Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin yaradılmasını nəzərdə tutan TRIPP layihəsi regionun nəqliyyat xəritəsini dəyişdirə biləcək strateji təşəbbüslərdən biri kimi qiymətləndirilir. Layihə yalnız Azərbaycanın çoxdankı hədəfinin həyata keçirilməsi deyil, eyni zamanda Cənubi Qafqazın Şərqlə Qərb arasında mühüm tranzit mərkəzinə çevrilməsi baxımından diqqət çəkir.
ABŞ-nin də bu prosesə maraq göstərməsi təşəbbüsün regional sərhədləri aşaraq beynəlxalq geosiyasi əhəmiyyət qazandığını göstərir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını savablandıran politoloq Züriyə Qarayeva bildirib ki, TRIPP layihəsi Cənubi Qafqazda nəqliyyat və iqtisadi imkanlarla yanaşı, siyasi təsir bölgüsünü də dəyişdirə bilər. Onun sözlərinə görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin yaradılması Bakının regional mövqeyini daha da möhkəmləndirəcək. Bu marşrut Türkiyə ilə Azərbaycan arasında birbaşa bağlantını gücləndirərək türk dünyasının coğrafi və iqtisadi inteqrasiyasına əlavə imkanlar açacaq:
“Ermənistan layihəyə konstruktiv yanaşarsa, uzun illər davam edən regional təcriddən çıxmaq və yeni tranzit gəlirləri əldə etmək imkanı qazana bilər. Eyni zamanda, ABŞ və Avropa dövlətlərinin prosesdə iştirakının genişlənməsi Rusiya və İranın regiondakı ənənəvi təsir imkanlarına müəyyən dərəcədə təsir göstərə bilər. Buna görə TRIPP sadəcə nəqliyyat xətti deyil, Cənubi Qafqazda yeni geosiyasi balans yarada biləcək strateji təşəbbüsdür”.
“Zəngəzur dəhlizi məsələsinin ABŞ-nin də gündəmində olması Vaşinqtonun regiona marağının artdığını göstərirmi” sualını cavablandıran politoloq bildirib ki, ABŞ-nin Zəngəzur dəhlizi və TRIPP layihəsinə marağı Vaşinqtonun Cənubi Qafqaza daha uzunmüddətli strateji baxış formalaşdırdığını göstərir. Burada əsas məqsədlərdən biri Xəzər hövzəsini, Mərkəzi Asiyanı və Avropanı birləşdirən alternativ nəqliyyat marşrutlarının inkişaf etdirilməsidir. Belə bir xəttin fəaliyyətə başlaması Qərbin region ölkələri ilə ticarət və enerji əlaqələrini genişləndirə bilər: “Vaşinqton eyni zamanda Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasında iqtisadi əməkdaşlığın mühüm rol oynadığını nəzərə alır. ABŞ-nin iştirakı Rusiyanın vasitəçilik monopoliyasının zəifləməsi və regionda yeni beynəlxalq tərəfdaşlıq modelinin yaranması ilə də nəticələnə bilər. Lakin Vaşinqtonun marağının davamlı siyasi və maliyyə öhdəlikləri ilə müşayiət olunub-olunmayacağı layihənin gələcəyi üçün əsas məsələlərdən biridir”.

Züriyə Qarayeva: TRIPP layihəsi Naxçıvanın iqtisadi və strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artıracaq
TRIPP layihəsinin Azərbaycan–Ermənistan sülh prosesinə təsirinə gəlincə, Z.Qarayeva qeyd edib ki, TRIPP layihəsi düzgün hüquqi və siyasi mexanizmlər əsasında həyata keçirilərsə, Azərbaycan-Ermənistan sülh prosesinin mühüm təminatlarından birinə çevrilə bilər. Kommunikasiyaların açılması tərəflər arasında qarşılıqlı iqtisadi maraqların və asılılığın yaranmasına şərait yaradacaq. Onun fikrincə, bu isə yeni hərbi qarşıdurmanın həm siyasi, həm də iqtisadi qiymətini əhəmiyyətli dərəcədə yüksəldəcək. Ermənistan regional layihələrdən fayda əldə etdikcə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasında daha maraqlı ola bilər:
“Bununla yanaşı, marşrut üzərində nəzarət, təhlükəsizlik və gömrük prosedurları ilə bağlı fikir ayrılıqları əvvəlcədən aradan qaldırılmalıdır. Əks halda, sülhü möhkəmləndirməli olan layihə tərəflər arasında yeni siyasi mübahisələrin predmetinə çevrilə bilər”.
Həmsöhbətimiz vurğulayıb ki, TRIPP layihəsinin həyata keçirilməsi Naxçıvanın iqtisadi və strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artıracaq. Muxtar Respublikanın Azərbaycanın əsas hissəsi ilə birbaşa nəqliyyat əlaqəsi əldə etməsi yük və sərnişin daşımalarının daha sürətli və əlverişli təşkilinə imkan verəcək. Yeni marşrut Naxçıvana investisiya axınını gücləndirə, sənaye, logistika, turizm və xidmət sektorlarının inkişafını sürətləndirə bilər. Bununla yanaşı, Naxçıvan Azərbaycan, Türkiyə və Mərkəzi Asiyanı birləşdirən regional nəqliyyat qovşaqlarından birinə çevrilə bilər.
“Belə bir perspektiv Muxtar Respublikanın uzun illər üzləşdiyi coğrafi məhdudiyyətlərin iqtisadi təsirlərini də tədricən azaldacaq. Nəticədə Naxçıvan ölkənin ayrılmaz hissəsi olmaqla yanaşı, Azərbaycanın regional inteqrasiya siyasətində daha fəal strateji mərkəz rolunu oynayacaq”, - Züriyə Qarayeva əlavə edib.
Zülfü Məmmədov




