Bu gün hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week” 30-cu dəfə fəaliyyətə başlayıb. Azərbaycan prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət edərək, bu tədbirin Azərbaycanın enerji sahəsində keçdiyi uğurlu yolun, beynəlxalq nüfuzunun və uzaqgörən strateji baxışının bariz təzahürü olduğunu bildirib.
Tədbirin geniş miqyası və beynəlxalq əhatə dairəsi ölkəmizin beynəlxalq enerji əməkdaşlıqlarına necə təsir edir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, "Bakı Enerji Həftəsi" Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında mövqeyini gücləndirən strateji platformadır.
Onun sözlərinə görə, 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum" Azərbaycanın beynəlxalq enerji gündəmində strateji rolunu bir daha beynəlxalq birliyə nümayiş etdirir. Bu tədbirlərin həm miqyasına, həm də iştirakçı ölkələrin sayına görə əhatə dairəsi ölkəmizin beynəlxalq enerji əməkdaşlığının coğrafiyasını daha da genişləndirir və onun enerji siyasətinə yeni imkanlar qazandırır:
"Tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən - Avropa İttifaqı, Asiya, Yaxın Şərq və Amerika regionlarından hökumət nümayəndələri, transmilli enerji şirkətləri, investorlar və ekoloji təşəbbüskarlar Azərbaycana təşrif buyurub. Bu, Azərbaycanın artıq təkcə Xəzər regionunun enerji mərkəzi deyil, qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaş olduğunu göstərir. Enerji diplomatiyasının gücləndirilməsi baxımından da tədbir müstəsna əhəmiyyət kəsb edir”.
Vüqar Oruc: Bu tədbirlər Azərbaycanın dünya enerji xəritəsindəki rolunu daha da möhkəmləndirir
Müsahibimiz qeyd edib ki, Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək görüşlər, panel müzakirələri və ikitərəfli əməkdaşlıq protokolları Azərbaycanın enerji diplomatiyasını gücləndirir:
“Bu tədbirlər vasitəsilə Azərbaycan həm enerji ixracatçısı kimi, həm də yaşıl enerji sahəsində yeni texnologiyaların idxalı və tətbiqi baxımından əməkdaşlıq əlaqələrini dərinləşdirir. Əsasən Avropa üçün alternativ enerji marşrutlarının aktuallaşdığı bir dövrdə Bakı etibarlı və strateji enerji tərəfdaşına çevrilməkdədir".
İqtisadçı vurğulayıb ki, "Caspian Power" sərgisi yaşıl enerji texnologiyaları və dayanıqlı energetika mövzusunda müzakirələrə meydan yaratmaqla, Azərbaycanın enerji strategiyasının yalnız karbohidrogenlər üzərində qurulmadığını göstərir. Xüsusilə günəş, külək və hidroenerji sahələrində planlaşdırılan layihələr və beynəlxalq texnoloji tərəfdaşlıqlar, Azərbaycanın 2050-ci ilə qədər karbon neytrallığı hədəfinə uyğun fəaliyyət göstərdiyini sübut edir.
"Tədbirin geniş beynəlxalq maraq doğurması Azərbaycanın enerji sektoruna yeni yatırımlar cəlb etməsi üçün əlverişli platforma yaradır. İnnovativ texnologiyaların təqdim olunması və B2B görüşlərin keçirilməsi xarici investorlar üçün əlverişli imkanlar yaradır, bu da ölkənin enerji sektorunun rəqabət qabiliyyətliliyini artırır. Bu tədbirlər ölkəmizin enerji siyasətinin gələcəyə yönəlmiş, açıq və tərəfdaşlığa əsaslanan strategiyasını təsdiqləyir və Azərbaycanın dünya enerji xəritəsindəki rolunu daha da möhkəmləndirir", - Vüqar Oruc qeyd edib.
Gülşən Şərif