"Xızı-Altıağac avtomobil yolunda sel nəticəsində yaranmış ilkin fəsadların aradan qaldırılması məqsədilə ərazidə təxirəsalınmaz tədbirlərin icrasına start verilib".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu ilin mart–aprel aylarında müşahidə olunan intensiv leysan yağışları nəticəsində Bakı şəhərində və respublikanın bir sıra bölgələrində sel və daşqın hadisələri baş verib, bunun nəticəsində yaşayış məntəqələrinə, mühəndis-kommunikasiya şəbəkələrinə və xüsusilə yol infrastrukturuna ciddi ziyan dəyib.
Qeyd edilib ki, sel və daşqınların fəsadlarının aradan qaldırılması, zərər görmüş nəqliyyat infrastrukturunun bərpası və gələcəkdə oxşar risklərin minimuma endirilməsi məqsədilə Azərbaycan Prezidentinin "Sel və daşqınların təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına uyğun olaraq, Xızı–Altıağac avtomobil yolu da daxil olmaqla, ümumilikdə 25 avtomobil yolunda bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Hazırda qeyd olunan avtomobil yollarının əksəriyyətində müvafiq işlərə başlanılmışdır. Xızı–Altıağac avtomobil yolu üzrə layihələndirmə işləri davam etdirilir. Bununla yanaşı, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması nəzərdə tutulur.
Həyata keçirilən tədbirlər yol infrastrukturunun dayanıqlığının artırılmasına, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və bölgənin nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına xidmət edir.
Bakı 











