Fransa və onun Sakit okeandakı xarici ərazisi olan Yeni Kaledoniya arasında aparılan 10 günlük danışıqlardan sonra, yeni bir mərhələnin başlanğıcı elan olunub.
Tarixi razılaşmaya əsasən, Yeni Kaledoniya rəsmi olaraq Fransa ərazisi olaraq qalacaq, lakin “Yeni Kaledoniya dövləti” adı ilə yeni bir siyasi status əldə edəcək. Yerli Kanak xalqının uzun illərdir apardığı mübarizə nəticəsində əldə edilən bu nəticə beynəlxalq ictimaiyyətin diqqətindədir.
Politoloq Züriyə Qarayeva bu razılaşmanın həm Fransa üçün, həm də Azərbaycan diplomatiyası baxımından əhəmiyyətini Bakıvaxtı.az-a dəyərləndirib.
Onun sözlərinə görə, Yeni Kaledoniyanın “dövlət” statusu alması formal baxımdan mühüm irəliləyiş olsa da, bu hələ tam müstəqillik deyil. Ərazi Fransa tabeliyində qalır, lakin müəyyən muxtariyyət elementləri, o cümlədən vətəndaşlıq və daxili idarəetmə hüquqları genişləndirilir. Bu daha çox kompromis xarakterlidir. Fransa, görünür ki, daxili sabitliyi qorumaq və beynəlxalq imicinə zərbə gəlməməsi üçün bu yolu seçdi.
Müsahibimiz qeyd edib ki, Fransa bu razılaşma ilə bir tərəfdən “postkolonial məsuliyyət” görüntüsü yaradır, digər tərəfdən isə Yeni Kaledoniyanın tam ayrılmasının qarşısını almağa çalışır:
“Çünki bu bölgə yalnız tarixi və siyasi deyil, həm də iqtisadi və geosiyasi baxımdan önəmlidir. Buradakı nikel ehtiyatları və regionun strateji mövqeyi Parisin maraqları üçün həlledicidir”.
“Azərbaycanın bu prosesdə adı hallanır. Sizcə, Azərbaycan bu razılaşmaya necə təsir göstərdi” sualını cavablandıran Z.Qarayeva bildirib ki, son illər Azərbaycan beynəlxalq arenada yalnız öz maraqları üçün deyil, həm də postkolonial mübarizə aparan xalqlar üçün də səsə çevrilib. Bakı Təşəbbüs Qrupu vasitəsilə Yeni Kaledoniya məsələsi dəfələrlə qaldırıldı, insan haqları pozuntuları gündəmə gətirildi və beynəlxalq təşkilatlarda bu məsələ aktuallaşdırıldı. Bu təzyiqlərin Fransaya müəyyən psixoloji-siyasi təsir göstərdiyini istisna etmək olmaz. Paris anlayır ki, Azərbaycan sadəcə region ölkəsi deyil - beynəlxalq siyasi rıçaqları olan gücdür.
Bəzi ekspertlər qeyd edir ki, Fransa artıq Azərbaycan siyasətini korrektə etməlidir. Z.Qarayeva da bu fikirlə razıdır. Onun sözlərinə görə, Fransa uzun müddətdir ki, Azərbaycana qarşı qeyri-obyektiv mövqe nümayiş etdirir, xüsusilə də Qarabağ münaqişəsi və sonrakı dövrlərdə ermənipərəst ritorika aparırdı. Lakin hazırkı vəziyyət göstərdi ki, Azərbaycan regional və beynəlxalq təsir imkanlarını genişləndirib:
“Əgər Fransa öz maraqlarını düşünürsə, bu reallığı qəbul etməli və Bakı ilə əməkdaşlığa daha praqmatik yanaşmalıdır”.
Züriya Qarayeva: Bu hadisə digər müstəmləkə rejimləri altında olan ərazilər üçün nümunəvi presedent ola bilər
Yeni Kaledoniya ilə bağlı razılaşmanın sonrakı mərhələsinin necə olacağına gəlincə, müsahibimiz bu məsələni bitmiş saymır. Onun sözlərinə görə, 13 səhifəlik sənədin icra mexanizmləri hələlik qeyri-müəyyəndir:
“Kanak icmasının liderləri bu razılaşmanın praktiki icrasını izləyəcək və əgər Fransa öz öhdəliklərini yerinə yetirməzsə, gərginlik yenidən alovlana bilər. Azərbaycan bu prosesi də diqqətlə izləyəcək, çünki bu, həm də beynəlxalq hüququn və ədalətin qorunması baxımından önəmli nümunədir”.
Sonda həmsöhbərimiz bildirib ki, bu hadisə digər müstəmləkə rejimləri altında olan ərazilər üçün nümunəvi presedent ola bilər. Qərbin özü artıq öz içində kolonializmlə üzləşir və bu, ikili standartların ifşası baxımından da maraqlıdır.
“Azərbaycan bu prosesdə sivil dəstək mexanizmini işə salaraq, həm də qlobal haqlı mövqelər qazanır. Fransa isə anlayır ki, yalnız Cənubi Qafqazda yox, okean o tayında da rıçaqlar dəyişir”, - deyə Züriya Qarayeva vurğulayıb.
Zülfü Məmmədov