• Bakı 18° C

    8.12 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Əliyev-Putin görüşünə dair sensasion yanaşma: Rusiyadaxili dinamika, Putinin legitimlik məsələsi və Zəngəzur dəhlizi... - TƏHLİL

SİYASƏT

10 Oktyabr 2025 | 11:45

Əliyev-Putin görüşünə dair sensasion yanaşma: Rusiyadaxili dinamika, Putinin legitimlik məsələsi və Zəngəzur dəhlizi... - TƏHLİL

Dünən Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti Cənab İlham Əliyevlə Rusiya prezidenti Vldimir Putin arasında keçirilən görüş baş tutub.

Rusiya prezidenti  Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə söhbətində 2024-cü ilin sonlarında zenit raketlərinin dağıntılarına məruz qalan “Azərbaycan Hava Yolları”na məxsus  təyyarənin qəzaya uğramasına görə Rusiyanın məsuliyyət daşıdığını etiraf edib. Vladimir Putin bundan əvvəl üzr istəyib, faciə zamanı Rusiya raketlərinin atıldığını etiraf edib, lakin Rusiyanın məsuliyyətini birbaşa etiraf etməyib. Cümə axşamı Rusiya prezidenti izah edib ki, Rusiya hava hücumundan müdafiə vasitələri faciə günü Qroznı səmasında Ukraynaya məxsus pilotsuz təyyarələrin olması ilə əlaqədar fəaliyyət göstərib:

“Atılan iki raket birbaşa təyyarəyə dəyməyib, bəlkə də özünü məhv etməklə bir neçə metr aralıda, təxminən 10 metr aralıda partlayıb. Ona görə də təyyarənin) məhvi döyüş elementləri ilə deyil, daha çox raketlərin dağıntıları hesabına baş verib”.

Görüşü Bakıvaxtı.az-a şərh edən analitik Aqşin Kərimov bildirib ki, Vladimir Putinin hərəkətlərindən və ritorikasının tonundan anlaşıldı ki, o, hazırda Azərbaycan Prezidenti İlham Əliyevlə konstruktiv nəticə əldə olunması ilə bağlı davamlı danışıqlar aparmaq niyyətindədir:

“Bu məqsədlə Putin AZAL təyyarəsinin Rusiya hava məkanında vurulmasının səbəbləri barədə prezident İlham Əliyevə müfəssəl məlumatlar təqdim etdi. Bu, İlham Əliyevin AZAL təyyarəsinin vurulmasına görə Rusiyaya qarşı göstərdiyi prinsipiallığın, ardıcıl və sistemli mövqeyinin nəticəsidir.

Ancaq Putin AZAL təyyarəsi ilə əlaqədar Azərbaycanın mövqeyinə yaxınlaşdıqca, onun Bakıya olan strateji ehtiyacları daha geniş mənada təsvir olunur”.

Müsahibimiz qeyd edib ki, Putin Azərbaycan və Rusiyanı regiondakı geosiyasi dəyişikliklərin müşayiətində ümumi strateji məqsədlər ətrafında birləşdirməyi vacib hesab edir. Bunun üçün Putin Rusiyanın regional etimad mühitini formalaşdırmağa çalışır və Əliyevə AZAL təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyan şəxslərin cəzalanacağını bəyan edir:

“Bu, olduqca əhəmiyyətli hadisədir, çünki AZAL təyyarəsinin vurulması Rusiyada güc strukturları arasında bir-birlərinə qarşı mübarizənin yeni dizaynına təkan vermiş kimi görünür. Misal üçün, Rusiya Baş İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin AZAL təyyarəsi ilə əlaqədar məsələni Çeçenistan rəhbəri Ramzan Kadırov və ətrafını neytrallaşdırmaq üçün şans kimi qiymətləndirdi. Bu, Rusiya siyasətindəki bəzi ziddiyyətlər və daxili güc mübarizələrinin təzahüründə Ramzan Kadırovun mövqelərinin Azərbaycanla münasibətlərin gərginləşməsi fonunda zəiflədiyini ortaya çıxardı”.

Kərimov Kadırovun bu mövqeyini üç hadisə fonunda qiymətləndirib:

“Birincisi, 2024-cü ilin dekabrın əvvəlində Ramzan Kadırov Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsevi və Baş İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkini tənqid etmişdi. Bu, Aleksandr Bastrıkinin Rusiyada törədilən terror aktlarının təşkilatçı və icraçılarını islamçı adlandırmasına qarşı cavab idi.

İkincisi, Qərb kəşfiyyatı ilə məlumat əməliyyatlarının mübadiləsini həyata keçirən Ukraynanın Dezinformasiyalara qarşı Mübarizə Mərkəzi Ramzan Kadırovun açıqlamasını Rusiya daxili hakimiyyət mübarizəsi kontekstində təqdim edərək belə başlıq təqdim etmişdi: “Putin Kadırov üzərində nəzarəti itirir”.

Üçüncüsü, Vladimir Putinin əmri ilə Aleksandr Bastrıkinin AZAL təyyarəsinin vurulması ilə əlaqədar istintaq aparılması üçün 2025-ci ilin yanvarında Qroznıya səfər etməsi və əməliyyat müşavirəsi keçirməsi Ramzan Kadırovun iradəsindən kənarda baş tutmuşdu.

Daha sonra Kadırovun öz ailəsinin və mülklərinin təhlükəsizlik təminatını Yaxın Şərq ölkələrində axtardığına dair xəbərlər və Federal Təhlükəsizlik Xidmətinin bu barədə Putinə məlumat verdiyi iddiaları bəzi məqamları aydınlaşdırdı.

İndi Putin elan edir ki, təqsirkarlar cəzalanacaq və ehtimal ki, bu məsələdə Rusiya daxilindəki güc subyektləri arasındakı rəqabətin idarə edilməsi Putinin gündəliyində yer alacaq. Çünki Ukraynadakı müharibənin gedişatı Putinin legitimlik məsələsinin gələcəyini müəyyənləşdirir. Bu, geniş mənada İlham Əliyevin göstərdiyi qətiyyətin Rusiya Federasiyasının hərbi-siyasi aparatına təsirlərini qiymətləndirməyə imkan yarada biləcək istiqamətlər açır”.

Aqşin Kərimov: Bakı heç bir halda itirən tərəf kimi çıxış etməyəcək və Purin də bunu başa düşərək...

Analitik hesab edir ki, Rusiyanın Azərbaycanla əlaqədar başqa məqsədləri Moskvanın Ukraynadakı müharibə fonunda riskə düşən geosiyasi vəziyyəti ilə əlaqədardır:

“Rusiya ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan danışıqlarının nəticələrində həlledici maraqlarının olması ilə razılaşmaq istəmir. Bu, Trampın vasitəçiliyi ilə avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda əldə etdiyi razılıqlara, o cümlədən Zəngəzur dəhlizində ABŞ-nin təmsilçiliyinə verilən əks-reaksiyadır. İndi Putin Rusiyanın “TRIPP marşrutu”nda ən azından Azərbaycan-ABŞ-Türkiyə üçbucağı ilə əməkdaşlıq formatında təmsilçilik hüququ əldə etməyə çalışır. Yəni, Rusiya Zəngəzur dəhlizində əməkdaşlıq modelinə dair konstruktiv variantlara açıq olduğunu göstərir.

Təhlükəli ssenaridə isə Rusiya ABŞ-nin Cənubi Qafqazda qazandığı strateji gücü və təsirlərini minimallaşdırmaq üçün fərqli kurs izləyə bilər. İlham Əliyevin strateji cavabları Azərbaycanın əhəmiyyətli dərəcədə geosiyasi üstünlüklərinin tətbiqinə söykənir və bu o deməkdir ki, Bakı heç bir halda itirən tərəf kimi çıxış etməyəcək. Putin bunu yaxşı başa düşərək Rusiyanı geosiyasi zəiflikdən çıxarmaq üçün Azərbaycanla əməkdaşlığın yenilənməsinə can atır.  Bu məsələ Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində Azərbaycanın tranzit imkanları və perspektiv potensialının Rusiya üçün əhəmiyyətini də vurğulayır”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bunlarla bərabər, Putin Əliyevlə görüşünü Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərinə münasibətdə də nəticələndirən məqam axtarır:

“Çünki İlham Əliyevin Ermənistanın dövlət quruluşunun dəyişdirilməsi məsələsində imic qazanması Putini Bakı ilə əlaqələrdə fərqli dinamikalar izləməyə vadar edir. Görünür ki, Putin Ermənistandakı seçki rejimini Azərbaycanla birlikdə idarə etmək maraqlarından çıxış etməyi strukturlaşdırır.

Azərbaycanın və Rusiyanın əlaqələrindəki müsbət təcrübələrə əsaslanaraq proqnozlaşdırmaq olar ki, iki ölkə iqtisadi-ticari əlaqələrə xələl gətirmədən əməkdaşlıq xarakterini təzələyə bilər. Bu məsələ Rusiyanın Zəngəzur dəhlizində iqtisadi-ticari əməliyyatlar qazanması üçün onun Azərbaycanla bərabər ABŞ, Türkiyə ilə danışıqlarındakı istiqamətlərə təsir göstərəcək. Lakin Rusiya öz təsirini artırmaq üçün yaranan imkanları göydəndüşmə fürsət kimi qiymətləndirəcək. Lakin bu fürsətlərin meydana çıxması Rusiyanın Ukraynadakı müharibə fonunda hansı geosiyasi nəticələr əldə etməsindən asılıdır. Bu məsələlərdə Azərbaycanla Rusiyanın geosiyasi ziddiyyətlərə düşəcəyi ehtimalının aktullaşması istisna olunmur. Bu, xüsusilə Ermənistanla bağlı münasibətlərdə və Azərbaycanın NATO ilə tərəfdaşlığında, Böyük Britaniya, Fransa ilə əlaqələrində yaranmış dizaynı pozmaq cəhdləri ilə müşahidə oluna bilər. Ancaq Azərbaycan özünü tarixin və geosiyasətin doğru tərəfində yerləşdirib və bu, ona hər bir ssenari üzrə çevik, operativ qərarlar verib nəticələr əldə etməsini asanlaşdıran alətlər qazandırır”.

Aydın Baxış


SON XƏBƏRLƏR