Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda yerləşən “Zülfü Ustanın Dönəri” ictimai iaşə obyektin fəaliyyəti məhdudlaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, fiziki şəxs Vəliyev Zülfü Rəşid oğluna məxsus “Zülfü Ustanın Dönəri” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.
Dönərxanada bir sıra ciddi nöqsanlar aşkarlanıb, müxtəlif həşəratlar və ev heyvanı (pişik) müşahidə edilib.
Təəssüflər olsun ki, belə hallarla tez-tez qarşılaşırıq. Xəbərdarlıqlar edilməsinə baxmayaraq, yenə də bəzi ictimai iaşə obyektlərində bu kimi vəziyyət müşahidə olunur.
Bəs bunun qarşısını necə almaq olar?
Asim Vəliyev, Qida eksperti
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən qida eksperti Asim Vəliyev bildirib ki, dönərxanalarda antisanitar vəziyyətin qarşısını almaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir. Bu tədbirlər həm dövlət orqanlarının nəzarətində, həm də sahibkarların öz məsuliyyətində olmalıdır.
A.Vəliyevin sözlərinə görə, Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dönərxanalara daha ciddi və müntəzəm nəzarət həyata keçirilməlidir:
“İctimai iaşə obyektlərində mütəmadi yoxlamalar həyata keçirilməli, sanitar qaydaların vəziyyətinə diqqət edilməlidir. Sanitar qaydalara əməl etməyən dönərxanalar üçün daha sərt cəza tədbirləri tətbiq edilməlidir və bu cəzalara yüksək məbləğdə cərimələr, fəaliyyətin müvəqqəti dayandırılması və ya icazələrin ləğvi daxil ola bilər”.
Müsahibimiz qeyd edib ki, dönərxanalarda çalışan işçilər mütəmadi olaraq maarifləndirilməlidir. Bu, xüsusi təlimlər, kurslar və sertifikatlaşdırma vasitəsilə həyata keçirilə bilər. Həmçinin müştərilər üçün şəffaflıq təmin edilməlidir. Dönərxanaların sanitar vəziyyətini əks etdirən sertifikatlar və ya rəy lövhələri görünən yerlərdə asılmalıdır. Eyni zamanda ictimaiyyətin də şikayət və təkliflərini bildirməsi üçün xüsusi qaynar xətlərin mövcudluğu vacibdir.
A.Verdiyev onu da qeyd edib ki, dönərxanalar öz texniki təchizatlarını yeniləməli, təmizləmə prosedurlarına ciddi riayət etməli, soyuducu, əl yuma yerləri və digər gigiyena tələbləri müvafiq qaydalara uyğun olmalıdır:
“Bu tədbirlər həm qida təhlükəsizliyini, həm də vətəndaşların sağlamlığını qorumaqda faydalı ola bilər”.
Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, istehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün həmin müəssisələrdə bir sıra qaydalara ciddi şəkildə əməl edilməli, o cümlədən qida məhsullarına dair tələblər yerinə yetirilməlidir.
Nəzərə çatdırılıb ki, ictimai iaşə obyektlərində insan istehlakı üçün yararsız olan, habelə parazitlər, patogen mikroorqanizmlər, kənar maddələr və ya toksinlərlə çirklənmiş, sanitar-gigiyenik normalara uyğun olmayan qida məhsullarının qəbulu, istehsalı və emalı qətiyyən yolverilməzdir və qida məhsullarında çarpaz çirklənmənin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir.
“Digər tədbirlərlə yanaşı, ət və ət məhsulları, balıq əti və balıqçılıq məhsulları, tərəvəz kimi qida məhsullarının istehsalı ilə soyuq qəlyanaltılar da daxil olmaqla, məhsulların emalı bir-birindən izolə edilmiş ayrı sahələrdə həyata keçirilməli və ya ayrı-ayrılıqda təşkil olunmalıdır. Qida məhsulları döşəmə, tavan və divarla təmas etməməlidir. Qida məhsullarının müvafiq şəraitdə saxlanması üçün temperatur və rütubətə nəzarət olunmalıdır. Qida məhsulları ilə təmasda olan buz içməli sudan hazırlanmalı, çirklənmədən qorunmalıdır”.
Həmçinin qida məhsullarının daşınması keyfiyyətinin və təhlükəsizliyinin qorunması tam təmin edilən şəraitdə aparılmalı, tez xarab olan məhsullar (istehsal və ya emal edildikdən sonra 30 günə qədər yararlılıq müddəti olan) yalnız xüsusi qablarda və temperatur şəraiti olan avadanlıqlarda saxlanmalı və daşınmalı olduğu vurğulanıb:
“Qida məhsulları hazırlanarkən düzgün bişirilmə temperaturuna riayət edilməlidir. Qida məhsullarının yararlılıq müddətinə nəzarət olunmalı və saxlanma yerlərində “İlk girən-ilk çıxar (FIFO)” prinsipinə uyğun hərəkət edilməlidir. Dondurulmuş qida məhsullarının donunun açılması (defrostasiya) proseduru patogen mikroorqanizmlərin artımı və ya qidada toksinlərin əmələ gəlməsinə imkan verməyən şəraitdə həyata keçirilməlidir. Donu açılan qida məhsulları təkrar dondurularaq istifadə olunmamalıdır.
Bu qaydalara əməl edilmədikdə, bir sıra təhlükəli hallar meydana çıxır ki, bu da kütləvi zəhərlənmələrə və insanın həyat və sağlamlığı üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində fəaliyyət göstərən iaşə obyektlərində yoxlama nəzarət tədbirləri davam etdirilir. Bu sahədə sağlamlaşdırma işləri həyata keçirilməkdədir. Bununla belə, istehlakçılardan xahiş edirik ki, istər ictimai iaşə obyektləri olsun, istərsə də digər qida obyektləri, eləcə də qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə qarşılaşdıqları xoşagəlməz hallarla bağlı Agentliyin 1003 qaynar xəttinə məlumat versinlər”.
Mina Mikayılova