D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi, səfir Sahil Mahmud bərpa olunan enerji potensialı və urbanizasiya prosesləri ilə bağlı açıqlama verib.
Bakıvaxtı.az-ın xəbərinə görə, Sahil Mahmud bildirib ki, bir sıra inkişaf etməkdə olan ölkələr günəş, hidro, külək və geotermal enerji kimi geniş bərpa olunan enerji resurslarına malikdir.
Onun sözlərinə görə, bu potensial enerji təhlükəsizliyi və dayanıqlı inkişaf baxımından mühüm imkanlar yaradır.
Eyni zamanda, Baş katib qeyd edib ki, sürətli urbanizasiya şəhərlərə ciddi təzyiq göstərir.
Onun sözlərinə görə, mənzil təminatı, nəqliyyat infrastrukturu, su təhlükəsizliyi, kommunal xidmətlər, tullantıların idarə olunması, ərzaq sistemləri və enerji tələbatı kimi sahələr artan əhali fonunda əlavə yük altında qalır.
Sahil Mahmud vurğulayıb ki, urban artım iqlim dəyişikliyi ilə paralel şəkildə baş verdiyi üçün şəhərlərin dayanıqlılığı daha da vacib hala gəlir.
Onun fikrincə, inkişaf etməkdə olan ölkələrdə şəhər əhalisinin artımı gələcək illərdə də davam edəcək və bu, daha inklüziv və dayanıqlı şəhər planlaşdırılmasını zəruri edir.
Əli Hüseynov
Bakı 




