Komandada müəyyən çatışmazlıqlar var. Buna baxmayaraq, hazırlıqlarımız pis getmir. İstəyirik ki, azarkeşlərimizə yaxşı oyun göstərək.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubu ilə keçiriləcək ilk oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Şotlandiyanın “Seltik” klubuna keçməyə hazırlaşan kolumbiyalı futbolçu Kamilo Duranla bağlı danışıb: “Seltik”lə razılıq əldə olunsa da, müəyyən maddələr var. Həmin maddələrə görə hələ yollarımızın tam ayrıldığını deyə bilmirik. Kamilo intizamlı və bacarıqlı futbolçudur. Onun böyük həvəsi və yüksək potensialı var. Ötən mövsüm UEFA Çempionlar Liqasında da özünü yaxşı tərəfdən göstərmişdi. Yoxluğu bizə müəyyən çətinlik yarada bilər. Amma yeni transfer etdiyimiz futbolçular da var. İstərdim ki, Duran kimi müxtəlif mövqelərdə oynaya bilən futbolçular komandamızda daim olsun. Yeni transferlər hazırda pis formada deyillər. Onlardan bəziləri sabahkı oyunda start heyətində yer ala bilər”.
Q.Qurbanov bir müddət əvvəl əvəzedici heyətə göndərilən və yenidən əsas komandaya qaytarılan Elvin Cəfərquliyevlə bağlı da fikirlərini bölüşüb: “Biz həmişə xeyirli nədirsə, onu istəmişik. Rəqibə uyğun oyun planı hazırlayır və ona uyğun çıxış edirik. Elvin Cəfərquliyevlə bağlı da hələ yekun qərar verməmişik. O, oynayacaq. Sadəcə, hansı oyunda meydana çıxacağı hələ dəqiqləşməyib”.
Qeyd edək ki, iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Vestri” görüşü saat 20:00-da başlayacaq.
Bakı 



