• Bakı C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Zərdüşt Əlizadə: “Qərb Ermənistandan alət kimi istifadə edəcək ki, Azərbaycanı…” - MÜSAHİBƏ

MÜSAHİBƏ

09 Dekabr 2024 | 09:49

Zərdüşt Əlizadə: “Qərb Ermənistandan alət kimi istifadə edəcək ki, Azərbaycanı…” - MÜSAHİBƏ

Tanınmış politoloq Zərdüşt Əlizadə Bakıvaxtı.az-a müsahibə verib.

Söhbəti təqdim edirik.

- Suriya, Ukrayna və Gürcüstan cəbhəsində Qərb orbiti ilə Rusiya savaşır, Ukrayna və Gürcüstan cəbhəsində qalib və məğlub tərəf məlum deyil, amma Suriya cəbhəsində Qərb qalib gəldi desək, yanılmarıq...

- Bəşər Əsəd devrildi, ölkədən qaçdı. Bu, gözlənilən idi. Bir quruluş ki, yalnız və yalnız zülm və əzib-satmağa söykənir, onun sonu yoxdur.

Suriyada iki beynəlxalq qüvvə vuruşurdu. Bir hissə Qərbdən dəstək alıb, silahlanmışdı və Bəşər Əsədi devirməyə çalışırdı. Digər qüvvə - Rusiya və İran isə Əsədi saxlamağa can atırdı. Ukrayna cəbhəsi Rusiyanın başını qatdı, İranın isə İsraillə döyüşə başı qarışdı. Ona görə də Bəşər Əsədə köməklik göstərə bilmədilər. Qərbin dəstəyi ilə hərəkətə keçən qüvvələr Bəşər Əsədi devirdilər.

- Ukrayna cəbhəsində kim qalib ayrıla bilər?

- Hələ ki, Rusiyanın hərbi üstünlüyü var. Həm əhali, həm iqtisadiyyat, həm də hərbi sürsat baxımından üstünlük Rusiyadadır, amma Amerika, konkret olaraq Donald Tramp Ukraynaya kifayət ədər silah-sürsat versə, onlar Rusiyanı Ukraynadan qovub çıxaracaqlar.

- Gürcüstanda vəziyyət kimin, hansı qüvvələrin xeyrinə dəyişə bilər?

- Başda İvanişvili olmaqla “Gürcü arzusu” partiyasının üstünlüyü var. Ordu əllərindədir, xüsusi təyinatlılar və polis qüvvələri onların tərəfindədir. Əgər gürcü cəmiyyətinə kifayət qədər dəstək versələr, İvanişvili quruluşu çökə bilər. Çünki bu quruluş tarixi prosesin əksinə gedir. Gürcü cəmiyyəti Avropa dəyərlərinə, İvanişvili quruluşu isə milli dəyərlərə üstünlük verir. Milli dəyərlərlə Avropa dəyərləri arasında mübarizə gedir, hansı güclü olsa, o da qalib gələcək.

- Qeyd etdiniz ki, “Əgər gürcü cəmiyyətinə kifayət qədər dəstək versələr, İvanişvili quruluşu çökə bilər”. Konkret olaraq hansı qüvvələr dəstək verə bilər?

- Proseslər Amerika və Avropanın gürcü elitasına təzyiqindən asılı olacaq. Gürcü elitası guya ki, Avropaya qarşıdır, amma hamısının övladı Avropa və Amerikada təhsil alır. Onların pulu Amerika və Avropadadır, iqtisadi əlaqələri Avropa və Amerika ilə qururlar. Avropanın və Qərbin gürcü hakim zümrəsinə güclü təsir imkanı var. Görünür, bu onlara hələ ki, fayda vermir.

- Suriya cəbhəsindən Türkiyə “əli güclü” çıxdı...

- Əlbəttə, güclü çıxdı. Suriyanın içərisində türkmənlər yaşayır. Türkiyə onları sılahlandırdı və silahlı qüvvə yaratdı. Eyni zamanda islamçıları dəstəklədi. Əsas məqsəd Bəşər Əsədi devirmək idi və buna nail oldular.

- Dünya supergüclərinin başının Suriya, Ukrayna və Gürcüstana qarışdığı bir dönəmdə Azərbaycan Ermənistanla yekun sülh və Zəngəzur dəhlizi məsələsini həll edə bilərmi?

- İndi yenə hər şey Qərbin - Amerika və Fransanın mövqeyindən asılı olacaq. Əgər onlar Ermənistanı yenə də bölgəyə nəzarət etmək üçün alətə çevirsələr və erməni hakim zümrəsi buna razı olsa, onda çox güman ki, dəhliz və yekun sülh məsələsi həllini tapmayacaq. Qərb Ermənistandan alət kimi istifadə edəcək ki, Azərbaycanı itaətdə saxlasın, amma bunun mümkün olub-olmayacağını zaman göstərəcək.

Aydın Baxış


SON XƏBƏRLƏR