• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Şübhəli Ermənistan - Əkbər Qoşalı yazır
YAZARLAR
24 Yanvar 2024 | 18:59

Şübhəli Ermənistan - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Qeyri-sabit siyasətçi imicinin günbəgün sabitləşdirən Paşinyanın Baş nazir olduğu Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, əməldə diametral fərqli addımlar atır. Ermənistan deyirəm sizə – 105 ildir mövcud olsa da, baş tutmamış, (Tovuzlular demiş) üyüşməmiş (uyuşmamış) dövlət... yenə boyundan hündürə tullanmaq azarındadır...

Ermənistanın bir sıra hərəkətləri, bir sıra hərəkətsizlikləri, üstəlik, bir sıra hüquqi sənədləri bu dövlətin Azərbaycana qarşı ərazi iddiasından əl çəkmək fikrində olmadlğını göstərir.

Ermənistan BMT, ATƏT və b. beynəlxalq qurumlarda qondarma “Dağlıq Qarabağ Respublikası” (və ya “Artsax Respublikası” adından “sənəd”lər yaymaqda davam edir. Bunun adı nədir? – Yoxsa, barışığa gəlmək belə olur da, bizmi bilmirik?

Bundan savayı, rəsmi yazışmalarında Azərbaycan ərazilərini “Azərbaycanın nəzarətində olan Dağlıq Qarabağ əraziləri”, “Azərbaycanın nəzarəti altında olan ərazilər” kimi vurğulayan Ermənistan başbilənləri, bununla da suverenliyimizi, ərazi bütövlüyümüzü (öz ağıllarınca) şübhə altına alır.

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi səhifəsində hələ də “DQR prezidenti”, “DQR hökuməti”, “DQR XİN” və qeyri-qanuni – artıq özünü buraxmış (zatən “yaranış”dan buraxma) strukturların internet səhifələrinə keçidlər var. Xeyirdimi? Böyük barışıq üçün atılan addımların nazı, cilvəsidir bu – biz bilmirik bəlkə?..
 
Yaranmış yaranmamış Ermənistan...
 
 Bəlli olduğu kimi, Ermənistanın Müstəqillik Bəyannaməsində (Հայաստանի Հանրապետության անկախության հռչակագիր) “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qeyri-qanuni qərara istinad vardı.

Ermənistanın andıra qalmış Müstəqillik Bəyannaməsi İrəvan şəhərində Ermənistan SSR Ali Soveti tərəfindən tərtib olunub, onu həmin vaxt Ermənistan SSR Ali Sovetinin sədri olan (sonrakı ölkə Prezidenti) Levon Ter-Petrosyanla həmin Ali Sovetin katibi Ara Sahakyan imzalayıb.

Ermənistan Respublikası 21 sentyabr 1991-ci il tarixində yaradılıb.

Yuxarıda sözügedən Bəyannamənin hazırlanması barədə qərar Ermənistan SSR Ali Soveti və “Dağlıq Qarabağ Milli Şurası” tərəfindən alınıb.

12 sətrlik Bəyannamədə "1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən soyqırımın tanınması"nı dəstəkləmək də əks olunub. Bapbalaca boyu, baş tutmamış dövlətçiliyi ilə o yanda Türkiyəyə, bu yanda Azərbaycana qarşı müxtəlif əsassız iddialarla meydana atılmış Ermənistan bir gün atılacağını və elə meydanın ortasında qalacağını idrak etməyib. – Bunu 33 il öncə düşünməmişdi, deyəsən heç bu gün də düşünmək qabiliyyətində deyil...

1991-ci ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsi 28 may 1918-ci ildə imzalanıb və Birinci Ermənistan Respublikasını elan edən Bəyannaməyə istinad edir. Vurğulanır ki, Birinci respublika 1920-ci ildə bolşeviklər tərəfindən işğal olunub. Bax, elə buradaca xoruzun quyruğu görünür. – Birinci Ermənistan Respublikasının ərazisi neçə min kv.km. idi və haraları əhatə edirdi? İşğal olunandan sonra əraziləri necə və hansı əsasla artırılıb? – Bəlkə, otlaq, örüş yeri adı ilə? – Bəs o necə işğalmış ki, müstəqilliyini bərpa edincə ərazisi azalmaq yerinə artmış olub?..
 
Ermənistan parlamenti özünün 08 iyul 1992-ci il tarixli qərarında açıqlayır: “Dağlıq Qarabağ Respublikası”nın Azərbaycanın tərkib hissəsi kimi göstərildiyi hər hansı beynəlxalq və ya daxili sənəd Ermənistan üçün qəbuledilməzdir”. Bəyəm Ermənistan bu qərarı nə vaxtsa, qüvvədən salıbmı?

Əvəzçıxma qara “sevda”sı ilə alışıb-yanan Ermənistan Respublikası Azərbaycan Respublikasının Qarabağ üzərində suverenliyi ilə bağlı qol çəkdiyi – 21 dekabr 1991-ci il tarixli Almatı Protokolu və Bəyannaməsi ilə bağlı dayanıqsız mövqedədir. Keçmiş işğalçı rəsmi və hüquqi sənədlərdə, yazışmalarda, daha öncə üzərində götürdüyü öhdəliyə, imza atdığı sənədə diametral fərqli mövqe ortaya qoyur – mövqesiz olur...

Örnəyi:

Ermənistanın Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə verdiyi Diləkçədə (42521/20 saylı Diləkçə) vurğulanır ki, bəs deməzsənmi, “bu sənədlərdə (Almatı Bəyannaməsi və MDB-nin yaradılması haqqında Sazişdə) Sovet inzibati sərhədlərinin müstəqil dövlətlərin sərhədlərinə çevrilməsindən söhbət getmir”,  “Ermənistan bu prinsipin öncələr Sovet İttifaqının tərkibində olmuş qonşu dövlətlərlə sərhədlərinin müəyyən edilməsində tətbiq oluna biləcəyini heç vaxt tanımayıb”. Belə yerdə deyirlər, ağıllıya da qurban olum, dəliyə də, vay alyarımçıq əlindən. Ay “mübarək”, ya anrılıq ol, ya bərilik. – Zinhar ortada qalacaqsan. Zatən iki stulda bundan belə oturmaq alınmayacaq...
 
Başqa bir örnək:

Ermənistan Respublikasının Beynəlxalq Hüquq Məsələləri üzrə nümayəndəsinin AİHM-ə ünvanladığı 30 sentyabr 2022-ci il tarixli məktubunda Azərbaycana qarşı digər ərazi iddiaları da var. Bəyanatda açıq şəkildə deyilir ki, “…[Ermənistan] hökuməti israr edir ki, “Şərqi Zəngəzur” kimi ərazi və ya bölgə yoxdur. Cavabdeh hökumətin (Azərbaycanın) hansı ərazi haqqında bəyanatlar verdiyi aydın deyil. Cavabdeh hökumətin [Azərbaycan] istinad etdiyi ərazilər Artsax Respublikasının Kaşatağ (Քաշաթաղ) və Şaumyan (Շահումյան) rayonlarıdır”. Erməni həyasızlığını tavana vurduğu məqamlardan biri bu olsa gərək.
 
Əvəzçıxma qara “sevda”sına yoluxmuş Ermənistanın mövqesizliyinə dair daha bir örnək gətirək:

Ermənistanın Azərbaycana qarşı iddiası üzrə (Ermənistan tərəfindən) Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilən materiallarda dəxi eyni mövqe (mövqesizlik) əks olunub. Ermənistan öz bəyanatında “Artsax Respublikası” və “Dağlıq Qarabağ”ı nəzərdə tutur, “Ermənistanın Dağlıq Qarabağa istinadlarının qərəzli olmadığını” bildirir.
 
Və nəhayət bu yazı üçün son örnək:

28 may 2021-ci ildə saxta əmtəə və coğrafi nişanlardan istifadənin qarşısının alınmasına dair MDB Sazişini imzalayarkən Ermənistan belə bir yaramaz “qeyd-şərt”lə çıxış edib: “Azərbaycan Respublikasının Artsax Respublikasına qarşı hərbi təcavüzü tamamilə aradan qaldırılana qədər Ermənistan bu Sazişi Azərbaycan Respublikasına münasibətdə tətbiq etməyəcək”...

Bax, bütün bunlar bir daha, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını sürdürdüyünü, Azərbaycanın suverenliyini şübhə altına almaqda davam etdiyini göstərir.
Yaradılışı şübhəli, ərazisi mübahisələnidirlməyə açıq, atributları kopirovka, dini məzhəbi saxta bir baş tutmamış dövlət nəyi, kimi, haranı və nə vaxtadək şübhə altına bilər ki?..
 
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 


SON XƏBƏRLƏR