"Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapıb və bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə daxil olub.
"Ulu öndərin gənclər siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu dəstəkləyir, bu siyasətin icrasında daim onun yanındadırlar".
İkinci vətən müharibəsi zamanı ön cəbhədə döyüşən Vətən qəhrəmanlarının əksəriyyətinin gənclər olduğunu deyən deputat bildirib ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdır və heç nədən qorxmadan ağır döyüşlərdə iştirak etdilər və bu sınaqdan üzüağ çıxaraq cənab prezidentin “Dəmir yumruq”-u ətrafında sıx birləşdilər.
"Bu gün gənclərimiz təhsil sahəsində də bir çox yeni uğurlara imza atırlar. Bu məsələ hər birimizi qürurlandırır. Hər bir gəncin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır. Təhsilli hər bir gənc özünə daim inamlı və bacarıqlı olur. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub",- deyə C.Məmmədov qeyd edib.
Mina Mikayılova