ABŞ və İran arasında qarşıdurmaya son qoyacaq sülh sazişi üzrə razılıq əldə olunub. Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif açıqlama verib. Onun sözlərinə görə, tərəflər sülh sazişinin mətnini razılaşdırıblar və hazırda sənədin yekun texniki mərhələləri üzərində iş aparılır. ABŞ və İran arasında əldə olunan razılaşmanın rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.
ABŞ-İran sülhü davamlı olacaqmı? Əldə olunan razılaşma regiona nə vəd edir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Pakistanın Baş naziri Şahbaz Şərifin bəyan etdiyi bu saziş, yalnız Vaşinqton və Tehran arasında lokal gərginliyin bitməsi deyil, Yaxın Şərqdən tutmuş Qafqaza qədər uzanan nəhəng geosiyasi zolaqda yeni bir dövrün anonsudur:
“Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin vasitəçiliyi ilə ərsəyə gələn bu razılaşma, müasir beynəlxalq münasibətlər sistemində ən böyük geosiyasi dəyişikliklərdən biri hesab oluna bilər”.
Müsahibmizin fikrincə, sazişin davamlılığı məsələsinə politoloji prizmadan baxsaq, burada bir-biri ilə toqquşan ciddi faktorlar mövcuddur:
“Bir tərəfdən sazişi möhkəmləndirən ciddi maraqlar var. ABŞ tərəfində iqtisadi və logistik sabitliyi qorumaq, xüsusilə Hörmüz boğazı və Qırmızı dənizdəki dəniz ticarəti blokadasını qaldıraraq qlobal bazarları rahatlatmaq əsas stimuldur. İqtisadi sanksiyalar və dəniz blokadası altında uzun müddət tükənən İran üçün isə bu razılaşma sistemin sağ qalması və nəfəs alması üçün yeganə çıxış yoludur. Daimi və dərhal hərbi əməliyyatların dayandırılması öhdəliyi hər iki tərəfin genişmiqyaslı müharibədən qaçmaq istəyini təsdiqləyir”.
Politoloq qeyd edib ki, digər tərəfdən isə bunun ciddi sabotaj riskləri mövcuddur:
“Sazişin davamlılığı qarşısındakı ən böyük maneə regional müttəfiqlərin mövqeyidir. Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması şərti kağız üzərində mükəmməl görünsə də, regiondakı bəzi yerli oyunçuların və proksi şəbəkələrin bu sülhü öz maraqlarına təhdid kimi görməsi sahədə təxribatlara yol aça bilər. Nüvə proqramının yekun statusu və nəzarət mexanizmləri kimi texniki detalların gələcəkdə necə icra olunacağı da sazişin ömrünü müəyyən edəcək”.
Həmsöhbətimiz vurğulayıb ki, əldə olunan tarixi razılaşmanın regiona və qlobal sistemə vəd etdikləri isə oldukça dərindir:
“İlk növbədə, Livan cəbhəsi başda olmaqla proksi müharibələrinin daimi olaraq dayandırılması Yaxın Şərqdə onilliklərdir davam edən xaos dalğasını yatıra bilər. ABŞ-nin dəniz blokadasını qaldırması və Hörmüz boğazının tamamilə azad rejimdə açılması qlobal enerji daşımalarında riskləri sıfırlayacaq ki, bu da birbaşa olaraq dünya iqtisadiyyatına müsbət təsir göstərəcək. Region dövlətləri artıq kənar müharibə təhlükəsi altında deyil, daxili iqtisadi inkişaf layihələri ətrafında dialoq qura biləcəklər”.

Tural İsmayılov: Bu saziş təkcə ABŞ və İrana değil, həm də vasitəçilərə böyük nüfuz vəd edir
Tural İsmayılovun sözlərinə görə, bu sazişin müsbət dalğaları mütləq Cənubi Qafqaza da çatacaq:
“ABŞ-İran gərginliyinin bitməsi regional təhlükəsizlik vakuumunu doldurur. İrana qarşı sanksiyaların və blokadanın yumşalması, Tehrandakı hərbi-siyasi gərginliyi azaldaraq onu daha proqnozlaşdırıla bilən və defensiv bir qonşuya çevirə bilər. Bu isə Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə kənar təzyiqləri neytrallaşdırır, regiondakı nəqliyyat və kommunikasiya layihələrinin (şimal-cənub, şərq-qərb xətlərinin) daha təhlükəsiz və səmərəli işləməsinə münbit şərait yaradır. Qafqaz, qlobal blokların toqquşma meydanı olmaq riskindən xilas olur”.
Politoloq sonda əlavə edib ki, nəhayət, bu sülh çoxqütblü vasitəçilik modelinin qələbəsidir və təkcə ABŞ və İrana değil, həm də vasitəçilərə böyük nüfuz vəd edir:
“Pakistan, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin birgə diplomatik uğuru göstərir ki, artıq qlobal böhranların həllində Qərb mərkəzli institutlar yeganə çarə deyil. Regional güclər regional problemləri beynəlxalq hüququn iflas etdiyi şəraitdə belə həll etmək potensialına malikdirlər. İyunun 19-da İsveçrədə atılacaq imzalar kağız üzərində böyük bir sülh vəd etsə də, real siyasətdə bu vədlərin taleyi tərəflərin sahədəki hərbi qüvvələrə və proksilərə nə dərəcədə nəzarət edə biləcəyindən asılı olacaq”.
Aynur Babazadə
Bakı 



