“Parlamentlərimiz hökumətlərimizə iqlimlə bağlı fəaliyyətin inkişafında dəstək olmaq üçün qanunvericilik, büdcə və ya nəzarət vasitəsilə lazım olan alətlərə malikdirlər”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
S.Qafarova əminliyini bildirib ki, parlamentlərilərin əksəriyyəti artıq emissiyaların azaldılması, enerji keçidi və yaşıl inkişafla bağlı qanunlar qəbul ediblər:
“İqlim dəyişikliyi bəşəriyyətini istənilən milli sərhədləri aşan və kollektiv səylər tələb edən ən böyük problemidir. Dünyanın hər yerindən çoxlu parlamentarilərin bu gün burada bizə qoşulmasını görmək mənə böyük qürur və sevinc verir. Bu, ümumi məqsəd uğrunda birliyimizi və prosesdə güclü iştirakımızı göstərir”.
Onun sözlərinə görə, biliklərin, təcrübənin və qabaqcıl praktikaların paylaşılması sahəsində parlament əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir və hamı üçün faydalıdır:
“Bu mənada, Parlamentlərarası İttifaqın rolunu da yüksək dəyərləndirmək lazımdır. Dialoq və həmrəylik fikrinə sadiq qalaraq, bu təşkilat bizi əhəmiyyətli təşəbbüslər, o cümlədən iqlim tədbirləri ətrafında səfərbər edir və səsimizin eşidilməsini təmin edir. Lakin iqlim böhranı getdikcə pisləşdikcə, iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması işi daha da çətinləşir. Çünki getdikcə vaxtımız daralır. Aydındır ki, iqlim dəyişikliyi ilə mübarizə daha çox diqqət və fəaliyyət tələb edir, bu da öz növbəsində bizim iştirakımızı gücləndirməyimizə ehtiyac olduğunu göstərir”.
Sahibə Qafarova nəzərə çatdırıb ki, iki günlük tədbir və ümumi mövqeni əks etdirən yekun sənəd, iqlim maliyyələşdirilməsi, təsirlərin azaldılması və uyğunlaşması, şəffaflıq, milli səviyyədə müəyyən edilmiş töhfələr kimi ən aktual problemləri və vacib məsələləri ön plana çəkir:
“Bu məsələlər, eyni zamanda COP29 Azərbaycan Sədrliyinin prioritetləridir və bugünkü qlobal iqlim gündəmini əks etdirir”.
Mina Mikayılova