Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən iyul ayının birinci yarısında daha 665 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə kurslara cəlb olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, onlardan 328 nəfəri üçün agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Muxtar Respublikasında, 337 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil edilib.
Təşkil olunan kurslar, əsasən, aşpaz, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, bərbər-vizajist-manikürçü, qənnadçı, şirniyyatçı, ofisiant, dərzi, xalça məmulatları üzrə bərpaçı-rəssam peşələri üzrədir.
Qeyd edək ki, kurslarda müdavimlərə müvafiq peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur. Peşə kurslarını uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstərilir.