İranla Taliban arasındakı gərginlik ilk baxışda sadəcə su mübahisəsi kimi görünür, amma əslində məsələ daha dərindir. Söhbət Helmand çayının suyundan, sərhəd təhlükəsizliyindən, qaçqınlardan və regionda kimin söz sahibi olacağından gedir.
İran uzun illər Əfqanıstandakı zəif mərkəzi hakimiyyətdən istifadə edərək öz maraqlarını qorumağa çalışırdı. Talibanın yenidən hakimiyyətə gəlməsi isə Tehranın hesablarını dəyişdi. Çünki Taliban əvvəlki Əfqanıstan hökumətləri kimi beynəlxalq legitimlik axtarsa da, daxildə çox sərt və müstəqil davranmağa çalışır. Bu da İranın Əfqanıstan üzərində ənənəvi təsir imkanlarını məhdudlaşdırır.
Münaqişənin əsas nüvəsi Helmand çayıdır. Bu çay Əfqanıstandan başlayır və İranın Sistan-Bəlucistan bölgəsi üçün həyati əhəmiyyət daşıyır. İran iddia edir ki, Taliban suyun qarşısını bəndlərlə kəsir və Tehranın tarixi su payını vermir. Taliban isə bunu quraqlıqla izah edir və bildirir ki, Əfqanıstanın özündə də su çatışmazlığı var. Əslində hər iki tərəf müəyyən mənada haqlıdır: bölgədə iqlim dəyişikliyi, quraqlıq və su idarəçiliyindəki problemlər realdır. Amma məsələ ondadır ki, su artıq sadəcə ekoloji resurs deyil, siyasi təzyiq vasitəsinə çevrilib.
İran üçün bu məsələ daxili təhlükəsizlik problemidir. Çünki ölkənin cənub-şərqində yaşayan əhali onsuz da iqtisadi baxımdan zəif, sosial baxımdan narazı bölgələrdə cəmləşib. Su çatışmazlığı kənd təsərrüfatını sıradan çıxarır, işsizliyi artırır, daxili miqrasiyanı gücləndirir və etiraz potensialını böyüdür. Tehran çox yaxşı anlayır ki, İsrail və ABŞ-la qarşıdurma nə qədər böyük görünsə də, su böhranı İran daxilində daha sakit, amma daha dağıdıcı risk yaradır. İnsan raket hücumuna bir neçə gün dözə bilər, amma susuzluğa, məhsulsuzluğa və dolanışıqsızlığa uzun müddət dözmür.
Taliban üçün isə su məsələsi suverenlik məsələsidir. Onlar göstərmək istəyirlər ki, Əfqanıstan artıq xarici güclərin, o cümlədən İranın təzyiqi ilə davranan zəif dövlət deyil. Taliban daxili auditoriyaya “biz ölkənin sərvətlərini qoruyuruq” mesajı verir. Bu səbəbdən Tehranın tələblərinə tam güzəştə getmək Taliban üçün siyasi zəiflik kimi görünə bilər. Yəni tərəflər arasında problem təkcə texniki komissiyalarla həll ediləcək məsələ deyil; burada nüfuz, prestij və sərhəd bölgələrində kimin üstün olması məsələsi var.
Bu gərginliyin başqa tərəfi qaçqın məsələsidir. İranda milyonlarla əfqan yaşayır və Tehran zaman-zaman bu faktordan Kabula qarşı təzyiq vasitəsi kimi istifadə edir. Əfqan miqrantların geri göndərilməsi Taliban üçün həm sosial, həm iqtisadi yük yaradır. Çünki Əfqanıstan onsuz da işsizlik, yoxsulluq və humanitar böhran içindədir. Böyük miqyaslı qayıdış Talibanın idarəçilik imkanlarını çətinləşdirir. Ona görə də İran su, sərhəd və qaçqın kartlarını birlikdə işlətməklə Talibanı daha çevik davranmağa məcbur etmək istəyir.
Amma açıq hərbi qarşıdurma ehtimalı hələlik məhduddur. İran Talibanla genişmiqyaslı müharibəyə girmək istəməz, çünki artıq Yaxın Şərqdə İsrail, ABŞ, Livan, Suriya və İraq xətti üzrə ciddi təzyiq altındadır. Taliban da İranla uzunmüddətli müharibəni daşıya biləcək iqtisadi və hərbi-siyasi imkanlara malik deyil. Buna baxmayaraq, sərhəd insidentləri, lokal atışmalar və qarşılıqlı sərt bəyanatlar davam edə bilər. Yəni bu, böyük müharibədən çox, idarə olunan gərginlik modelinə bənzəyir.
Əsas nəticə budur: İran-Taliban xətti yaxın illərdə regionun səssiz, amma təhlükəli böhran nöqtələrindən biri olacaq. Çünki burada üç məsələ üst-üstə düşür: su qıtlığı, zəif dövlətçilik və geosiyasi rəqabət. İran üçün bu, daxili sabitlik məsələsidir; Taliban üçün isə suverenlik və legitimlik məsələsi. Əgər tərəflər real mexanizm yaratmasa, Helmand çayı ətrafındakı mübahisə təkcə İran-Əfqanıstan münasibətlərini yox, bütün regionun təhlükəsizlik gündəmini təsirləndirə bilər.
Züriyə Qarayeva
Bakı 



