İyunun 6 və 7-si Azərbaycanda Qurban bayramı qeyd olunacaq.Qurbanlıq heyvanlar yalnız xüsusi ayrılmış və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə kəsilməlidir. Küçə, yol kənarı, məhəllə araları kimi qanunsuz və antisanitar yerlərdə aparılan kəsimlər xəstəliklərin yayılmasına səbəb ola bilər. Kəsim həm də ətraf mühitin, insan sağlamlığının qorunmasına yönəlməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilir.
"Heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı olmalı, qəssablar xüsusi geyimdə və tibbi yoxlamadan keçmiş vəziyyətdə fəaliyyət göstərməlidir. Alətlər daim dezinfeksiya olunmalı, tullantılar isə vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Ət məhsullarının satışını həyata keçirən məkanlar sanitar və baytarlıq tələblərinə cavab verməlidir. Cəmdəklərin saxlanıldığı yerlər soyuducu avadanlıqlarla təchiz edilməli, soyuq zəncir prinsipi qorunmalıdır. Diri heyvanların satışına bu nöqtələrdə yol verilməməlidir. Tələb olunan infrastruktur və nəzarət sistemi olmadan həyata keçirilən satış və kəsimlər həm təhlükəli, həm də qanunsuzdur",- deyə məlumatda qeyd edilib.
Bu barədə Bakıvaxt.az-a danışan qəssab Aydın Qulamov bildirib ki, heyvan seçimi zamanı diqqətli olmaq lazımdır.
Onun sözlərinə görə, bu tip heyvanlarda infeksiya və digər yoluxucu xəstəliklərin riski yüksəkdir:
"Qurbanlıq heyvanın sağlam, aktiv və baxışlarında canlılıq olmalıdır. Xüsusilə, doğum etmiş və ya hamilə olan heyvanlardan da uzaq durulmalıdır".
Qəssab həmçinin qeyd edib ki, kəsim prosesi də xüsusi qaydalara uyğun aparılmalı, küçə və məhəllələrdə qurbanlıq heyvanların kəsilməsi yolverilməzdir:
"Heyvanların kəsimi yalnız müəyyən edilmiş rəsmi məntəqələrdə və baytar nəzarəti altında aparılmalıdır. Kəsimdən sonra daxili orqanlar ətraf mühitə atılmamalı, dərin çuxurlara basdırılmalıdır".
O, bayram günü ətlərin uzun müddət plastik torbalarda saxlanmasının təhlükəli olduğunu da vurğulayıb:
"Bu vəziyyət bakteriya çoxalmasına və zəhərlənməyə səbəb ola bilər. Ətlər soyuducuya yerləşdirilmədən əvvəl mütləq otaq temperaturunda müəyyən müddət saxlanmalı, sonra düzgün şəkildə qablaşdırılmalıdır".
Nuriyyə Musayeva