22 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.
XİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüş zamanı Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin münasibətlərin daha da dərinləşməsinə verdiyi töhfəni vurğulayıblar.
Nazirlər enerji, nəqliyyat, ticarət, turizm və təhsil sahələrində əməkdaşlığın daha genişləndirilməsi imkanlarını müzakirə ediblər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi birgə həyata keçirilən layihələrin, habelə yaşıl energetika və rəqəmsal kommunikasiya sahəsində irəli sürülmüş təşəbbüslərin və layihələrin strateji əhəmiyyəti qeyd olunub. Şərq-Qərb Orta Dəhlizin ölkələrimiz və Mərkəzi Asiya arasında əməkdaşlıq əlaqələrinə müsbət töhfəsi vurğulanıb.
İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ticarət dövriyəsində artan dinamika məmnuniyyətlə qeyd olunub.
Həmçinin, humanitar sahədə əməkdaşlığın inkişafı, mədəniyyət mübadilələrinin təşviqinin vacibliyi vurğulanıb.
Tərəflər beynəlxalq platformalarda, o cümlədən regional təşəbbüslər çərçivəsində Azərbaycan və Gürcüstan arasında qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin önəmini qeyd ediblər.
Ölkələrimizin iştirakı ilə üçtərəfli və çoxtərəfli formatlar çərçivəsində birgə fəaliyyətin, ortaq səylərin əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yüksək səviyyəli əlaqələrinin, Azərbaycan-Gürcüstan-Mərkəzi Asiya regional tərəfdaşlığı üçün əsas təşkil etdiyi diqqətə çatdırılıb.
Görüşdə regionda və onun hüdudlarından kənarda baş verən proseslər, o cümlədən qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov qarşı tərəfi ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Gürcüstanın normallaşma prosesinə verdiyi töhfə, 2022-ci ildən etibarən bir sıra görüşlərə ev sahibliyi etməsi məmnuniyyətlə xatırlanıb.
Sülh prosesində əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən ərazi iddialarının yekun sülh sazişinin imzalanması üçün maneə olaraq qaldığı diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra, nazirlər görüşün yekunlarına dair mətbuat konfransında bəyanatlarla çıxış ediblər.
***
12:38
Tbilisidə rəsmi səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovla həmkarı Maka Boçorişvili arasında ikitərəfli görüş başa çatıb.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, görüş Gürcüstan XİN-in binasında baş tutub.
Nazirlər bir qədər sonra mətbuata birgə açıqlama ilə çıxış edəcəklər.
Ceyhun Bayramov səfər çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili ilə də görüşəcək.
Nazir həmçinin Tbilisidəki Qəhrəmanlar Meydanı memorialını və Heydər Əliyevin büstünü ziyarət edərək əklil qoyacaq.
***
11:11
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin təkbətək görüşü başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.
Qeyd edilib ki, nazirlər Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivlərini, regional məsələlər üzrə əməkdaşlıq və strateji tərəfdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edəcək.
***
10:41
Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Xarici İşlər Nazirliyinə gəlib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Ceyhun Bayramovu gürcü həmkarı Maka Boçorişvili qarşılayıb.
Tərəflər arasında ikitərəfli görüş başlayıb.
XİN başçıları görüşdən sonra mətbuata birgə bəyanatla çıxış edəcəklər.