Yalnızlıq müasir dövrdə sağlamlıq üçün siqaret çəkmək qədər təhlükəli risk faktoru hesab olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BBC-nin məqaləsində qeyd olunub.
Texnologiyanın və sosial medianın inkişafına baxmayaraq, insanlar özlərini heç vaxt bu qədər təcrid və tənha hiss etməyib.
COVID-19 pandemiyası zamanı tətbiq olunan məhdudiyyətlər və sosial məsafə qaydaları milyonlarla insanın təklik hissini daha da gücləndirib.
Şeffield Hallam Universitetinin əməkdaşı Andrea Viqfild qeyd edir ki, yalnızlıq insanın arzuladığından daha az və ya zəif sosial əlaqələrinin olması ilə bağlı narahatedici subyektiv hissdir. Hətta insanlar izdiham içində də özlərini yalnız hiss edə bilərlər. Bu duyğu demensiya, depressiya, anksiyete və ölüm riski ilə də əlaqələndirilir.
Kembric Universitetinin apardığı son tədqiqatlar göstərir ki, yalnızlıq ürək xəstəlikləri, insult, diabet və infeksiyalara qarşı həssaslığı artırır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, yaşlı insanların dörddə biri, yeniyetmələrin isə 5-15%-i sosial təcrid yaşayır.
Bəzi ölkələr bu problemin həlli üçün yeni təşəbbüslər həyata keçirirlər. Məsələn, Böyük Britaniyada həkimlər təkliyin əlamətlərini göstərən xəstələrə dərman əvəzinə sosial fəaliyyətlərə yönəldən "sosial reseptlər" yazırlar.
Araşdırmalar göstərir ki, könüllülük fəaliyyəti yalnızlığı azaltmaq üçün effektiv üsullardan biridir. Hong Konqda aparılan tədqiqata görə, insanların boş vaxtlarını mənalı fəaliyyətlərə sərf etməsi xüsusilə yaşlılarda müsbət təsir yaradır.
Digər tərəfdən, "tək qalmaq" anlayışı ilə "yalnızlıq" arasında fərq var. Durham Universitetindən professor Tuyvu Nquyen deyir ki, tək qalmaq – sosial və rəqəmsal əlaqələrdən uzaq sakit bir an ola bilər və psixoloji sabitliyi dəstəkləyə bilər. Tək qalmaq bəzən stressi azaldır, şəxsi sərbəstlik və emosional balans yaradır. Lakin bu müddət uzun çəkdikdə insanlar daha çox yalnız hiss edə bilirlər.
Nquyen tək qalmağa gündə 15 dəqiqəlik kiçik vaxtlarla başlamağı tövsiyə edir. Bu müddət ərzində insanlar nəyi sevdiklərini və necə hiss etdiklərini müşahidə edə bilərlər. Məşğuliyyət kimi kitab oxumaq, bağçılıq, təbiət gəzintisi, musiqi dinləmək, yemək bişirmək və əl işləri tövsiyə olunur.
Nəticə etibarilə, yalnızlıq XXI əsrin ən ciddi sağlamlıq problemlərindən birinə çevrilib. Bunu idarə etmək üçün balanslı sosial əlaqələr qurmaq, mənalı tək qalma anları yaşamaq və cəmiyyətə inteqrasiya imkanları yaratmaq lazımdır./modern.az