Bakıvaxtı.az-ın budəfəki müsahibi Azərbaycan, Hind və Ərəb rəqslərinin mahir ifaçısı, "Buta" rəqs ansamblının rəhbəri İlham Kərimlidir
-İlham bəy, son zamanlar sizi az-az görürük. Buna səbəb işlərinizin çoxluğudur, yoxsa?
- Mən həm rəqqasam, həm də müəllimlik fəaliyyətimi davam etdirirəm, tələbələrim var. Uşaqlarla rəqslər hazırlayırıq. Efirlərdə oluruq, konsert proqramlarına dəvət alanda gedirik. Çıxışlarımızı edirik. Uşaqlara xalq rəqslərimizi, milli rəqslərimizi öyrədirik. Bu, bizim vəzifə borcumuzdur. Çalışmalıyıq ki, uşaqlarda milli rəqslərə maraq yaradaq. Eyni zamanda milli rəqsləri onlara tanıdaq, sevdirək.
- Milli rəqslərdən söz düşmüşkən. Sosial mediada qızların oğlan, oğlanların qız kimi rəqs etdikləri görüntülərin yer aldığı videolar paylaşılır. Yetəri qədər baxış toplayan bu videolar müzakirələrə səbəb olur. Siz necə düşünürsünüz?
- Sizin sosial mediada - TikTok, İnstaqram, Yutubda gördüyünüz rəqslər var ki, o rəqsləri edənlər əslində bizim xalqımızın, Azərbaycan xalqının övladları deyillər. Onlar başqa dövlətlərin uşaqlarıdılar ki, bizim musiqilərimiz üzərində, bizim ritmlərə oxşayan ritmlər üzərində rəqs edirlər.
O ki qaldı kurslara, kurslarda yetərincə peşəkarlıqla dərslər keçirilir. Gələcək nəsilə bizim milli rəqslərimiz öyrədilir. İndi müəllimlərdən çox şey aslıdır. Bizim qədim xalq rəqslərimizi uşaqlara tanıtmaq, bu mövzuda uşaqlara bol informasiya vermək lazımdır.
Qız uşaqlarına oğlan rəqslərinin hərəkətlərini öyrətmək... Qızlar da bəzi hallarda oğlan kimi rəqs edirlər. Bu, elə də böyük bir əhəmiyyət daşımır. Mən özüm heç vaxt qızlara oğlan dərsləri, oğlanlara isə qız dərsləri keçmirəm.
Rəqsin quruluşundan çox şey aslıdır. Ancaq birbaşa qızlar ritm üzərində oğlan kimi oynamaqları təbii ki, qınağa səbəb olur. Mən özüm də buna heç vaxt razı olmuram ki, qızlar oğlan kimi rəqs eləsinlər.
- İllərdir ki, rəqslə məşğulsunuz - həm öyrədirsiniz, həm də rəqqaslıq edirsiniz. Bu rəqslər kənardan, peşəkar gözü ilə necə görünür?
- Çox bayağı, çox eybəcər və ayıb şəkildə görünür. Bir-iki hərəkət edə bilərsən. Rəqs zamanı sümüyünə düşdüsə edirsən, bu ayrı... Toydan, el şənliyindən söhbət gedir, burada bir-iki hərəkət etmək olar. Ancaq durub atlanıb-düşmək... Bu, əlbəttə ki, ayıbdır, biabırçılıqdır.
Xanımların xanım rəqsləri var, bəylərin də bəy rəqsləri var. Bəzi rəqslərdə ritmlər var ki, bu rəqsin sürətliliyini artırmaq üçün istifadə oluna bilir. Bunları bəzi müəllim bilmirlər. Öyrədə də bilmirlər. Ümumiyyətlə, bunlardan anlayışları yoxdur. Bu, artıq müəllimin səhvidir. Təbii ki, müəllim onu istiqamətləndirməlidir. Valideyn evindən qız övladını gətirir ki, müəllim, öyrədin, ritm oynasın. Mən onlara deyirəm ki, “mən qızlara ritm dərsi keçmirəm”.
- Bəs, bu ritmləri qız uşaqlarına öyrədən müəllimlər..?
- Hər hansı bir müəllim rəqs kurslarında qızlara ritm öyrədirsə, deməli onun savadı o dərəcədə də çox deyil. Demək ki, o, peşəkar rəqs müəllimi deyil. Əgər öyrədirsə, demək pul naminə o dərsi keçir. Valideyn istəyir, müəllim də öyrədir.
Məsələnin ikinci tərəfi də ola bilər. Burada isə müəllimi o qədər də çox günahlandırmaq olmaz. Amma müəllim deyə bilər ki, mən qızlara oğlan rəqsləri öyrətmirəm. Əgər o peşəkar müəllimdirsə, o zaman onun rəqs repertuarında müxtəlif rəqslər olar ki, uşaqlara da o rəqsləri tədris edər, öyrədər. Gözəl, savadlı müəllimləriniz çoxdur. Siz görürsünüzmü ki, televiziyalarda ümumiyyətlə, elə rəqsləri efirə buraxmırlar.
- Niyə?
- Çünki televiziyaya sənət lazımdır. Rəqs nümunəsi lazımdır. Televiziyaya “çıkıdı, çıkıdı, çıkıdı” rəqsləe lazım deyil. Buna icazə də verilmir. Oğlanlar oynaya bilərlər, onlar heç. Amma qızlar yox. İndi sosial şəbəkələrdə kimsə nəyisə çəkib paylaşırsa, o demək deyil ki, o trenddir, o mütləq vacibdir.
- Bəs nə etmək lazımdır ki, bu formatda olan rəqslər artmasın, gənc qızlarımız ritm oynamağa üstünlük verməsinlər?
- Gəncləri düzgün istiqamətləndirmək lazımdır. Valideynlərə düzgün informasiya vermək lazımdır. Belə olan halda qızlar xanımlar üçün olan rəqslərə, oğlanlar da bəylər üçün olan rəqslərə gələcəklər.
- Televiziyalardan söz düşmüşkən, son zamanlar sənət adamlarının bir çoxu teleməkanları bayağılıqda ittiham edirlər, gileylənirlər. Siz necə düşünürsünüz?
- Elə efirlər var ki, mən getmirəm. Biz öyrəşmişik ki, qonağı dəvət edirlərsə, qonaq haqqında dolğun məlumat olmalıdır. Qonağı gözəl qarşılayıb, gözəl də yola salmaq lazımdır. Misal üçün qalmaqallı verilişlər var ki, mən o verilişlərə getmirəm. Çünki bu tip proqramlar mənim xislətimə, xarakterimə uyğun deyil. Amma elə verilişlər var ki, mətbəx verilişidir. Bəzi sənət adamları bu formatlı verilişə getmək istəmirlər, amma mən gedirəm.
Bu gün zamanın da nəbzini düzgün tutmaq lazımdır. Bu gün hər şeyi televiziyaların da üzərinə yıxmaq düzgün deyil. Olmaz. Televiziya da maliyyələşdirilməlidir. Burada sponsor söhbətləri var... Yaxşı qonorar olarsa, təbii ki, yaxşı layihələr də edəcəklər. Deməli pul yoxdur ki, layihələr də istədiyimiz kimi deyil.
- Bunu bütün televiziyalara aid etmək olarmı?
- Xeyr, bunu hamısına şamil etmək olmaz. Yaxşı layihələr də var.
- Son zamanlar 6/8 ritmində mahnılar çox yazılır. Bu musiqilər rəqslərin hazırlanması üçün nə dərəcədə uyğundur? Rəqslərin milliliyinə nə dərəcədə təsir göstərir?
- Ümumiyyətlə, Azərbaycan musiqisi 6/8 ritminin üzərində ölçülür. Bütün rəqslərimiz bu formatda olur. Bilirsiniz, indi toy bazarı deyilən bir şey var. İnsanlara təlabat əgər şoudursa, toy bazarıdırsa, məcburiyyətdən bunları etmək lazımdır. İfaçı da işləməlidir, qazanmalıdır. Yoxsa başqa cür alınmır. Mütləq şəkildə toy üçün də işləməlidir ki, hər hansı bir şoular yaratsın. Və yaxud da ki, müəyyən musiqilər yazılır ki, onlar yalnız toy üçün daha əlverişlidir.
- Hər şeyi pula qurban vermək nə dərəcədə düzgün olar?
- Yox, əlbəttə ki, bu düzgün deyil. Toy mahnılarından, musiqilərindən əlavə elə mahnılar da yazılmalıdır ki, onlar illərlə yadda qalsın. Tarixə nəzər salanda görürük ki, bizim elə musiqilərimiz, elə zəngin repertuarımız var ki, onlar bu günə qədər dinlənilir. Səsi gələndə uşaqdan böyüyə hər kəs o musiqini, rəqsi əzbər bilir. Bu gün elə musiqilər yazılır ki, onlar ən çoxu bir il yadda qalır. Mahnının oxunuş tərzindən, yazılışdan da çox şey aslıdır. Əgər üç-dörd sözdən ibarət bir mahnı yazılırsa, məlumdur ki, bu pul qazanmaq üçün yazılıb. Bizim nə qədər bəstəkarlarımız, müğənnilərimiz olub, korifey sənətçilərimiz olub. Onların mahnılarına baxın, bu günə qədər oxunur, yadda qalıb. Bu gün bir mahnı çıxır, onu müxtəlif sosial şəbəkə hesablarında paylaşaraq trend etmək olur. Bir-iki aya da unudulub gedir. Rəqs də elədir. Elə musiqi seçməlisən ki, o yadda qalsın, unudulmasın. Geyimlər, rəqs quruluşu elə olmalıdır ki, o yaddan çıxmasın.
- Bəzi gənc ifaçılar belə mahnıların dinləyicilərin, auditoriyanın istəyi olduğunu deyirlər. Bəs sizcə, güahkar kimdir?
- Aşıq gördüyünü çağırar. İzləyicini qınamaq lazım deyil. Siz izləyiciyə, dinləyiciyə düzgün, keyfiyyətli məhsul təqdim etsəniz, dinləyici onu dinləyəcək, izləyici ona baxacaq. Burada auditoriyalıq bir iş yoxdur. Mən onlara düzgün rəqs, yaxşı məhsul təqdim edirəmsə, o da mənim rəqsimi sevib, hər dəfə məndən elə rəqsləri gözləyəcək.
Ziyafət Əlisoy