Öyrənin də… Xalq yazıçısı Çingiz Abdullayev gedəndə özü ilə aparmayacaq ki? Şura deyir, eşitmək istəmirsiz, agentlik göstərir, baxmırsınız. Sizin üçün Haitinin ən aparıcı divar qəzetinin ştatdankənar müxbirini buralara gətirdirik, treninqlər keçiririk, arada sizi döşəmə üstündə sürüdürük, yenə xeyri olmur. 20 manata gül kimi vəsiqə veririk, alınmır. Bəs nə vaxt düzələcəksiniz?
İlin axırıdır, dükan-bazardakı işimizi buraxıb hər müsahibə üçün düşək sizin arxanızca. Belə iş olmur, atam balası, bizi tamam hörmətdən salmısınız. Əlinizdən nə toya getmək olur, nə yasa. Şəxsən mən artıq heç bir toya, xınayaxdıya, paltarbiçdiyə getmirəm. O gün lap xəcalət çəkdim, qəlyan çəksəydim ondan yaxşı idi. O boyda Çingiz Abdullayev sizə güldü, özü də urusca.
Bütün tərəqqipərvər bəşəriyyət sizə, yəni həm də bizə gülür, siz də başlamısınız ki, Yazıçılar Birliyi pulu hara xərcəyib, şairlərin poemalarında ölçülər niyə düz gəlmir, sizin it bizim baltanı niyə icazəsiz aparıb? Nəyə görə Yazıçılar Birliyinin Qurultayında sədr seçkisi anti-demokratik keçirilib?
Şri-Lankadan bir nəfər bolqar çıxıb adamın düz sifətinə deməz ki, ay filan-filan olmuş, bir ay öncə sizin öz qurultayınızda seçkilər guya şəffaf keçdi, hamınızın əlində üç gün qabaqdan göndərilən siyahılar nəmənə idi?
Başqalarını təftiş edincə öz işinizlə məşğul olun, “CİP” sürməyi öyrənməkdənsə müsahibə götürməyi, sual verməyi, cümlə qurmağı öyrənin. Yorulduq, öldük anlatmaqdan. Tutaq ki, Xalq yazıçısı Çingiz Abdullayevdən müsahibə və açıqlama almaq istəyirsiniz. Əvvəlcə kamali-ədəblə yaxınlaşıb salam verirsiniz, sonra Çingiz müəllimin kefini-əhvalını xəbər alırsınız. Soruşun görün o, səhər-səhər qəhvəni orta şəkərlimi içir? İtinə hansı baytarlıq aptekindən dərman alır, pişiyinin şampunu hansı ölkədən gəlir? Sonra diktafonu və ya mikrofonu müsahibinizin qoltuğu altına yaxınlşadırırsınız, sanki onun qızdırmasını ölçməyə hazırlaşırsınız. Bütün bu məsələləri uğurla həll edəndən sonra Çingiz Abdullayevlə ədəbiyyat söhbəti etmək olar. Axı o, hər halda yazıçıdır, özü də Xalq yazıçısı. Məsələn, soruşa bilərsiniz ki, Çingiz müəllim, bizim yazıçılarda cümlələrarası sıxlıq nə qədərdir? Roman yığımına start verilibmi? Hekayə əkəndə povest biçmək olurmu? Bir də bu dünyaya gəlsə idi yazıçı olardımı? Xalq yazıçısı kimi ötən dövr ərzində Vətənə neçə ton qurumamış, asta-asta təkrar edirəm, quru-mamış əsər verib?
Müsahiblərlə başqa mətləblər barədə də danışmaq olar. Tənbəllik etməyin, bütün sualları sizin əvəzinizə fikirləşəsi deyillik ki? Daha maraqlı suallar düşünməyə cəhd edin. İlk vaxtlar alınmasa qətiyyən ruhdan düşməyin. Heç vaxt Mətbuat Şurasının gəlib sizə istedad iynəsi vurmasını gözləməyin. Mətbuat Şurası gələn deyil. Hər şey sizin özünüzdən asılıdır, öyrənməkdən yorulmayın. Məsləhətlərimizə qulaq assanız görəcəksiniz ki, hamı sizdən razıdır.
Özüm ölüm...