Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə regionda sülhün və normal diplomatik münasibətlərin qurulmasına ciddi maneələr yaradıb.
Lakin sülh sazişinin imzalanması perspektivi iki dövlət arasında yeni mərhələnin başlanğıcı ola bilər. Bu mərhələdə ən mühüm məsələlərdən biri də diplomatik nümayəndəliklərin açılması, yəni səfirliklərin təsisidir. Səfirliklərin yaradılması təkcə siyasi etimadın göstəricisi deyil, həm də beynəlxalq hüququn prinsiplərinə əsaslanan bir prosesdir. Ona görə də sülhdən sonra Ermənistanda Azərbaycan səfirliyinin açılması hüquqi, institusional və praktiki aspektləri ilə diqqət mərkəzində olmalıdır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, Azərbaycanla Ermənistan arasında uzun illər davam edən münaqişə və onun yaratdığı hüquqi-siyasi baryerlər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına mane olub:
"Əgər sülh sazişi imzalanarsa, qarşılıqlı etimadın formalaşması ilə yanaşı, ən mühüm addımlardan biri də diplomatik nümayəndəliklərin – səfirliklərin açılması olacaqdır. Bu isə bir sıra beynəlxalq hüquqi normalara, ikitərəfli sazişlərə və daxili qanunvericilik prosedurlarına əsaslanır. Səfirliklərin açılması prosesi ilk növbədə 1961-ci il “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası” ilə tənzimlənir. Konvensiyanın müddəalarına görə dövlətlər qarşılıqlı razılıq əsasında diplomatik münasibətlər qura bilər, səfirlik açılması yalnız qəbul edən dövlətin razılığı ilə mümkündür və diplomatik nümayəndələrin toxunulmazlığı beynəlxalq hüquqla qorunur. Bu baxımdan, Ermənistan ərazisində Azərbaycan səfirliyinin təsis olunması üçün əvvəlcə hər iki dövlət arasında diplomatik münasibətlərin qurulması barədə qarşılıqlı nota və ya müqavilə imzalanmalıdır".
Ayxan Məmmədli: Sülhdən sonra Ermənistanda Azərbaycan səfirliyinin açılması yalnız siyasi qərar deyil
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlanan zaman həmin sənəddə diplomatik münasibətlərin bərpası, səfirliklərin təhlükəsizliyinin təmin olunması, mübahisələrin həlli üçün beynəlxalq mexanizmlərə müraciət qaydaları kimi hüquqi məsələlərin əks olunması gözlənilir:
"Azərbaycan Respublikasının Konstitusiyası və “Xarici siyasət haqqında” qanununa əsasən, səfirliyin açılması və səfirin təyin edilməsi dövlət başçısının səlahiyyətinə daxildir. Prezident bu barədə fərman imzalayır, Xarici işlər nazirliyi təşkilati məsələləri həll edir və Milli Məclis dövlət büdcəsindən vəsait ayrılmasına dair qərar verir".
Hüquqşünas onu da əlavə edib ki, Ermənistan tərəfi də öz qanunvericiliyinə uyğun olaraq Azərbaycan səfirliyinə diplomatik status tanımalı, ərazi və mülkiyyət məsələlərində toxunulmazlıq verməli və diplomatik əməkdaşların təhlükəsizliyini təmin etməlidir:
"Bununla yanaşı, praktiki baxımdan bir sıra hüquqi problemlər də meydana çıxa bilər. Səfirlik binasının seçilməsi, satın alınması və ya icarəsi ilə bağlı mülkiyyət hüququ məsələləri, səfirlik qarşısında keçirilə biləcək etiraz aksiyalarının qanuni çərçivədə tənzimlənməsi, diplomatik əməkdaşların cinayət məsuliyyətinə cəlb olunması hallarında Vyana Konvensiyasına əsaslanan prosedurlar bu sıradadır".
Sonda həmsöhbətimiz bildirib ki, sülhdən sonra Ermənistanda Azərbaycan səfirliyinin açılması yalnız siyasi qərar deyil, həm də beynəlxalq hüquqi normalara əsaslanan kompleks bir prosesdir. Bu addım regionda sabitliyin təmin olunması, xalqlar arasında etimadın bərpası və hüquqi münasibətlərin normallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyacaqdır.
Əli Hüseynov