• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Ah zalım dostlar, zalım qardaşlar... - Aqil Abbas yazır
YAZARLAR
25 Yanvar 2024 | 16:19

Ah zalım dostlar, zalım qardaşlar... - Aqil Abbas yazır

Aqi̇l Abbas

Təbii ki, Avropa bizə lazımdı, mədəni, iqtisadi əlaqələrimizi genişləndirməliyik. Avropadan çox şey öyrənməliyik, amma ikiüzlülüyü yox. 

Atatürkün məşhur bir kəlamı var. Bir dəfə xarici ölkələrin dövlət və hökumət başçılarına ziyafət verirmiş. Qəhvə gətirən  qarson məclisdəkiləri görüb gözü böyüyür və çaşır, yıxılır, qəhvə dağılır. 

Atatürk yaxınlaşır qarsona, əlindən  tutub yerdən qaldırır. Və bu səhnəyə ironiya ilə baxan avropalılara üzünü tutub deyir:

- Mən bu millətə hər şey öyrətdim, bircə nökərçilikdən başqa. 

İndi avropalılar bir çox şey tələb edə bilər, amma ikiüzlülüyə, kiminsə qarşısında əyilməyə, nökərçilik eləməyə  məcbur edə bilməz. 
Amma bir məsələni düz deyirlər. Doğrudan da Azərbaycan insan haqlarını pozur. Əfqanıstanı bombalayır, İraqı, Suriyanı  darmadağın edir, Yəməni  raket atəşinə tutur. Demokratiya adı altında Rusiya ilə Ukraynanı savaşdırır, İraqın  prezidenti  Səddam Hüseyni tutub asır, Liviyanı parçalamaq cəhənnəm, hələ prezidenti Müəmmər Qəddafini günün-günorta  çağı üsyançılara  verib  öldürdür, Tayvanı  Çinə qarşı qaldırır, Nigeriyada, Efiopiyada  vətəndaş müharibəsi salır. Afrikadan Avropaya  qaçmaq istəyən köçkünlərin mindikləri gəmiləri, qayıqları vurub batırır. Fransada hökumətin səhv siyasətinə  etiraz edən insanları  atla  tapdalayır, polis dəyənəyinin altına salır. Meksika ilə Amerikanın sərhədində 6 metr hündürlüyündə hasar çəkir. 

Adam qorxmaya rəhmətlik  Şamil Qurbanovun söylədiyi kimi deyə ki:

- Avropa Şurası da qudurub, Makron da, Avropa İttifaqının  prezidenti Mişel də. 

Amma neyləyim, yetim oğlanam. 

Yadıma Qulam Məmmədlinin Naxçıvanla bağlı bir xatirəsi düşdü. 

Deməli, rəhmətlik Qulam müəllim gedir Naxçıvana, ateizmlə bağlı  mühazirə oxuyur. Mühazirəni qurtarandan sonra  zaldan bir gənc oğlan qalxır və soruşur:

- Kimə arxayın olub deyirsən ki, Allah yoxdur. 

Qulam Məmmədli:

- İki yüz otuz milyonluq  Sovet xalqına. 

Gənc oğlan:

- Sən iki yüz otuz milyonluq Sovet xalqına  arxalanıb deyirsən Allah yoxdur, indi bu zalda dördcə nəfər qalxıb dayansın  mənim  arxamda iki gözünü  bir  deşikdən çıxarıb sübut  edim ki, Allah var.

İndi mənim də arxamda, naxçıvanlı gəncin sözü olmasın,  dördcə nəfər dostum dursa mən də qorxmaram. 

Ah zalım dostlar, zalım qardaşlar...


SON XƏBƏRLƏR

01 Dekabr 2024