2023-cü ilin yanvarın 11-də siyasi partiyalar haqqında qəbul edilən yeni qanun artıq qüvvəyə minib. Həmin dövdən bu günə qədər yeni qanunun tələblərinə cavab verməyən bir sıra siyasi təşkilat artıq özlərini buraxıb.
Xatırladaq ki, bu ilin mart ayından bəri artıq 29 partiya fəaliyyətini dayandırdığını elan edib. Bununla da 59 partiyadan 30-u hələ də siyasi arenada qalmağa davam edir. Onlardan bəzilərinin də buraxılan partiyalarla oxşar aqibəti yaşayacağı gözlənilir.
Bakıvaxtı.az bu il ərzində özünü buraxdığını elan edən partiyaların siyahısını təqdim edir:
Azərbaycan Naminə Alyans Partiyası
İlk olaraq, martın 2-də özünü buraxan partiya Abutalıb Səmədovun sədr olduğu Azərbaycan Naminə Alyans Partiyası oldu. ANAP 17 noyabr 1994-cü ildə təsis edilib.
Təkamül Partiyası
Azərbaycan Təkamül Partiyası martın 9-da fəaliyyətinə xitam verib. Teyyub Qənioğlunun sədri olduğu partiya 1995-ci ildə yaradılıb.
Azərbaycan Birlik Partiyası
Azərbaycan Birlik Partiyası da martın 9-da siyasi fəaliyyətinə son qoyub. 1992-ci ildə qeydiyyata alınan partiyanın sədri Xudu Xudiyev idi.
Milli Vəhdət Partiyası
Yunus Oğuzun sədr olduğu Milli Vəhdət Partiyası martın 13-də fəaliyyətinə son qoyub. Partiya 2002-ci ildən fəaliyyət göstərirdi.
Azad Respublikaçılar Partiyası
Martın 14-də isə Azərbaycan Azad Respublikaçılar Partiyası da bağlandığını bəyan edib. Sədri Kamil Seyidov idi.
Azərbaycan Respublikaçılar Partiyası
Aprelin 9-da Sübut Əsədovun rəhbəri olduğu Azərbaycan Respublikaçılar Partiyası da fəaliyyətinə son verdi. Partiya 1999-cu ildə təsis edilib.
Sosial Rifah Partiyası
Azərbaycan Sosial Rifah Partiyası martın 23-də siyasi səhnədən getdiyini bəyan edib. 1995-ci ildə qeydiyyata alınan partiyanın ilk sədri Xanhüseyn Kazımlı olub. Sonrakı sədri isə qızı Əsli Kazımlı sədr olub.
Liberal Demokrat Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası aprelin 1-də fəaliyyətinə xitam verib. 1999-ci ildə yaranan partiyanın sədri Fuad Əliyev idi.
Sosial Demokrat Partiyası
ASDP aprelin 4-dən fəaliyyətini dayandırıb. 1990-cı ildə təsis edilən ASDP-nin sədri Araz Əlizadənin vəfatından sonra təşkilat rəhbərsiz qalmışdı.
Vahid Kommunist Partiyası
Aprel 4-də Azərbaycan Vahid Kommunist Partiyası da siyasi fəaliyyətinə son verib. 1995-ci ildə qeydiyyata alınıb. 2019-cu ildə Musa Tukanovun vəfatından sonra partiya sədrsiz qalmışdı.
Müstəqil Azərbaycan Partiyası
MAP-ın fəaliyətinə aprel 6-da xitam verilib.
Yeni Yol Partiyası
Aprelin 8-də Yeni Yol Partiyası da siyasi səhnədən getdiyini bildirir. Sədri Ramil Hüseynov olan bu partiya 2022-ci ilin avqustunda qeydiyyata alınıb.
Milli Demokrat Partiyası.
Aprelin 12-də AMDP da bağlanıb. Sədri Tufan Kərim idi. Partiya Bozqurd Partiyası adı ilə 1992-ci ildə yaradılıb. 1995-ci ildən isə AMDP kimi fəaliyyət göstərirdi.
Aydınlar Partiyası
Aprelin 14-də Qulanhüseyn Əlibəylinin rəhbəri olduğu Aydınlar Partiyası fəaliyyətinə son verib. Partiya 2008-ci ildə təsis edilib.
Müstəqil Xalq Partiyası
Aprelin 18-də Müstəqil Xalq Partiyası da öz fəaliyyətinə xitam verib. Sədri Əflan İbrahimov partiya 2020-ci ildə qeydiyyatdan keçib.
Qorqud Partiyası
Qorqud Partiyasının sədri Firudin Kərimov idi. Partiya 1993-cü ildən bəri fəaliyyət göstərirdi.
Vahid Azərbaycan Milli Birlik Partiyası
Aprelin 27-də VAMBP da özünü buraxıb. 1993-cü ildə dövlət qeydiyyatına alınan partiyaya istiqlalçı deputat Hacıbaba Əzimov rəhbərlik edirdi.
Azərbaycan Tərəqqi Partiyası
Aprelin 29-da Azərbaycan Tərəqqi Partiyası fəaliyyətini dayandırmaqla bağlı bəyanat yayıb. ATP 2 fevral 1999-cu il tarixində Çingiz Sadıxovun (Dəmiroğlu) rəhbərliyi ilə təsis edilib.
Azərbaycan Kommunist Partiyası
AKP mayın 4-də fəaliyyətini dayandırıb. Partiya 1993-cü ildə təsis edilib.
Milli Konqres Partiyası
Mayın 11-də, mərhum İxtiyar Şirinovun sədrlik etdiyi, 1998-ci ildən fəaliyyət göstərən Milli Konqres Partiyası da fəaliyyətinə xitam verir.
Azərbaycan Vətənpərvərlər Partiyası
Mayın 12-də Azərbaycan Vətənpərvərlər Partiyası özünü buraxdığını elan edib. Partiya 1994-cü ildə dövlət qeydiyyatına alınıb. Sədri Elvin Mahmudzadə olub.
Vətəndaş Birliyi Partiyası
Mayın 22-də deputat Sabir Hacıyevin sədri olduğu VBP-də siyasi səhnədən getdiyini bəyan edib. Qurucusu Ayaz Mütəllibovun olduğu partiya 1999-cu ildə qeydiyyata alınıb.
Milli Demokrat-İdrak Partiyası
İyunun 5-də Milli Demokrat-İdrak Partiyası fəaliyyətinə son verib. 1992-ci ilin avqustunda yaranan partiyanın sədri Osman Əfəndi olub.
Milli Həmrəylik Partiyası
İyunun 9-da MHP fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb. Partiya 1993-cü ildə dövlət qeydiyyatına alınıb, sədri Əlisahib Hüseynov olub. MHP özünü 1992-ci ildə yaradılmış Demokratik Azərbaycan Dünyası Partiyasının hüquqi varisi hesab edirdi.
Cümhuriyyət Xalq Partiyası
22 iyunda CXP-nin fəaliyyətinə xitam verilir. Sədri Bədrəddin Quliyev olan partiya 2010-cu ildə təsis edilmişdi.
Azərbaycan Yüksəliş Partiyası
AYP iyunun 23-də fəaliyyətinə son qoyur. 2020-ci ilin iyununda yaranan partiyanın sədri Anar Əsədli olub.
Azərbaycan Liberal Partiyası
24 iyun tarixində ALP də özünü buraxır. Sədri Əvəz Temirxan olan partiya 1995-ci ilin iyunundan siyasi fəaliyyət göstərirdi. Partiyanın qurucusu Lalə Şövkət olub.
Vətəndaş və İnkişaf Partiyası
25 iyunda VİP siyasi fəaliyyətinə son qoyur. 28 may 2006-cı ildə yaranan və 10 avqust 2008-ci ildə qeydiyyata alınan partiyanın sədri Əli Əliyev idi.
Maraqlıdır, sədrlər partiya buraxıldıqdan sonra hansı işlə məşğul olurlar?
Fəaliyyətini dayandıran Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, partiyanın fəaliyyətini dayandırmaq barədə qərar veriblər: “Ondan sonra Alyans Strateji Araşdırmalar Mərkəzi yaratdıq. Mən də hələlik fəaliyyətimi bu mərkəzin sədri kimi davam etdirirəm. Gələcəkdə başqa planlarımız da var, inşallah reallaşanda məlumat veriləcək”.
“Ən əsası partiyaların xalq tərəfindən dəstək görmədiyini gördük, hiss etdik, ilk olaraq partiyamızın ləğv olunması barədə qərar verdik” deyən müsahibimiz qeyd edib ki, bundan sonra, təqribən, 30 partiya da bu yolu tutub. Onun sözlərinə görə, müəyyən partiyalar çox çalışırlar ki, nəyin bahasına olursa olsun, siyasi arenada qalsınlar: “Ancaq xalq dəstək vermir, ciddi şəkildə siyasi liderlik problemi yaşayırlarsa, siyasi arenada qalmaları mümkünsüzdür”.
Keçmiş Yeni Yol Partiyasının sədri Ramil Hüseynov Bakıvaxtı.az-a açıqlamasında əslində, fəaliyyətlərini daha çevik formada davam etdirdiklərini bildirib: “Bizdə format dəyişikliyi oldu. Yeni Yol Partiyası Yeni Xətt Siyasi Təhqiqatlar Mərkəzi ilə əvəzləndi. Partiyanı yardanda dövlətimizə, xalqımıza xidmət etmək üçün qarşımıza məqsəd qoymuşduq. Bu gün də yeni təşkilatımızda həmin siyasi xəttimizi davam etdirəcəyik”.
“Hələ günün reallıqlarına uyğun regionda baş verən hadisələri nəzərə alaraq bu addımı atmışıq, gələcəkdə qərarlarımızı və addımlarızı siyasi şəraitə uyğun olaraq reallaşdırarıq” deyə Ramil Hüseynov əlavə edib.
Ləğv olunan Azərbaycan Vətənpərvərlər Partiyasının sədri Elvin Mahmudzadə Bakıvaxtı.az-a bildirib ki, hal-hazırda dövlət tərəfindən qanuni qeydiyyatdan keçən “Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədridir: “QHT sektoru siyasi partiyanın fəaliyyətindən fərqli olsa da, komandamızla bu yöndə də uğurlar əldə etmək istəyirik. Düşünürük ki, QHT sektorunda heç kimə faydası olmayan tədbirlərdən çox cəmiyyət üçün faydalı olacaq konfranslar, təlimlər keçirmək lazımdır”.
E.Mahmudzadə hesab edir ki, gənclərin bu yöndə fəaliyyəti, müasir və fərqli düşüncələri ilə vətəndaş cəmiyyətini daha yaxşı inkişaf etdirmək olar: “Bununla bərabər bu sektorda uzun zamandı şəffaf və müsbət fəaliyyəti ilə fərqlənən bir neçə QHT rəhbərləri ilə görüşüb, onların təcrübələrindən də faydalanırıq. Uzun sözün qısası, fəaliyyətimizi sözlərdə yox, əməllərimizdə göstərmək istəyirik”.
Müsahibimiz qeyd edib ki, bir neçə partiyadan təklif alır: “Hal-hazırda bir neçə partiyadan onlara qoşulmağım ilə bağlı təkliflər alsam da, bu haqda hələ düşünmədiyimi həmin partiyaların rəsmilərinə bildirmişəm. Qarşıdakı illərdə bu təklifləri dəyərləndirməyi düşünürəm. Çünki komandamızla bərabər QHT sektorunda qarşımıza böyük məqsədlər qoymuşuq. O məqsədlərə çatana qədər ciddi və güclü çalışmalıyıq”.
Özünü buraxan Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əvvəlki kimi türk dünyası ilə əlaqələr üzrə işlərini davam etdirirlər: “Ölkə daxilində siyasi, demokratik istiqamətdə işimizi aparırıq. Ölkə məsələləri ilə bağlı siyasi şərhçi olaraq fəaliyyət göstəririk. Ölkədə baş verən proseslərdə hər zaman vətəndaş mövqemiz ortada olacaq”.
B.Quliyev deyib ki, neçə illik siyasi baxış və təcrübə proseslərini davam etdirəcəklər: “Ölkənin taleyönlü məsələləri ilə bütün işlərdə mövqemiz ortada olacaq. Çalışacağıq ki, bu məsələlərlə bağlı ölkədə milli demokratik fikirlər formalaşsın. Cəmiyyətimizin inkişafında bütün vətəndaşlarımızın iradəsi ilə işlər yolunda getsə, biz də fəaliyyətimizi bu yöndə davam etdirəcəyik”, - deyə əlavə edib.
Aytac Aslan
Bakı 



