• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Əliyevlə Ərdoğanın qol qoyduğu işlər - Əkbər Qoşalı yazır
YAZARLAR
11 Mart 2022 | 09:18

Əliyevlə Ərdoğanın qol qoyduğu işlər - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da qardaş Türkiyəyə işguzar səfər etdi. Prezident Türk Şurasının (indiki Türk Dövlətləri Təşkilatının) VIII Zirvə Görüşü üçün ötən ilin 12 noyabrında İstanbula səfər etmişdi; budəfəki səfər Ankarayaydı.

İlham Əliyevin qardaş ölkənin keçmiş və indiki paytaxtına səfərlərindən öncə Türkiyə dövlət başçısının bizim siyasi (Bakı) və mədəniyyət (Şuşa) paytaxtımıza (eləcə də, Füzuliyə, Zəngilana) səfərlərini yaxşı xatırlayırıq. Bu ünvanlar yalnız könül coğrafiyamızı deyil, Şuşa Bəyannaməli qardaşların siyasi ahəngini, iqtisadi ritmini və beynəlxalq nizama ayar arayışlarını da ehtiva edir.

Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın gündəmi yetərincə zənginiydi. Qardaş ölkələrin başçıları Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparıb. Əlbəttə, 44 günlük Vətən Müharibəsinin qalıcı sonucları, o sonucların daha da möhkəmlənməsi ilə bağlı müzakirələr cəmiyyətimizin xüsusi diqqət mərkəzindədir. Rəsmi məlumatda bildirilir ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi görüşdə qeyd edilib, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparılıb. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun bölgə üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin önəmi vurğulanıb. Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyinin bildirildiyi görüşdə Ukraynadakı və b. hadisələrlə bağlı da fikir mübadiləsi aparılıb.

Bütün bunların ölkəmiz, bölgəmiz üçün nə qədər önəmli olduğu aydındır. Heç təsadüfi deyil ki, Azərbaycan Prezidentinin səfərindən saatlar öncə (son 14 ilin ardından) İsrailin Prezidenti Türkiyəyə səfər etmişdi. Türkiyə Prezidenti Ukrayna, Rusiya Prezidentləri ilə, digər ölkələrin dövlət başçıları ilə telefon danışıqlarında bulunmuşdu və Türkiyə ilə Azərbaycan Prezidentlərinin 4 saatlıq görüşündən az sonra isə ABŞ Prezidenti türkiyəli həmkarına telefon açdı. Bəli, dünyanın gözü Azərbaycanın qardaşındadır.

Yenə təsadüfi deyil ki, Azərbaycana səfərdən yenicə dönən Türkiyə xarici işlər nazirinin vasitəçiliyi ilə Ukrayna və Rusiya xarici işlər nazirləri Antalyada bir araya gəldi. Azərbaycanla Rusiya, Rusiya ilə Ermənistan xarici işlər nazirləri görüşdü. Daha necə və neçə görüş olacaq. Antalya Diplomatiya Forumu özü başlı-başına böyük bir hadisədir. Antalyada, necə deyərlər, “Diplomatiyanın yenidən qurulması”na çalışılır. Dünyanın dörd yanından dövlət və hökumət başçıları, nazirlər, siyasətçilər, diplomatlar, iş adamları, akademiklər, beyin mərkəzlərinin üzvləri, gənclər, media nümayəndələri Antalyaya yığışıb. Rusiya-Ukrayna savaşı, Rusiyaya misilsiz Qərb sanksiyaları fonunda Türkiyə bütün qarşı duran tərəflərin üz tutduğu, ehtiyac duyduğu, (ən əsası) etibar etdiyi ən xarakterli dövlətdir.

Doğrudan da, “Dünya beşdən böyükdür”… Antalya Diplomatiya Forumuna gələnlər, daha böyük ziyanlardan dönüş ümidinin Antalyada mexanizm qazanacağına (yaxud daha az itkilər fazasına keçidə) inam bəsləyir, desək yanlış olmazdı. Artıq vurğuladığımız kimi, Ermənistanın Xarici işlər naziri də Antalyadadır… Azərbaycanın xarici işlər nazirinin Antalyada olması isə o qədər təbii hadisədir ki, əksini düşünmək belə təsəvvürəgəlməzdir.

Azərbaycan və Türkiyə dövlət başçılarının şəxsi dostluğu, bu dostluğun Türkiyə-Azərbaycan işbirliyini daha yüksək səviyyəyə qaldırması danılmz faktdır. Bu dünyada qardaş xalqlar çoxdur, əlbəttə. Əlbəttə, qardaşlıq əcdadın mirasıdır lakin hər miras etibarlı əllərdə olmaya bilər. Düz-dünyanın gündəmində olan Rusiya-Ukrayna savaşı qardaşların münasibətsizliyinin gətirib çıxardığı acı mərhələnin ən yeni və ibrətamiz örnəyi deyilmi? Biz dövlətlərin ərazi bütövlüyünü candan-könüldən dəstəkləyən bir zehniyyətə sahibik. Özümüz işğaldan, dağıntıdan, qan-qadadan çəkdiyimizi çəkmişik, dünyanın heç bir ölkəsinin, xalqının biz çəkən acıları çəkməsini istəmirik. Üstəlik, Ukrayna kimi dost ölkənin şəhərlərinin viran qalması, əhalinin qaçqın-köçkünə dönməsi, uşaqların, qadınların, qocaların öldürülməsi, təhlükələrə məruz qalması bizim qəbul edəcəyimiz hallar deyil.

Doğrudur, biz daha betərini yaşamışıq ancaq çox azını da heç kəsin yaşamasını istəmirik. Nə demək istəyirəm?  Soy-kökdən, tarixdən gələn qardaşlığı qorumaq, inkişaf etdirmək və daha üstün – strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq hər liderin bacardığı iş deyil. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bunu bacardı. Gəlin etiraf edək, Azərbaycanla Türkiyənin indiki qədər yüksək səviyyəli strateji müttəfiqliyi məhz indiki liderlərimizin əsəridir. Bugünkü yüksək səviyyə və dövlətlərimizin gücü, nüfuzu müstəqilliyimizin ilk illərində olsaydı, çox yəqin ki, I Qarabağ müharibəsinin taleyi bir başqa cür ola bilərdi. Liderlərin tarixdəki rolu bir daha gündəmə gəlir və İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan qardaşlığının, hər iki liderin öz ölkələrinin inkişafı üçün gördüyü fövqəladə işlərin məntiqi sonucu şəxsiyyət və zaman düşüncələrini bizimçün bir daha güncəlləşdirir. Azərbaycanla Türkiyə bu anlamda, öz liderləri ilə bütün dünyaya örnək təşkil edir. Liderlərimiz həm öz ölkələrini həm də öz ölkələrindən ayırmadıqları qardaş ölkənin qüdrətlənməsini əməli addımlarla təmin edir.

Dövlət böyüklərimizin sözlərini bir daha xatırlayaq: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Biz bir millət, iki dövlətik”. İndiki nəsillərin əsas mənəvi borcu bu kəlamların gərəkdirdiyi birlik ruhunu qorumaq, o birliyə daha üstün səviyyə qazandırmaqdır. “Şuşa Bəyannaməsi” iki qonşu, dost, qardaş ölkə arasında daimi müttəfiqliyin geridönməzliyinin, qarşısıalınmazlığının təsdiqidir. Niyyət bəyanından söhbət getmir, söhbət iki ölkənin parlamentində təsdiqlənmiş qanundan gedir. İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın qol qoyduğu işlər təsadüflərlə, tendensiyalarla deyil, məhz qanunauyğunluqlarla səciyyələnir. “Şuşa Bəyannaməsi” qanundur! Sözümüzü Azərbaycan Prezidentinin Şuşada, tarixi Bəyannamə imzalanarkən dediyi sözlərlə süsləsək, əcdadımızın ruhunu şad edən, gələcək nəsillərə yol açan qanun! “Şuşa Bəyannaməsi” adı ilə, məzmunu ilə şərəflidir. “Şuşa Bəyannaməsi” böyük gələcək vədi ilə əvəzsizdir. Elə bir sənəddən danışırıq ki, bütün digər oxşar sənədlər onunla yalnız açıq-ara fərqlə qiysalana bilər, ona istinad oluna, ona bənzədilməyə çalışılar... Məsələn, Azərbaycanla Türkiyə arasında hərbi-texniki işbirliyinin örnəyi nə öz keçmişimizdə müşahidə olunmayıb, nə də başqa ölkələrlə münasibətlərin keçmişinə xas, gələcəyinə də uyğun deyil. Bizim müşahidəmiz, dəyərləndirməmiz və inamımız da odur ki, “Şuşa Bəyannaməsi”indən üstün sənəd yoxdur. Çünki Azərbaycanla Türkiyənin dərin bağları var. O dərinliyi üfüqügenişliklə idrak edib, əcdad ruhunu şad edən, gələcəyə yol açan liderləri var. Belə liderlərsə hər ölkənin, hər dövrün şansı deyil. Baxın, elə Antalya Diplomatiya Forumunda baş tutan Rusiya-Ukrayna danışıqları da konkret nəticələrə gətirib çıxarmadı. Bundan öncə üç raundda Belarusda işçi qruplar səviyyəsində görüşən keçmiş qardaşlar, Türkiyədə nazirlər səviyyəsində görüşsə də, anlaşmadan nə qədər uzaq olduqlarını hər kəs görmüş oldu. Təəssüflər ki, barışın təsisinə xidmət edən çağırışlar, çalışmalar hələlik sonuc vermir. Ancaq Azərbaycan və Türkiyə əbədi qardaşlığı bu gün keçmiş qardaşların anlaşma əldə edə bilməsi üçün mexanizm tapılmasına qatqıda bulunur.

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi yalnız iki ölkənin deyil, bölgənin dizaynını dəyişir. İstər “3+3” formatlı bölgəsəl işbirliyi arayışları, istər Zəngəzur dəhlizi ilə bağlı atılan addımlar, istərsə də, Avropann enerji təhlükəsizliyi baxımından özəl önəm daşıyan TANAP və TAP Türkiyə-Azərbaycan işbirliyinin təntənəsi olaraq, indiki ağır ortamda qeyri-adi gerçəklik yaradır. “Şuşa Bəyannaməsi” qanunlu Azərbaycan-Türkiyə strateji müttəfiqliyi türksoylu ölkələrin işbirliyinin önəmini və rolunu da qabardaraq, bugünkü geosiyasi durumda atılmalı zəruri addımları önplana çıxardır. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk Dövlətləri Təşkilatı miqyasında da şəkillənməlidir. Təşkilatın bütün üzvləri (o cümlədən müşahidəçi üzvləri) “Şuşa Bəyannaməsi” ruhunda strateji müttəfiqlik sənədi imzalamlıdır. Bu imzalar Şuşa saflığına, Tanrı dağları yüksəkliyinə, İstanbul fəthinin ruhuna köklənməlidir.

Dövlətimiz və qardaşlarımız zaval görməsin!


SON XƏBƏRLƏR

25 Aprel 2024