizadə: Müxalifətçi rolunu oynayan siyasi artistlər prezidentin nəyinə lazımdır?! - MÜSAHİBƏ

Politoloq Zərdüşt Əlizadə Bakıvaxtı.az-a müsahibə verib. Onunla son günlər Qarabağda yaşanan hadisələr, Qarabağın azadlığına aparan yol və bundan sonra gerçəkləşməli olan siyasi, diplomatik, hərbi və iqtisadi gedişlər barədə maraqlı müzakirə apardıq.

Müsahibəni təqdim edirik:

Sadə həqiqətləri qanmalayanlar ağıl dərsi keçməyə başlayıblar

- İllərdir, Qarabağın azadlığına dair proqnozlar, şərhlər verilirdi, müxtəlif çıxış yolları göstərilirdi, bu da nəticə: Qarabağ azaddır! Qarabağ məsələsində bu mərhələyə qədər atılan addımları necə qiymətləndirirsiniz?
- Hər hasnı bir əməlin müsbət və ya mənfi nəticələri olur. Bizim hakimiyyət 30 il çalışdı və uğur qazandı. Bunu necə qiymətləndirə bilərik? Deməli, uğurlu siyasət aparılıb.

- Son günlər media, eləcə də sosial şəbəkələrdə Azərbaycan tibb işçiləri və digər rəsmi qurumların Qarabağdakı ermənilərə xidmət göstərmələrinə dair çoxsaylı görüntülər yayılıb. Bəziləri də o görüntülərdən yola çıxaraq “Niyə millətimizə qarşı soyqırımıları törədən bir toplumun nümayəndələrini bəsləməliyik, niyə onlara həddən ziyadə humanist davranmalıyıq” kimi suallar ortaya atırlar. Sizcə, xalqları sülhə hazırlamaq mümkün olacaqmı?
- Baxın, sosial şəbəkələrdə 2 faiz ağıllı insan var, qalan 98 faizi isə kəmsavaddır. Ağızlarına gələni danışırlar, söyüş söyürlər. 2 vur 2 bərabərdir 4 qədər sadə həqiqətləri qanmalayanlar durub ağıl dərsi keçməyə başlayıblar. Sosial mediada ağıllı, mötədil fikirlərlə çıxış edənlər azdır. Odur ki, Azərbaycanın həyata keçirdiyi siyasətə bu cür məxluqatların yarıtmaz düşüncələri ilə kölgə salmaq olmaz. Bəzi qaragüruh qüvvələr Azərbaycan Xalq Cəbhəsində birləşiblər. Zamanında bu sayaq savadsız davrandıqaları üçün dəfələrlə uğursuzluqlara düçar oldular və hakimiyyətdən getdilər. İddia etmirəm ki, indiki hakimiyyət “aydan arı sudan durudur”. Bu hakimiyyət eşalonunda da oğru, yaltaq, savadsız kadrlar var. Belə şəxslər yüksək vəzifələrə çəkilirlər. Buna rəğmən yaxşı kadrlar da mövcuddur axı. Hökumət mühüm məsələlərdə qabiliyyətli adamları qabağa verir.

1-2 nəfəri çıxmaq şərtilə müxalifətimizin zəka problemi var

- Hakimiyyət nomenkulaturasında təmsil olunan uğurlu kadrlardan kimlərin adını çəkə bilərsiniz?
- Samir Şərifovun yaxşı maliyyəçi, Hikmət Hacıyevin praqmatik diplomat, Mikayıl Cabbarovun bacarıqlı iqtisadçı olması heç kimdə şübhə doğurmur. Yenə qeyd edirəm ki, hakimiyyətdə də ipləmə məmurlar var. Hər halda işıqlı insanlar da çalışır. Onlar da dövlətimizə lazım olan işləri lazımi səviyyədə görə bilirlər.

- Bəzən iddia olunur ki, indiki iqtidar daxili siyasətdə müəyyən boşluqlar buraxsa da, xarici siyasətdə master-klass sərgiləyir...
- Razıyam. daxili siyasətdə korrupsiya, inhisarçılıq, qanun pozuntusu və s. kimi amillərin şahidi oluruq. Amma Azərbaycan beynəlxalq siyasi oyunları yaxşı bacarır. Azərbaycan prezidenti İlham Əliyev diplomatdır, işləri elə qurdu ki, ölkəmiz istəyinə çatdı. Nə Amerika, nə Fransa, nə də Rusiya Azərbaycanın qarşısını ala bildi. İlham Əliyev bacardı. İnsafən bunu etiraf etmək lazımdı.

- Çox yaxşı bir məqama toxundunuz. Siz İlham Əliyevin bu işi bacardığını etiraf etdiniz, amma bəzi müxalif qüvvələr indi də Zəngəzur dəhlizi və Rusiya sülməramlılarının Qarabağda qalmasını əsas gətirərək, Xankəndinin də azad edilməsini tam tələbə hesab etmir...
- Birincisi, 1-2 nəfəri çıxmaq şərtilə müxalifətimizin zəka problemi var. Onların ikinci böyük problemi vicdan məsələsidir. Əksəriyyətində vicdan deyilən nəsnə yoxdur. Bu iki amil olmayanda uğur da ərsəyə gəlmir. Baxın, 1994-cü ildə Qarabağ məsələsində atəşkəs barədə Bişkek protolları imzalandı. Onun üzərindən 26 il keçdi. Bu 26 ildə bəzi qüvvələr xalqların barışmasına çalışırdı. Amma bəzi müxalif qüvvələr müharibə deyib, “iki ayağını bir başmağa dirəmişdi”. Onda ordumu vardı? Səfər Əbiyev ordunu qarət edirdi. Ordu zəif idi. Həmin vaxt savaşa başlamaq doğru deyildi, amma müxalifət hakimiyyəti müharibəyə çağırırdı. Siyasi lotuluqla məşğul idi.

Sürix protokolu imzalananda “Real”çılar gerçək mövqe tutdular və bildirdilər ki, Sürix protokolu ilə Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi son nəticədə Azərbaycana fayda verəcək. Onların üstünə düşdülər, söydülər, yamanladılar. Müxalifət Sürix protokollarının ratifikasiyasına mane oldu. Onun üstündən 9 il keçdi, müharibə başladı. Minlərlə itki oldu. İndinin özündə də Qarabağ erməniləri ilə danışıb, dil tapmaq olardı.

- Axı rəsmi Bakı dəfələrlə barış əli uzatdı, onları danışıqlar masasına dəvət etdi, gəlmədilər...
- Barış potensialından istifadə olunmalı idi. Bu prosesi sıfır itki ilə həll etmək mümkün idi. Barış potensialını açıq şəkildə ortaya qoymaq lazım idi, amma etmədilər. Bütün hallarda nailiyyət hakimiyyət tərəfdədir və qaliblər mühakimə olunmurlar.

Erməniləri ideoloji cəhətdən zəhərləyiblər, onlar səlis düşünə bilmirlər

- Zəngəzur məsələsi həll ediləcəkmi, necə proqnozlaşdırırsınız?
- Bu, texniki məsələdir. Ermənistan razılıq verməsə, İran deyir, gəlin bizim ərazidən keçirin. Dəmir yolu Araz çayının üstündən keçib gedəcək. Zəngəzur dəhlizinin 44 km-i Ermənistan ərazisindən keçməli idi, ora alınmasa, 68 km-i İran ərazisindən keçəcək, oradan da Naxçıvana yol alacaq. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla İlham Əliyev danışıblar və elan ediblər ki, Qarsdan Naxçıvana yol çəkiləcək ki, bu da Ermənistandan Türkiyəyə gedən dəmir yoluna paralel olacaq. Bu vəziyyətdə Ermənistan yenə ofsayta düşəcək. Neft, qaz kəməri layihəsində ofsaytda qaldı. İndi də dəmir yolu məsələsində kənarda qalır. Erməniləri ideoloji cəhətdən zəhərləyiblər, onlar səlis düşünə bilmirlər.

- Bütün məsələləri hakimiyyətin üzərinə yükləmək olmur, olmaz. Qalib ordunun, müzəffər dövlətin xalqı, toplumu indi necə davranmalıdır?

- Xalq qanunçuluğun təminatına çalışmalıdır ki, cəmiyyətdə ədalət bərqərar olunsun. Toplum demokratikləşməsə, qanunlar işləməsə, işlər çətin olacaq. Açığı bu məsələ ilə bağlı bir az bədbinəm. Arzum odur ki, Azərbayanda demokratik, ədalətli bir dövlət qurulsun, toplum formalaşsın. Dövlət Qarabağda vəziyyəti dəyişdi, amma bəzi qaragüruhların qafası dəyişmədi. Axundovu öləndən sonra müsəlman qəbiristanlığında dəfn etməyə qoymayanlar, Mirzə Ələkbər Sabirin kitabının çapına pul xərcləməyənlər, Mirzə Cəlili tənha qoyanlar, Zərdabiyə xəyanət edənlər indi də var. Bu adamlar dəyişmirlər. Millətin içərisi dəyişməlidir. “Böhran kütləsi” anlayışı var. Cəmiyyətdə savadlı vətəndaşların sayı “böhran kütləsi”nə çatmayıb.

Bir iş gəlməyən biri sosial şəbəkədə “Ruslar çıxsın!” deyə qışqırır

- Bax, elə o xarakterli şəxslərin dilindən rus sülməramlıların Qarabağdan çıxmayacağına dair da nidalar eşidirik. Hətta Qarabağdakı separatçılar təslim olduqlarını elan etdikləri gün, rus sülməramlılardan 8-nin həlak olmasına dair xəbərlər yayıldı. Bəziləri iddia edir ki, Rusiya bu sayaq təxribatlarla Qarabağdakı ömrünü uzatmağa çalışır. Konkret sual budur: -Rusiya Qarabağdan çıxacaqmı?
-Azərbaycan ordusu və polisi Xankəndidədir. ASAN xidmət və digər dövlət qurumları orada fəaliyyət göstərir. Ermənilərin 90-95 faizi Qarabağdan çıxıb gedib. İstərdim ki, gedən ermənilər qayıtsınlar və bu, Azərbaycana siyasi divident gətirərdi. Onlar qorxub qaçırlar. Törətdikləri cinatyətlərini dərk ediblər. İndi orada hansısa ərazidə rus əsgərləri yüngül texnikalarla oturublar. Bu, Azərbaycan üçün təhlükədir? Xeyr! Yeyib-içirlər, kart oynayırlar, özləri bilərlər. Biz sənəd imzalamışıq. Onların 2025-ci ilə qədər qalması mümkündür. Qoy qalsınlar. Paqonumuzdan ulduz düşmür ki? Özünün və cəmiyyətin həyatında heç bir iş görməyən, əlindən, başından heç bir iş gəlməyən biri sosial şəbəkədə “Ruslar çıxsın!” deyə qışqırır. Onların nə vaxt çıxacağını hökumət bilir. Danışıblar. İndi bir siyasi oyun gedir.

- Hansı siyasi oyun...?
- Oyun budur ki, Rusiya bu prosesdə neytral qaldı. Kreml bizə təzyiq göstərsə idi, nəticə başqa cür olardı, amma neytral mövqeyə çəkildi. İndi durub qışqırırlar ki, rusların orada qalması suverenliyimizə təhdiddir. 30 il idi ermənilər orada idi, onlar ərazi bütövlüyümüzə təhlükə deyildimi? Nəysə edə bilirdinizmi? İndi hökümət elə edib ki, ermənilər gediblər, zaman gələcək ruslar da gedəcəklər.

İqtisadiyyatımız üçün səmərəli mühitin yaranmasına ciddi cəhdlər göstərməliyik

- Rusiyanın neytral mövqe sərgilədiyini bildirdiniz. Rəsmi Moskvanı bu mövqeyə sürükləyən və ya onu əli-qolu, dili bağlı saxlayan nələr, kimlər oldu?

-Burada iki amil var. Birincisi, Rusiya-Ukrayna müharibəsi, ikincisi Türkiyə-Azərbaycan cütlüyü, vəssalam! Ukrayna ilə müharibə Rusiyanı zəiflətdi. Türkiyə-Azərbaycan cütlüyünün isə coğrafi, siyasi, iqtisadi və hərbi mənası var. Türkiyə rus gəmisinə oz boğazından keçməsi üçün yol verir. Rəsmi Moskva ilə rəsmi Ankaranın iqtisadi münasibətləri var. Rusiya malları Türkiyədən keçir. Qərb həmin mallardan imtina etsə də, Türkiyə imtina etmir. Türkiyə dünyada sözü keçən və səsi eşidilən ölkədir. Türkiyənin sayəsində Rusiya dünyadan tam təcrid olunmadı. Dünya liderləri onu qəbul etməsə də, o, Ərdoğan və Çinin lideri ilə ara-sıra danışır. Digər tərəfdən, Azərbaycan və Türkiyə hərbi birləşmələrinin birgə ordusu ciddi qüvvədir və bununla hər kəs razılaşmalıdır.

- Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin aqibəti necə olacaq? Belə fikirlər ortaya atılır ki, guya Ermənistan məlum 8 kəndin əvəzinə Gədəbəyin Başkəntini istəyib. Sizcə, bu məsələ də qanla həll olunacaq, yoxsa bunun dinc həll yolları mövcuddur?
- Bu məsələni ərazi mübadiləsi ilə həll etmək olar. Ərazi verib, eyni sahədə ərazi almaq mümkündür. Ən yaxşısı budur.

- Fransa yenə dinc oturmur. Papadan böyük katolik olmaq istəyir. Fransa proseslərə niyə fransız qalmır, xarici siyasətimizdə bundan sonrakı gedişlər necə olmaldır ki, ölkəmizə qarşı hər hansı bir təzyiq göstərilməsin?
- Əvvəl xarici siyasətdə suverenliyimizin bərpasına çalışırdıq. Amma bundan sonra Azərbaycan iqtisadiyyatı üçün səmərəli mühitin yaranmasına ciddi cəhdlər göstərməliyik. Prezident İlham Əliyev tez-tez Orta Asiya və Çinə səfərlər edir. Çinin böyük layihəsi var.

- Hansı layihədən söhbət gedir?
- Bu, Avropaya quru yolun salınmasıdır. Eyni zamanda Orta Asiyadan Xəzər dənizinə, Xəzərdən Azərbaycan sahillərinə, buradan keçib, Gürcüstan, oradan da Türkiyəyə gedəcək beynəlxalq layihə olacaq. Bu, böyük qazanc gətirəcək. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, Türkiyə və əgər qatılarsa, Ermənistan da böyük gəlir əldə edə bilər.

Azərbaycan sürətlə istehlakçı ölkədən istehsalçı ölkəyə çevrilməlidir

- Ölkə daxilində hansı işlər görülməlidir?
- Azərbaycan sürətlə istehlakçı ölkədən istehsalçı ölkəyə çevrilməlidir. Azərbayan iqtisadiyyatında istehsal qabiliyyətinin olmaması böyük qüsurdur. Bunun üçün dövlətdə istitusional islahatlar aparılmalıdır. Xalqımız bacarıqlı xalqdır. Bürokratik əngəllər aradan götürülsə, uğur qazanmaq olar. Böyük torpaq sahələri var. Onları əkib-becərmək lazımdır. İsrail balaca bir ölkədir. Onlar o balaca ölkədən böyük ölçüdə məhsullar götürürlər. Biz bunu bacarmarıq? Bacararıq. Məmurlar xalqın təşəbbüsünü boğmalı deyil. Bu da ən böyük problemimizdir. İqtisadiyyatımızı dəyişməliyik.

- Qarabağda Türkiyə hərbi məktəbin inşasına dair təkliflər irəli sürülür. Buna zərurət varmı?
- Bu, texniki məsələdir. Onu Bakıda da yarada bilərlər. Birgə hərbi təlimlər və düşərgə zəruridir, amma məkanın fərqi yoxdur.

- İstər 44 günlük savaş ərəfəsində, istərsə də ondan sonrakı dövrdə bəzi müxalif partiya rəhbərləri açıqlamalar verirdilər ki, Xankəndi də azad olunsun, İlham Əliyev bu qələbinin altına öz imzasını atsın, biz onun əllərini sıxacağıq...
-Bəlkə sualı belə qoyaq: - İlham Əliyev özünü siyasətçi adlandıran o adamlara əl uzadarmı? (gülür) Hökumətin fondundan pul alıb, müxalifətçi rolunu oynayan siyasi artistlər prezidentin nəyinə lazımdır?!

Aydın Baxış

 

 


SON XƏBƏRLƏR

23 Fevral 2024