• Bakı 14° C

    7.53 m/s

  • USD - 1.7

    EUR - 1.8007

    RUB - 1.7043

Bu, silinmə deyil, sadəcə...- Qabil Abbasoğlu Vikipediya qalmaqalından DANIŞDI

MÜSAHİBƏ

16 Sentyabr 2024 | 11:20

Bu, silinmə deyil, sadəcə...- Qabil Abbasoğlu Vikipediya qalmaqalından DANIŞDI

Azərbaycanın 44 günlük Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələrin Vikipediyadan silinməsi sosial şəbəkələrdə, eləcə də mediada ciddi müzakirə, hətta mübahisələrə yol açıb. Kimi bunun hansısa mərkəzdə idarə olunduğunu iddia edərək, məlumatları silən vikiçilərin həbsini tələb edir, kimi də onların günahkar olmadığını bildirərək, şəhidlərimizlə bağlı məlumatların beynəlxalq vikipediya standartlarına uyğun gəlmədiyini ortaya atır.

Texnobloger, Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas açıqlayıb ki, qlobal vikimedia lokal dillərdə olan məzmunların ensiklopedik meyarlara cavab verib-verməməsinə qarışmır. Vikipediyanın Azərbaycan seqmentinin inzibatçısı Ayxan Zayıdzadə isə Fərid Pərdəşünasa cavabında söyləyib ki, Vikipediya Azərbaycan Respublikasının nəzdində olan vebsayt deyil, qlobal platformadır və müəyyən qaydalar var ki, beynəlxalq formada tətbiq edilir. Bu fikir qarşıdurmasından sonra sosial mediada müzakirələr, söyüş və təhriqlər, linç etmələr daha kəskin müstəviyə keçdi. Əlbəttə, katalizator rolunu oynayıb, cəmiyyəti bir neçə yerə parçalayan mövzuların müzakirəsi zamanı həmişə ziyalı sözünə, aydın şəxsiyyətlərin konseptual yanaşmalarına ehtiyac duyulur. Yəni zülmət içində günahkar axtarmaqdansa, bir şam yandırmaq daha faydalıdır.

Elə bu niyyətlə məsələ barədə tanınmış jurnalist Qabil Abbasoğlunun münasibətini öyrəndik. Həmkarımız Bakıvaxtı.az-a müsahibəsində qeyd etdi ki, Vikipediya platforması və onun fəaliyyəti ilə bağlı ekspert olmasa da, müəyyən məlumatları var.

Məsələnin kökündə şəhidlərimizə qarşı hörmətsizlik elementi hiss etmiş olsaydım...

 - Qarşı tərəfin arqumentlərindən belə məlum olur ki, Vikipediyanın özünün daxili qaydaları mövcuddur. Onların Vikipediyada hansı şəxslər üçün məqalələr, səhifələr yaradılmasına dair müəyyən meyarları formalaşıb. Ümumi qənaətim bundan ibarətdir ki, bu, daha çox emosional əsaslı problemdir. Yaranmış münaqişə və qarşıdurmanın zəmini daha çox emosional məsələdir. Əlbəttə, bu, məni də, sizi də narahat edən məsələdir. Emosiaları kənara qoya bilsək, emosianı işin içərisindən çıxara bilsək, belə məlum olur ki, ümumiyyətlə, bu məqalələr əvvəldən yaradılmamalı imiş ki, sonradan da onları çıxaranda problemlər əmələ gəlməsin.

Bu, çox həssas məsələdir. Bunu şəhidlərimizin adı və ruhuna heç bir aidiyyəti olmadan deyirəm ki, bəzi məsələlərdə cəmiyyətimiz müəyyən dərəcədə abartılmış, ifrata varan addımlar atır. Sonra da qalırıq onun altında. Məsələn, müharibədən sonra şəhidlərimizin bəziləri ilə bağlı məclislərin birində, şənliklərdə onları simvollaşdırıb, onlarla bağlı doğum günü və ya toy keçirilməsi halları ilə rastlaşdıq. Şəhidlərimiz qəlbimizdə, dövlətimizin adında, bayrağımızda, bu vətən torpağında, hər yerdə yaşayırlar. Nəinki tərəfdarıyam, hətta tələb də etməyə hazıram ki, onların adları müəyyən küçələr, yollar, körpülər, keçidlər və yüksəkliklərə verilib, əbədiləşdirilsin. Amma hər yeri şəhid fotoları ilə bəzəyirlər. Hər şeyi kənara qoyaq, o fotolar texniki vasitədir. Bu gün, sabah köhnələcək, baxımsız hala düşəcək ki, bu vəziyyətin yaranması şəhidlərin adına qətiyyən layiq deyil. Biz məcburən həmin fotoları ya dəyişdirməli, ya da yığışdırmalı olacağıq. Həmin an da yenə Vikipediya hadisəsinə bənzər bir vəziyyət yaranacaq. Yəni ifrat olan heç nəyi etməmək lazımdır ki, sonra onu aradan qaldıranda yeri qalmasın.

Bir divara, bir maşının şüşəsinə, bir pəncərə və qapıya foto yapışdırmaq asan işdir, amma onu oradan qoparanda mütləq izi qalır. Ya rəngi özü ilə aparır, ya ondan mütləq bir hissə yapışıb qalır, təmizləyə bilmirsən. Ona görə məsələləri ifrat şəkildə gerçəkləşdirməyin tərəfdarı deyiləm. Məsələnin kökündə doğrudan da şəhidlərimizə qarşı hörmətsizlik elementi hiss etmiş olsaydım, bunu açıq şəkildə, çəkinmədən deyərdim.

- Bəs buna nə ad vermək olar?

- Bu, hörmətsizlikdən daha çox qeyri-peşəkar və tələskən addım olub ki, o məqalələri yaradıblar, indi də onları siyahılaşdırmaq məcburiyyətində qalıblar. Kütləvi yanaşma var deyə, hamıya elə gəlir ki, o məqalələr silinib. Amma bu, silinmə deyil, onlar sadəcə siyahılaşdırılıb. Məqalə formasından siyahı formasına keçirilib. Hamısı bir səhifədə siyahı formasında onların adları və məlumatları Vikipediyada qalır.

Biz də Azərbaycanda Vikipediyaya bənzər bir platforma yaradaq

- Vəziyyətdən çıxış yolu kimi hansı üsulu, üslubu təklif edərdiniz. İnsanlar bu məsələdə “qızıl orta”nı necə tapmalıdırlar?

- Əminəm ki, Azərbaycan xalqı şəhidlərini yüksək dəyərləndirir. Vəziyyət belədirsə, gəlin biz də Azərbaycanda Vikipediyaya bənzər bir platforma yaradaq. Bütün tarixi şəxsiyyətlərimiz, şəhidlərimiz və müqəddəs insanlarımızı, ölkəmiz, xalqımız və cəmiyyət üçün işlər görmüş insanlarımızın hamısını öz platformamızda yerləşdirək. Bunu edə biləriksə, əla olar, yox edə bilmiriksə, qlobal platformaya müraciət ediriksə, həmin platformanın şərtlərini qəbul etməliyik. Razılaşmalıyıq ki, burada müəyyən texniki və peşəkarlıq standartları var. Bu standartlara uyğun davranmalıyıq. Bir məqamın üzərinə yenə qayıdıram: Məncə, vaxtında bu məqalələr yaradılanda, dayanıb düşünmək lazım idi, çünki bir gün onları aradan götürmək lazım olacaqdı. Bu, hər iki tərəfə - həm vikipediyaçıları qınayanlara, həm də vikipediyaçıların özlərinə aiddir. Günlərin birində bu məqalələr aradan götürüləcəkdisə, o zaman niyə yaradırdılar və ya niyə bu cür yaradırdılar? Heç olmasa, zamanında siyahılaşdırmaq olardı ki, sonradan belə mənəvi məsələlər ortaya çıxmasın.

- Bəzi şəxslər bunun kökündə siyasi motivin dayandığını iddia edirlər. Bildirirlər ki, proses Amerikdan idarə olunur. Doğru yanaşmadırmı?

- Yanaşmam bundan ibarətdir ki, 44 günlük Vətən müharibəsindən 4 il müddət keçib. Bu səhifələr də müharibədən bir müddət sonra yaradılıb. Təxminən 2 ilə yaxındır, bəlkə də bir az artıqdır ki, o səhifələr mövcud idi. Onda Amerika yox idi? Bu müddət ərzində bizə düşmənlik edən mərkəzlər, beynəlxalq dairələr niyə sakit durmuşdular. Məncə, məsələni qloballaşdırıb, o səviyyəyə çıxarmaq lazım deyil. Amerika, dünya və dünya ictimaiyyətini Azərbaycanın düşməni elan etməyə ehtiyac yoxdur. O ölkələr Azərbaycanın dostlarıdırlar, ölkəmizin haqq işini müdafiə edən ölkələrdirlər. Vətən müharibəsindəki qələbəmizi tanıyan-bəziləri məcburən, bəziləri isə istəyərəkdən- dövlətlərdir. Azərbaycan elə bir siyasət aparmır ki, böyük dövlətlər, böyük güclər onun düşməni olsun. Ola bilər ki, o dövlətlərdə, həmin cəmiyyətlərdə Azərbaycan əleyhinə və yaxud da münaqişə vəziyyətində olduğumuz ölkənin xeyrinə fəaliyyət göstərən dairələr var ki, bu da normaldır. Həmin ölkələrdə bizim də tərəfdarlarımız var, onların da. Biz onların səsini daha çox eşidə bilərik. Bu mənada hesab etmirəm ki, burada hansısa bir siyasi məsələ, motiv var. Başqa bir həssas bir məsələyə münasibət bildirmək istəyirəm.

- Nədir bu həssas məsələ?

- Açığı, həmin vikipediyaçı gəncləri tanımıram. Son günlər fotolarını yerləşdirib, ünvanlarına kütləvi linç kampaniyası aparırlar. Bunu təhlükəli tendensiya kimi qiymətləndirirəm. Ümumiyyətlə, kütləvi olan hər şeyi təhlükəli hesab edirəm. Bu məsələ, hüquq və qanun çərçivəsində tənzimlənməlidir və Azərbaycanın qanunvericiliyində, beynəlxalq hüquqda necə nəzərdə tutulubsa, ona əsasən mühakimə yürüdə bilərik. Məsələn, qanun pozulubsa, bildirməliyik ki, burada Azərbaycanın ərazi bütövlüyü, dövlətçiliyi, konstitusiya quruluşu, hərbi və dövlət sirlərinə xələl gətiriblər və cinayət işləyiblər. Belə olan halda həmin adamlar qanunla cəzasını almalıdırlar. Feysbuk, sosisal şəbəkələr və media linç yeri deyil. Bu, çox təhlükəli tendesniyadır. Sözügedən mexanizm işə düşsə, sonra günahlı, günahsız insanlar bu platformalarda bir-birilərini linç etməyə başlayacaqlar və cəmiyyət çox radikal müstəviyə gəlib çıxacaq. Fotoları yerləşdirilib, adları çəkilən şəxslərin konkret günahı varsa, zəhmət çəksin hüquq-mühafizə orqanları buna qarşı tədbir görsün. Deyim ki, linç kampaniyasını körükləyən dairələr də bəllidir. Görünür ki, haradansa, sifarişlər gəlir, bu sifarişlər yoxdursa, tendensiyanı dayandırsınlar.

Real dünyada gördüklərimizi “o biri dünya”da fiksasiya etməliyik

- Qabil, bəy, qeyd etdiniz ki, bu məqalələr qeyri-peşəkar və tələsik şəkildə yaradılıb. Niyə zamanında buna nəzarət edən olmayıb, niyə bu sahə, bu işlər nəzarətsiz buraxılıb. Sizcə, kimdir müqəssir?

- Azərbaycanda rəqəmsallaşdırma ilə bağlı həm dövlət, həm də qeyri-hökumət strukturları var. Nazirlik də mövcuddur, onun törəmə strukturları da, qeyri-hökumət təşkilatları da, dövlətin dəstək verdiyi ictimai təşkilatlar və mütəxəssislər də… Bu proses rəqəmsallaşdırma ilə bağlı siyasətin bir hissəsi olmalıdır. Necə ki, biz döyüş meydanında, real meydanda, diplomatiyada savaşıb, qalib gəlirik, rəqəmsal sferada da o qələbələr davam etdirilməlidir.

Rəqəmsal sfera artıq dünyanın yarısı deməkdir. Dünya iki yerə bölünüb. Yarısı real dünyadır, yarısı isə rəqəmsal, virtual dünya. Biz real dünyada işlərimizi görürük, amma virtual dünyada onu edə bilmirik. 20 il öncə, axirətə “o biri dünya” deyirdilər, amma indi məhz virtual dünya “o biri dünya” adlanır. Biz “o biri dünya” üçün də işlər görməliyik, real dünyada gördüklərimizi, “o biri dünya”ya köçürməyi, orada fiksasiya etməliyik. Göstərməliyik ki, qələbəni qazanmışıq, belə oğullarımız, şəhid və qəhrəmanlarımız var. Şəhid və qazi olmayan, amma müharibədə böyük şücaətlər göstərmiş şəxslər ola bilər. Belə adamlar gənclərimiz, xalqımız üçün etalondur, nümunədir. Xalqımız bu sayaq insanlarımızı tanımalıdır, onlarla bağlı məlumatlar virtual dünyada da əlçatan olmalıdır. Onların fəaliyyəti işıqlandırılmalıdır. Necə biz indi qəhrəmanımız Məhəmməd Əmin Rəsulzadə haqqında oxuyuruq, İkinci dünya müharibəsində iştirak edən azərbaycanlılar, digər türk sərkərdələr haqqında oxuyuruq, Vətən savaşı şəhidləri haqqında da gələcək nəsillər oxumalıdırlar. Dövlət bunu sözügedən sahəyə cavabdeh olan qurumların vasitəsilə etməli idi.

- Dünən 15 Sentyabr idi. Həmin gün sizə hansı tarixi hadisəni xatırladır?

- 15 sentyabr Azərbaycan Respublikası və Azərbaycan dövlətinin mövcudluğu tarixində bir neçə sütun fakt və tarixlərdən biridir. Necə ki o kişilər 1918-ci ildə yoxdan bir dövlət elan etdilər, o dövləti bir bayraq altında yaratdılar. necə ki Tiflis bu işdə bir qığılcım rolunu oynayıb, ocağa çevrildi, necə ki Gəncə ilk dövlətin real fəaliyyət göstərdiyi məkan idi, Bakının erməni və rus birləşmələrindən təmizlənməsi, Azərbaycan dövlətinin paytaxtı elan olunması da çox önəmli, mənəvi, siyasi, ideoloji yükü, əhəmiyyəti olan hadisə və tarixdir. Ona görə də bu tarixi yüksək dəyərləndirirəm. Bu tarix üçün ən az əziyyət çəkmiş şəxslərdən tutmuş, şəhid olan insanlara qədər hər birinin xatirəsi önündə baş əyirəm. Hesab edirəm ki, onlar tarixdə öz layiqli qiymətlərini almalıdırlar və yüksəkdə dayanmalıdırlar.

Turanı yaratmaq üçün qurultay gözləməyə ehtiyac yoxdur

- Ortaq türk əlifası ilə bağlı da razılığa gəlinib, amma bu işə də bir “qulp” qoşanlar tapıldı…

- Doğrudur, Ortaq türk əlifası ilə bağlı da sosial mediada qaynar müzakirələr aparılır. Yenə kütləvi rəylər var, yenə də ağız büzənlər mövcuddur, üstəlik “mız qoyanlar” da tapılıb. Bəziləri belə suallar ünvanlayırlar ki, indi hamımız ortaq türk əlifbasında yazacağıq? Bu adamlara izah etməyə ehtiyac var ki, söhbət türk dilindən getmir.

- Bəs söhbət nədən gedir?

- Məsələn, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Kıbrıs öz aralarında, hansısa dövlət yazışmalarında, yaxud heç dövlət olmasın hansısa mədəni xarakterli tədbirlərin hazırlanmasında dövlətlərarası və cəmiyyətlərarası ünsiyyətdə, ədəbi-mədəni əlaqələrdə, yazışmalarda ortaq türk əlifbasından istifadə edilməlidir. Ortaq türk əlifbası varsa, niyə kənar ölkə və dövlətin dilindən istifadə etməliyik? Niyə ingilis dilindən istifadə etməliyik? İngilis və rus əlifbası ortaq türk əlifbasından üstündürmü? Niyə Qazaxıstanla yazışmalar rus dilində aparılmalıdır? Rus dili nə Qazaxıstanın, nə də Azərbaycanın dövlət dilidir. Ola bilər ki, Azərbaycanda dilində yazılmış məktubu Qazaxıstan tam anlamasın və ya əksinə qazax dilində yazılanı da Azərbaycan tam başa düşməsin. Bu mənada ortaq əlifba götürülüb. Baza isə Türkiyə və Azərbaycanın istifadə etdiyi latın qrafikalı əlifbadır. Əsasən də Azərbaycanın latın qrafikalı əlifbası baza rolunu oynayıb. Bu da çox sevindiricidir ki, Azərbaycan birləşdirici rol və funksianı öz üzərinə götürür. Hesab edirəm ki, yadın dilində ünsiyyət saxlamaqdansa, öz dilimizdə razılaşıb, ümumi bir əlifba yaratmaq çox müsbət və mütərəqqi addımdır.

- İkinci Qarabağ savaşı ərəfəsi, savaşdan sonrakı dövrdə türkdilli ölkələrin həmrəyliyi, onların Türk Dövlətləri Təşkilatı (TDT) “çətir”i altında birləşməsi, Azərbaycana 44 günlük Vətən savaşı dönəmində mənəvi dəstək vermələri və indi də Ortaq türk əlifbasına dair razılığın əldə olunması, sanki böyük TURANa gedən yollardakı “çala-çuxurları” hamarlaşdırır. Sizcə, böyük Turan yaratmaq, qurmaq baş tutacaqmı və bunun üçün nələrdən keçmək lazım olacaq?

- Turan hansısa bir toplantı və ya qurultayda elan olunub, yaradılası birlik deyil ki, sabah toplaşıb elan edək. Bu, uzun sürən prosesdir. Turanı yaratmaq üçün qurultay gözləməyə ehtiyac yoxdur. Turanı yaratmaq üçün türk xalqları, türk dövlətləri hamısı özlərini hüquqi, qanuni, demokrtaik, azad, qanunlara hörmət edən vətəndaşlarını rifah içində yaşadan dövlətlərə çevrilməlidirlər. Turana aparacaq ən gözəl yol budur. Turanı quracaq dövlətlərin özləri normal dövlətlərə çevrilməli, normal cəmiyyətlər yaratmalı, dövlətlərarası ünsiyyətlər getdikcə, yaxınlaşmalıdır. Belə olan halda əvvəlcə mədəni, məkan yaranacaq, sonra siyasi məkan, ondan sonra da hərbi və s. mərhələlər formalaşa bilər. Tarix və milli məsələlər üzrə ideoloq deyiləm, sadəcə gəncliyimizi bu yola həsr etmiş, bu məsələlərlə bağlı müzakirələrdə iştirak etmiş adam kimi şəxsi mövqeyim bundan ibarətdir ki, Turanı qurmaq üçün hər kəs özü öz cəmiyyəti və dövlətinin içərisində sadəcə kərpicləri üst-üstə doğru qoymağa çalışmalıdır. Bundan başqa Turana gedən heç bir yol tanımıram.

Aydın Baxış


SON XƏBƏRLƏR

20 Noyabr 2024