Məlumdur ki, hazırda Los-Ancelesdə meşə yanğınları davam edir. Bu yanğınlar maddi ziyanla yanaşı, bitki və heyvan aləmlərinə də ziyan vurub.
Bəs görəsən, bu yanğınların ekosistemə hansı mənfi təsirləri var?
Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, yanğının nəticələri çox böyükdür. Ekoloji baxımdan da ətrafa çox ciddi mənfi təsirləri var. Yanğın nəticəsində vəhşi təbiət məhv olub, ekosistemlər tamamilə pozulub:
"Baş verən yanğınların səbəbləri tam olaraq məlum olmasa da, çoxsaylı amillərin təsiri ilə bağlı ehtimallar getdikcə artır. Sözügedən ərazilərdə uzun müddət idi ki, yağış yağmırdı və meşələrdə quru ot kütləsi toplanmışdı. Bu, yanğına həssaslığı kifayət qədər artırır. Lakin bu yanğınların turistlərin məsuliyyətsizliyi ucbatından baş verdiyini söyləyənlər daha çoxdur. Belə ki, turistlər meşədə ocaqlar qalayırlar və daha sonra lazımi səviyyədə söndürmürlər. Bu isə yanğınlara səbəb olub”.
Müsahibimiz qeyd edib ki, yanğın nəticəsində vəhşi heyvanlar tələf olub və onların yaşayış mühiti dağılıb. Bu, heyvanların artımına və digər ərazilərə qaçmasına səbəb olacaq:
“Bir çox hallarda meşədən qaçan heyvanlar yaşayış yerlərinə üz tuturlar. Təbii ki, bu vəziyyət ev heyvanlarının həyatı üçün təhlükə yaradır. Eyni zamanda yanğınlar çoxsaylı ağacların məhv olmasına yol açıb. Həmin ağacların bərpa olunması çox uzun müddət tələb edəcək".
Rövşən Abbasov: Ətraf mühitin çirklənməsi bəşəriyyətin əsas problemlərindən biridir
Ekspertin fikrincə, yanğın nəticəsində yaranan tüstü havanın keyfiyyətini çox pisləşdirir. Bu, tənəffüs xəstəliklərinin artmasına səbəb ola bilər.
"Havada kükürd və azot oksidlərinin uçucu birləşmələrinin miqdarının kəskin şəkildə artması havanın keyfiyyəti ilə yanaşı, tənəffüs xəstəliyi olan şəxslərin səhhətində çox ciddi problemlər yaradır. Ona görə də yerli sağlamlıq təşkilatları əksər insanların yaşayış yerlərini tərk etməyini məsləhət görüblər. Ümumilikdə ətraf mühitin çirklənməsi bəşəriyyətin əsas problemlərindən biridir və bu problem dünyanın gələcəyini çox təhlükəli vəziyyətə aparır", - müsahibimiz qeyd edib.
R.Abbasov hesab edir ki, əhali getdikcə artır və bu artım Yer kürəsində ekosistem dayanıqlılığını pozur:
"Elə modellər hazırlanmalıdır ki, ekosistemlər qorunsun və ətraf mühitinin çirklənməsi azalsın".
Gülşən Şərif