NATO-nun son aylarda intensivləşən hazırlıq tədbirləri Avropada hərbi balansın dəyişməkdə olduğunu göstərir.
Rotterdam limanında həyata keçirilən xüsusi tədbirlər - hərbi yüklü gəmilər üçün ayrılan dayanacaqlar və Şərqi Avropaya silah daşınmasını asanlaşdıracaq yeni logistik marşrutların planlaşdırılması - artıq təşkilatın qarşıdurma ehtimalını nəzərə alaraq real ssenarilərə hazırlaşdığını göstərir. Avropanın ən böyük limanının hərbi infrastruktur məqsədləri üçün yenidən dizayn edilməsi NATO-nun genişmiqyaslı hərbi daşınma və yerləşdirmə qabiliyyətlərini artırmaq üçün strateji addımdır.
Ukrayna müharibəsi fonunda Rusiyanın təhdidləri yalnız Şərqi Avropaya deyil, bütün Avroatlantik məkanına ünvanlanmış təhlükə kimi qiymətləndirilir. NATO bu səbəbdən hərbi logistikada çevikliyi və sürətli yerləşdirmə imkanlarını artırmağa çalışır. Rotterdamda görülən tədbirlər bu strategiyanın yalnız başlanğıcıdır. Baltikyanı ölkələrdə, Polşada və Rumıniyada paralel infrastruktur hazırlıqları da aparılır.
Bu hazırlıqlar hər nə qədər müdafiə xarakterli göstərilsə də, Rusiya tərəfindən təxribat və gərginliyin daha da artırılması kimi dəyərləndirilə bilər. Hər iki tərəf arasında birbaşa müharibə ehtimalı az görünür, lakin artan qarşılıqlı güc nümayişi və yeni hərbi ssenarilərə uyğunlaşdırılan infrastrukturlar bu ehtimalın heç də sıfır olmadığını göstərir. Əgər diplomatik mexanizmlər işləməzsə, lokal insidentlərin regional qarşıdurmaya çevrilməsi real təhlükədir.
Rotterdam limanı bu mənzərədə yalnız bir infrastruktur deyil, həm də Avropanın kollektiv müdafiə strategiyasının simvoluna çevrilməkdədir. NATO-Rusiya münasibətlərində yaşanan bu gərginlik Avropanın gələcək təhlükəsizlik arxitekturasını müəyyən edəcək əsas parametrlərdən biri olacaq.
Züriyə Qarayeva