• Bakı 14° C

    7.72 m/s

  • USD - 1.7

    EUR - 1.7938

    RUB - 1.6915

Parisin “Azərbaycan sancısı”, ABŞ-nin təzyiq və hədələri, Avroparlamentin qətnamələri... – Əziz Əlibəyli ilə GÜNDƏM MÜZAKİRƏSİ

MÜSAHİBƏ

31 Oktyabr 2024 | 09:48

Parisin “Azərbaycan sancısı”, ABŞ-nin təzyiq və hədələri, Avroparlamentin qətnamələri... – Əziz Əlibəyli ilə GÜNDƏM MÜZAKİRƏSİ

Bakıvaxtı.az-ın müsahibi Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylidir.

Onunla müxtəlif mövzularda apardığımız siyasi müzakirəni təqdim edirik.

“Faşoda sindromu” Fransanın xarici siyasətində hələ də qalır

- Son aylar Fransanın Azərbaycana qarşı qərəzli bəyanatlarının sayı artmaqdadır. Rəsmi Parisin “Azərbaycan sancısı” nə ilə bağlıdır?

- 2020-ci ildən sonra Ermənistan-Rusiya, Ermənistan-Fransa münasibətləri yeni bir mərhələyə qədəm qoydu. Şahidi olduq ki, Fransanın Ermənistana silahlar verməsi, Ermənistanın silahlandırılması, Avropa İttifaqının “müşahidə missiyası” adı altında yarım hərbi qruplaşmaların Ermənistan ərazisinə yerləşdirilməsi Fransanın Azərbaycan və Qafqazla bağlı siyasətində müəyyən “ipucu” rolunu oynadı.

- Əziz bəy, bir az konkretləşdirək, bu «ipucları» nələrdən ibarət idi?

- Həmin “ipucları”nı Qafqaz üzərindən qiymətləndirsək, iki ciddi hissəyə diqqət etmək lazımdır. Biri tarixi hissədir ki, burada əsas məsələ Böyük Britaniya, Fransa diplomatik rəqabətidir. Bunun adına “Faşoda” sindromu deyirlər. Fransanın hansı regionda maraqları varsa, mütləq həmin regiondakı siyasi rəqibə qarşı mübarizəyə başlayır. “Faşoda sindromu” Afrikanın bölünməsi uğrunda Fransa-İngiltərə qarşıdurmasının bir adıdır. Britaniya ilə Fransa XIX əsrdə Faşoda kəndində üz-üzə gəlirlər. Hərbi qarşıdurma zamanı Fransada böyük diplomatik məğlubiyyət və milli rüsvayçılıq baş verir. Bu mənada hesab edirəm ki, “Faşoda sindromu” Fransanın xarici siyasətində hələ də qalır. Hansı bölgədə geosiyasi baxımından Britaniyanın marağı müşahidə olunursa, Fransa dərhal ona qarşı mübarizəyə köklənir. Bu, dəyişilməz siyasətdir. Böyük Britaniyanın Cənubi Qafqazda güclü iqtisadi təsiri Şahdəniz yatağı, bp şirkətinin mövcudluğu əvəzi kimi Fransa Ermənistanda mövcudluğunu gücləndirməyə başlayıb. Bu Britaniya ilə strateji rəqabətin bir hissəsidir.

- Bəs ikinci hissə hansı mətləblərdən ibarətdir?

- Burada isə Fransa-Türkiyə diplomatik rəqabətindən söhbət gedir. Tarixi baxımından XIX əsrin ortalarına qədər Osmanlı ilə Fransa arasında donanma, dəniz məsələlərində birlik mövcud olub. Amma sonradan Osmanlının zəifləməsi fonunda onun Şimali Afrika və eyni zamanda Yaxın Şərqdəki ərazilərində yeni aktorlar, o cümlədən də erməni lobbisi meydana çıxıb. Türkiyəyə qarşı XIX əsrdən formalaşan erməni-fransız birliyi buradan meydana gəlib. Hazırda Şimali Afrika və Şərqi Aralıq dənizində, onun bir hissəsi kimi meydana çıxan Cənubi Qafqazda fransız-türk maraqları buna görə toqquşur. Azərbaycan da türk ölkəsi olduğu üçün avtomatik həmin toqquşma ilə üzləşir.

- Fransa-Ermənistan münasibətləri fonunda belə bir siyasi proqnoz formalaşıb ki, Ermənistan Rusiya orbitindən çıxacaq. Sizcə, bu, indiki məqamda mümkündürmü?

- Onu bilmək tarixi bir sualın cavabıdır. Amma problem odur ki, Ermənistan Rusiyadan iqtisadi baxımdan asılıdır. Nəqliyyat, iqtisadiyyat, enerji, Atom Elektrik Stansiyası, bank sektoru, yəni dövlətin əsas sütunlarına aid olan məsələlərin hamısı Rusiyadan asılıdır. Belə bir təqdirdə Paşinyan administrasiyası düşünür ki, gələcəkdə Avropa İttifaqına siyasi orientasiya dəyişikliyi ilə üzv ola bilər. Amma nə dərəcə mümkün olacağını zaman göstərəcək. Ən azından 2044-cü ilə qədər Rusiya qoşunlarının Ermənistanda yerləşdilməsi ilə bağlı ikitərəfli saziş qüvvədədir. Fransa həm qeyd etdiyim faktlar, həm də Rusiya rəqabəti çərçivəsində bölgədə yerləşməyə çalışır. 30 illik işğal dönəmində Qarabağdan çıxarılaraq, Fransaya qaçaqmal yolu ilə külli miqdarda qızıl və brilyant daşınıb. Azərbaycanın Ermənistanı məğlub etməsi nəticəsində bu da Fransanın əlində çıxdı. Rəsmi Parisin “Azərbaycan sancısı” həm də bununla bağlıdır.

ABŞ təpki göstərir ki, sülh müqaviləsi Rusiyanın vasitəsilə imzalanmasın

- Son zamanlar Amerika-Azərbaycan münasibətlərində də müəyyuən soyuqlaşmalar, istiləşmələr baş verir. Bu ölkənin prezidenti Co Baydenin dövlətimizin başçısı İlham Əliyevə Azərbaycanla Ermənistan arasındakı imzalanmalı olan yekun sülhlə bağlı məktubu təqdim olunub. ABŞ Azərbaycandan nəyi qoparmaq istəyir və buna nail ola bilirmi?

- Prosesi Baydenin məktubu və Trampın açıqlamaları üzərindən qiymətləndirsək, görərik ki, Amerikanın Azərbaycana münasibəti iki hissədən ibarətdir. Birincisi, qlobal gücün bölgədəki maraqlarının təmin olunmasıdır. İkinci yanaşma isə Amerikada daim gündəmə təsir edən, gündəm yaradan erməni lobbisinin güclü olmasıdır. Əlbəttə, ABŞ-Azərbaycan münasibətlərinin soyuqlaşması hələ qabaqdadır. Buna “kəskin viraj”a (mərhələ, döngə)” daxil olma deyirik.
Maqnitiski qətnaməsinin Azərbaycana tətbiq olunmasına çalışırlar. Buna nə qədər nail olacaqlar, onu da zaman göstərəcək. Amma de-fakto olan durum odur ki, Azərbaycanı konkret olaraq sülh bağlamağa məcbur etmək ABŞ-nin əsas siyasətidir. Bölgədə baş verənlər fonunda çalışırlar ki, sülh müqaviləsi ilə onun məsuliyyətini, öhdəliklərini Qərb öz üzərinə götürsün və nəticə etibarilə sülh müqaviləsi imzalanandan sonra bölgədə yaranan “status-kvo”ya nəzarət mexanizmini əllərində saxlasınlar. Bu, yəqin ki, Rusiyanın bölgədən çıxarılmasına hesablanmış addımdır. Amma prosesdə əsas toqquşma Azərbaycanla olan münasibətlərə görədir. Rəsmi Bakı yaxşı bilir ki, Qərb bölgəyə lap elə investisiyaların içərisində olsa da belə, özü ilə boyunduruq gətirəcək. Azərbaycanın indiki mövqeyi və yaxud Rusiyanın vasitəsilə bağlanacaq sülh müqaviləsi Azərbaycanın milli maraqlarına cavab verir. Azərbaycan indiki vəziyyətdə suverenliyini möhkəm şəkildə qoruyur və müstəqil xarici siyasət yürütmək imkanlarını əlində saxlayır. Bu mənada ABŞ təpki göstərir ki, sülh müqaviləsi Rusiyanın vasitəsilə imzalanmasın. Azərbaycanı bu fikrindən daşındırmağa çalışır. Amma Azərbaycan “kartları” sona qədər açmayıb. Ən azından ona görə ki, Bakıda keçiriləcək COP29 ərəfəsində bu təzyiqlərin çoxlamasını görəcəyik. Hətta ABŞ prezidenti Co Baydenin məktubunu Azərbaycana gətirən milli təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Korpenter bilavasitə Azərbaycan prezidenti ilə görüşdü. Cənab İlham Əliyev onun üzünə söylədi ki, əslində biz nəticələrdən məmnunuq və indiki vəziyyətdə sülh müqaviləsinin bağlanması üçün Ermənistan tərəfi müəyyən adımlar atmalıdır. Və Azərbayvana qarşı konstitusion iddiaları aradan qaldırmalıdır və yekun sülh sazişində Azərbayan ərazisinə qarşı iddialara görə bunlar dəyişdirilməli məsələlərdir. Ermənistan konstitusiyası sülhə maneə olan sənəddir, əgər Ermənistan onu həll etməyəcəksə, Azərbaycan ABŞ-nin təzyiq, hədə və hətta sanksiyalarına rəğmən prosesdən geri çəkiləcəyi görünmür və doğru olan da elə budur.

- Zəngəzur dəhlizinin açılması Azərbaycan, Türkiyə, Rusiya və bəzi Avropa İttifaqı ölkələrinin maraqları çərçivəsindədir. Belə olan halda dəhliz niyə açılmır?

- Zəngəzur dəhlizinin açılması artıq tarixi zərurətdir. Ən azından ona görə ki, Rusiya-Ukrayna müharibəsinin yaratdığı bölgəsəl reallıqlar Gürcüstan, Ermənistan və Azərbaycanın xarici siyasət perspektivlərinin dəyişilməsinə gətirib çıxardı. İndiki halda Çin, Rusiya və digər ölkələrin yeni kommunikasiyalara ehtiyacı var. Bu yeni kommunikasiyalar müharibəyə qədərki ticarət yollarından fərqlidir. “Bir kəmər, bir yol” üzərindən də baxsaq, deyə bilərik ki, hazırda sanksiyalar baş verməsi, Rusiya ilə Qərb arasındakı bu qarşıdurma ucbatından Qafqaz indiki müasir ticarət yollarının əsas təbii bağlayıcı zonasına çevrilib. Çinli podratçılar Gürcüstanda tunellər salır. Seçkilər də prosesin nəticələrinə təsir göstərir. Hesab edirəm ki, Gürcüstan hökuməti ilə yanaşı, “Gürcü Arzusu”nun hakim partiya kimi yenidən uğur qazanması bölgənin rolunu daha da artırır. Məncə, Rusiya və İranın da birgə addımları Zəngəzur yolunun açılmasını şərtləndirir. Ən azından Zəngəzur dəhlizi anlayışı təkcə Azərbaycanın perspektiv iqtisadi əlaqələri və Naxçıvanla münasibətlərinin tərkib hissəsi deyil, bu, həm də Çin, Britaniya və Avropanın marağındadır. Bu, Rusiyanın bilavasiyə marağındadır. Zəngəzur dəhlizinin açılmasına yönəlik maneələr aradan qaldırılmalıdır. İranın buradakı mövqeyini qırmızı xətlər üzərindən ifadə edirlər. İranın bu mövqe üzərində sona qədər dayana biləcəyi məlum deyil. İran üzərində Rusiya və Çinin böyük təsirinin olması deməyə, düşünməyə imkan verir ki, bölgədə Azərbaycanın rəhbərlik etdiyi yeni kommunikasiya siyasətinin inşasına şahid olaq.

Azərbaycan üçün hərbi əməliyyat cavabları doğuran məsələlər onunla bağlıdır ki...

- Sərhədlərin delimitasiyası və demarkasiyası da gecikir.  Qarşı tərəf bunu prosesi qeyri-müəyyən vaxta qədər ləngidərsə, Azərbaycan hansı tədbirlərə əl atmalıdır? Sizə elə gəlmirmi ki, qalib Azərbaycan, məğlub Ermənistanın “nazı ilə çox oynayır?”

- Sərhədlərin delimitasiya və demarkasiyası məcburiyyət məsələsinə çevrilə bilər. Azərbaycan onu şərti dövlət sərhədi adlandırır, çünki dəqiqləşdirilmiş sərhəd xətlərinin olmamasının məsuliyyəti Ermənistanın üzrində qalır. Azərbaycan üçün hərbi əməliyyat cavabları doğuran məsələlər onunla bağlıdır ki, əsasən Ermənistan tərəfi Azərbaycanın hərbi və mülki infrastrukturuna zərbə vurub, təhlükə yaradırsa, Azərbaycan buna adekvat cavablar vermək məcburiyyətindədir. Bu, sonrakı mərhələdə müəyyən qısamüddətli əməliyyatların baş verməsini reallaşdıra bilər. Yəni hərbi əmliyyatlar məsələsi masadadır və hərbi əməliyyatlar vasitəsilə Zəngəzur dəhlizini açmaq ideyası absurd deyil, amma təhlükəlidir, lakin yox da deyil. Məsələnin mahiyyəti budur ki, Ermənistanın Azərbaycanın hazırkı tələblərinə uyğun addım atmaması bölgədə hər an savaşın çıxmasına səbəb ola bilər.

- Avropa Parlamenti COP tədbirləri ərəfəsində Azərbaycanda guya insan hüquq və azadlıqlarının pozulmasını əsas gətirərək qətnamə qəbul edib. Hətta bəzi ölkələrə “Azərbaycandan qaz almayın” çağırışını edib. Avropa Parlamenti niyə üstümüzə gəlir və istəklərinə nail ola biləcəklərmi ?

-Avropa İtiffaqında Azərbaycan əleyhinə səsləndirilən fikirlərin arxasında bilavasitə Ermənistan lobbisi dayanır. Anarxist solçuların və kommunistlərin cəmləşdiyi fraksiyalar Azərbaycan əleyhinədir. O adamların ölkələrində parlamentlərə seçilmələri erməni lobbisinin xidmətlərindən biridir. Onlar da Avropa Parlamentində Fransanın rəhbərlik etdiyi siyasi baxışlara dəstək verməkdədirlər. Əsas məsələ bax budur. Yaxşı olardı ki, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin düşüncələrinə, onun Bakı ilə qaz sazişinə də diqqət edəydilər və bundan sonra nə dərəcədə səmimi olub-olmamalarını özləri test edəydilər.

Aydın Baxış


SON XƏBƏRLƏR