Bir, beş, on beş, əlli, yüz, beş yüz, min beş yüz... Heç kim sona qədər sayıb qurtara bilməz. İlqar Həsənovun dost-tanışını sayıb dəqiq rəqəm öyrənmək kimi məşəqqətli bir işi heç kim öhdəsinə götürməz. Bəri başdan deyirəm, məni çıxın.
İlqar Həsənov, yəni dostlarının sevimlisi hörmətli İlqar Musayeviç belə oğuldur. Onunla ilk dəfə görüşən insana İlqar Musayeviçin sehrinə düşmək üçün bir neçə dəqiqəlik söhbət bəs edəcək. Və həmin insan dostumuzu hökmən yadda saxlayacaq. Ya üzündəki təbəssüm, ya duzlu-məzəli söhbəti, ya tanınmış adam haqqında verdiyi vacib bir informasiya, ya da poeziyamızın gözəl nümunələrindən seçmələri əzbərdən deməsi onun yaddaşında ilişib qalacaq.
Böyük söz ustadı Musa Yaqub demişkən, dünyamızın ayaq-baş olduğu bir zamanda dostumuz İlqar Həsənov öz davranışı, xarakteri, həyat tərzi ilə sanki bir mesaj verir-pul çox şeydir, lakin hər şey deyil! Hər kəsə diqqət ayırmağa, xeyirxahlıq etməyə, mənəvi dayaq durmağa vaxt tapır. O, heç bir dostunu pula, vəzifəyə, titula görə seçmir, bu üzdən də İlqar Musayeviçin ətrafında müxtəlif təbəqəli insanları, ayrı-ayrı peşə sahiblərini görmək uzun illərdi ki, onu yaxından tanıyanlar üçün təəccüblü deyil. Naziri, millət vəkilini, icra başçısını, prokuroru, polis rəisini, hakimi, həkimi, yazıçı-şairi, jurnalisti, rejissoru, aktyoru, fəhləni, sürücünü, kitabçını, kababçını da bir masa ətrafına toplamağı bacarır.
Mərhum Nəsir İmanquliyevin yaratdığı “Bakı” axşam qəzetində çalışmaq şansı qazananda da, Azərittifaq adlı yeyib-içməyi, pulu bol təşkilatda hüquq şöbəsinə rəhbərlik edəndə də, “Xalq qəzeti”nin bölgə müxbiri kimi çalışanda da İlqar Musayeviç həyata, insanlara münasibəti dəyişməyib. Yeri gəlmişkən, bölgə müxbirlərinin sonuncu mogikanlarındandır İlqar Həsənov. Bu məsələyə də özünəməxsus yanaşır və dahi Nizaminin beytinə “əl gəzdirmək” cəsarətində də bulunur:
Bölgə müxbirliyindən ucalıq umma dünyada,
Çünki İlqar Həsənovla qurtardı o da...
Yaxından-uzaqdan tanıdığı, hətta ömründə üzünü görmədiyi istedadlı bir adamın uğuruna ürəkdən sevin bilir İlqar Musayeviç. İstedadsızın, dil pəhləvanının, özündən razı nadanın meydanda at oynatdığını görəndə İlqar dostumuz sərt üzünü büruzə verir, yarızarafat-yarıciddi atmacası, bıçaqdan iti sözləri ilə həmin adamı qandırmağa çalışır, necə dəyərlər, dərsini verir.
Dostumuz İlqar Həsənovda hər kəsin dəyərini doğru-düzgün dəyərləndirmək, obyektiv qiymət vermək bacarığı yüksək səviyyədədir. Onun barəsində düşünəndə yadıma mərhum şairimiz Rasim Kərimlinin sonralar mahnı ilə daha da populyarlaşan misraları düşür:
Öz adı var el yanında,
Yaxşının da, yamanın da.
Hər bir kəsi öz donunda
Görənləri min yaşasın.
Hər bir kəsi öz donunda görən insan sərrafı, altmış neçənci doğum günün mübarək olsun. Gülüşünü, xeyirxahlığını saya-hesaba gəlməyən dostlarından, tanışlarından əsirgəmə, hörmətli İlqar Musayeviç!
İlqar Həsənov Qaxda dostlarının əhatəsində