İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
İkitərəfli formatda baş tutacaq bu danışıqlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh sazişinin yekunlaşdırılması istiqamətindəki prosesin davamı kimi qiymətləndirilir. Görüşün məkanı kimi Əbu-Dabinin seçilməsi xüsusi diqqət çəkir. Bu, Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi etdiyi ilk belə yüksək səviyyəli Azərbaycan-Ermənistan görüşüdür.
Müxtəlif mövqelərə görə neytral ölkədə bu cür dialoqun təşkili, prosesin hər hansı geosiyasi təsirdən uzaq aparılmasına şərait yaradır və tərəflər arasında daha texniki, hüquqi və konstruktiv yanaşma mühitini formalaşdırır. Proseslər təkcə iki qonşu dövlətin liderlərinin bir araya gəlməsi baxımından deyil, həm də onun keçiriləcəyi məkanın diplomatik simvolizmi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Mövzunu Bakıvaxtı.az-a şərh edən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, bu görüş, təkcə siyasi məzmununa görə deyil, eyni zamanda təşkil olunduğu məkan baxımından da xüsusi diqqətə layiqdir:
"Əldə olan məlumata əsasən, tarixdə ilk dəfədir ki, Azərbaycan və Ermənistanın siyasi liderləri BƏƏ ərazisində, konkret olaraq Əbu-Dabidə bir araya gəlirlər. Bu fakt özü-özlüyündə olduqca simvolik və əlamətdar hadisədir. Məşhur siyasi paytaxtlarda təşkil olunan görüşlər adətən müxtəlif geosiyasi yozumlara və fərqli interpretasiyalara səbəb ola bilir. Lakin Əbu-Dabi kimi neytral və siyasi baxımdan balanslı bir məkanda danışıqların aparılması, prosesin obyektiv və manipulyasiyalardan uzaq şəkildə baş tutmasına şərait yaradır".
Deputat qeyd edib ki, tərəflərin dövlət başçıları səviyyəsində belə bir platformada bir araya gəlməsi isə onu göstərir ki, artıq mövqelər arasında nəzərəçarpacaq dərəcədə yaxınlaşma müşahidə olunur. Onun sözlərinə görə, bu yaxınlaşma xüsusilə sülh gündəliyinin əsas sütunu olan sülh müqaviləsinin hazırlanmasında əksini tapır:
"Belə ki, əldə olunan razılığa görə, sənədin 17 bəndinin tamamı üzrə artıq razılaşma mövcuddur və bu, sənədin tamlığı baxımından mühüm irəliləyiş hesab edilir".
Elman Nəsirov: Bu görüş regionda sabitliyin və qarşılıqlı anlaşmanın təmini yolunda mühüm bir dönüş nöqtəsi ola bilər
Müsahibimiz deyib ki, hazırda cəmi iki məsələ açıq qalır və danışıqların əsas diqqət mərkəzi məhz bu məsələlərin üzərində cəmləşəcək. Bunlardan birincisi, Azərbaycanın qəti mövqeyi olan ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlıdır. Rəsmi Bakı bu qurumun tarixi funksiyasını itirdiyini bəyan edərək onun rəsmən buraxılmasını vacib hesab edir. İkinci məsələ isə Ermənistanın konstitusiyasında Azərbaycan əleyhinə ərazi iddialarından tamamilə imtina etməsi və bu öhdəliyin hüquqi formada təsbit edilməsidir.
Elman Nəsirov əlavə edib ki, qarşıdan gələn Əbu-Dabi görüşündə bu iki kritik məsələ ətrafında daha dərindən və intensiv müzakirələr aparılacaq. Əgər bu istiqamətdə də ortaq mövqe əldə olunarsa, tərəflər arasında sülh müqaviləsinin imzalanması real və yaxın perspektivə çevrilə bilər. Müsahibimizin sözlərinə görə, bu görüş, regionda uzunmüddətli sabitliyin və qarşılıqlı anlaşmanın təmin olunması yolunda mühüm bir dönüş nöqtəsi ola bilər.
Əli Hüseynov