• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası dəyişdirilməlidirmi? - “Türkiyənin hərbi bazası...”

SİYASƏT

29 Fevral 2024 | 10:53

Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası dəyişdirilməlidirmi? - “Türkiyənin hərbi bazası...”

“2020-ci il 27 sentyabrdan başlayan 44 günlük Vətən müharibəsindən sonra artıq regionda yeni reallıqlar mövcuddur. Bu kontekstdə həm qlobal, həm də regional bəzi riskli çağırışlar var ki, zaman-zaman Azərbaycanda bəzi məsələlər, xüsusilə də təhlükəsizlik məsələləri siyasi müstəvidə müzakirə predmeti olur”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Analitik Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının yenilənməsi ehtimallarından söz açıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası 2007-ci ildə qəbul olunub. Konsepsiyanın bir sıra müddəaları isə artıq yeni reallıqları əks etdirmir. Sənəddə Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi, Qarabağ münaqişəsinin nizamlanmasında yeganə vasitəçinin ATƏT-in Minsk qrupu olması və s. kimi zamanla köhnəlmiş müddəalar mövcuddur.

MTK-nın dəyişilməsi ehtimallarından söz açan siyasi təhlilçinin fikrincə, bu yöndə, əsasən, Azərbaycanın hansısa hərbi bloklara qoşulmaması ilə bağlı müddəasının dəyişilməli olması və hətta qardaş Türkiyənin Azərbaycanda hərbi bazasının mövcudluğu haqqında fikirlər səsləndirilir:

“Ancaq konkret Vətən müharibəsindən və bir günlük antiterror əməliyyatından sonra Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tamamilə bərqərar edib. Yəni, bu prosesdən Azərbaycan güclənərək çıxıb. Üstəlik, Azərbaycan qardaş Türkiyə ilə bərabər Şuşa Bəyannaməsi imzalayıb və bu bəyannamədən irəli gələn müddəalar, imkanlar Azərbaycana şərait yaradır ki, istənilən bir təhlükə mövcud olduğu təqdirdə Türkiyə hər cəhətdən yanımızda olsun. Yəni bu, hüquqi cəhətdən artıq təsdiqlənib və belə bir imkan mövcuddur. Ona görə də indiki vəziyyətdə bu məqamın və sözügedən vəziyyətin dəyişilməsinə mən elə bir ciddi zərurət görmürəm”.

Onun sözlərinə görə, Azərbaycan hansısa bloklara qoşulmama siyasətini bundan sonra da davam etdirə bilər:

“Düşünürəm ki, bu, uyğun bir siyasətdir. Çünki belə bir balans siyasətinin aparılması Azərbaycanı müəyyən qlobal güclərin təzyiqlərindən sığortalayır. Bu gün Azərbaycan balans siyasəti yürüdür. Ölkəmiz istər Qərb, istər Rusiya mərkəzli və digər qlobal güclərin maraqları olduğu hərbi bloklardan kənarda müstəqil siyasət yürüdərək və Qoşulmama Hərəkatında çıxış edərək siyasətini yürütməyə davam edir. Əslində, belə bir siyasət və Qoşulmama Hərəkatına Azərbaycanın qoşulması, habelə ard-arda bir neçə il Qoşulmama Hərəkatına rəhbərlik etməsi Azərbaycanın beynəlxalq səviyyədə bir çox uğurlara imza atmasına şərait yaratdı”.

Natiq Miri: Balans siyasətinin aparılması Azərbaycanı müəyyən qlobal güclərin təzyiqlərindən sığortalayır

Müsahibimizin fikrincə, bu gün Qoşulmama Hərəkatının üzvü olan 100-ə yaxın ölkə demək olar ki, bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT Baş Assambleyasında da Azərbaycana bir çox hüquqi və siyasi imkanlar yaradır:

“Ona görə də hələlik bu imkanlar və üstünlük var ikən, Azərbaycan üçün strateji təhlükələr mövcud olmadığı bir vəziyyətdə bloklara qoşulmama müddəasının və yaxud da hansısa xarici ölkənin hərbi bazasının Azərbaycanda yerləşdirilməsi ilə bağlı hansısa qərarların verilməsində elə də zərurət görmürəm. Çünki indiki vəziyyət təhlükəsizlik konsepsiyasının bu şəkildə keçərli olduğuna şərait yaradır”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024