"ABŞ-nin Çinlə qarşıdurması dərinləşdikcə, BRICS kimi platformalar Vaşinqtonun hədəfi olmaqda davam edəcək".
Bu sözləri ABŞ prezidenti Donald Trampın BRICS-lə bağlı mövqeyini şərh edən politoloq Xəqani Cəfərli Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Trampın BRICS birliyinin tərəfdaşlarına qarşı əlavə 10% rüsum tətbiq edəcəyini bəyan etməsi gözlənilən idi. Hətta bu yalnız başlanğıc ola bilər. Müsahibimiz bildirib ki, çünki BRICS-in aparıcı dövlətləri Çin və Rusiya bu platformanı ABŞ-yə qarşı dayanan dövlətlərin ittifaqına çevirmək istəyirlər. BRICS-in ABŞ dollarına qarşı özünün valyutasını dövriyyə buraxmaq istəyi də buna xidmət edir. BRICS bu niyyətindən Donald Trampın böyük rüsumlar tətbiq edəcəyi təhdidindən sonra Hindistan, Cənubi Koreya kimi ölkələrin təzyiqi ilə imtina etmək məcburiyyətində qalmışdı.
X.Cəfərli hesab edir ki, Çin BRICS-i ABŞ-yə qarşı platformaya çevirməyə cəhd edirsə, Vaşinqtonun da cavab tədbirləri görməsi tamamilə doğrudur. İstənilən ölkə ona qarşı olan dövlət və ya dövlətlər birliyinə qarşı imkan və gücü daxilində cavab tədbirləri görməyə çalışar.
Xəqani Cəfərli: Çin BRICS-i ABŞ-yə qarşı platformaya çevirməyə cəhd edirsə, Vaşinqtonun da cavab tədbirləri olacaq
Politoloqun dediyinə görə, ABŞ dünyanın ən böyük iqtisadiyyatı olduğu üçün rüsumlardan cavab tədbiri kimi istifadə edir:
"Çinə qarşı ABŞ-nin bu siyasətini Trampla əlaqələndirmək səhv olar. Baydenin vaxtında Çinə qarşı bir sıra rüsumlar tətbiq edilmişdi. ABŞ-də prezidentin kimliyindən asılı olmayaraq, bu siyasət davam edəcək. Hətta daha da sərtləşə bilər.
Gülşən Şərif