"İlk oyundan sonra hiss etdim ki, fasilələr zamanı həddən artıq həssasıq. Ona görə də hazırlığımızda oyunun bu hissəsinə daha çox diqqət yetirdik. Əgər probleminiz varsa, amma onu necə həll edəcəyinizi bilirsinizsə, bu artıq problem sayılmır".
Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Sloveniya “Selye”sinin baş məşqçisi Albert Riera UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah”la keçiriləcək cavab oyunundan öncə mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis mövsümə qələbə ilə başlamağın vacibliyini vurğulayıb: "Bu, psixoloji cəhətdən çox şey deməkdir. Yeni oyunçularımızın sayı çoxdur. Amma oyun üslubumuza uyğun olmaqda çətinlik çəkmədilər. Bir neçə məhsuldar günümüz oldu. Məşqlərimiz və komandadaxili atmosfer yaxşıdır".
Riera cavab oyununa hazırlığın yüksək səviyyədə keçdiyini bildirib: "Rəqib oyunçuları Bakıdakı oyunun ilk hissəsində meydanda yaxşı düzülmüşdülər. Həmişə olduğu kimi ikinci hissələrdə daha güclüyük".
Qeyd edək ki, "Selye" - "Sabah" matçı iyulun 17-də Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda təşkil olunan ilk oyun Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.