• Bakı 18° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Dünya kinosunun zirvəsində Bir Azərbaycan imzası: Eldar İsgəndərov Kann Festivalında!

CƏMİYYƏT

19 May 2026 | 16:47

Dünya kinosunun zirvəsində Bir Azərbaycan imzası: Eldar İsgəndərov Kann Festivalında!

Azərbaycan kino sənətinin korifeyi, unudulmaz Xalq artisti Şahmar Ələkbərovun genetik irsini fəxrlə daşıyan nəvəsi Eldar İsgəndərov, Hollivudda möhtəşəm bir ilklə tarix yazaraq mötəbər Kann Kinofestivalının əsas müsabiqə proqramında ölkəmizi təmsil edib. 

Bakıvaxtı.az xəbər verir ki, onun parlaq gedişi və böyük əks-səda doğuran ekran əsərində canlandırdığı "Azərbaycanlı filosof" obrazı dünya mətbuatının və nüfuzlu kino tənqidçilərinin diqqət mərkəzindədir.

Dünya kinosunun nəbzini tutan beynəlxalq media nəşrləri gənc aktyorumuzun heyranedici performansı barədə yazır:

"The Hollywood Reporter" jurnalı gənc istedadın bənzərsiz xarizmasını xüsusi vurğulayaraq qeyd edir:

"Film tədricən dərin bir drama doğru təkamül etsə də, rejissor komediya ruhunu qorumağı bacarıb. O, evində sığınacaq tapan dəvətsiz qonaq — Niki rolunu canlandıran aktyor və model Eldar İsgəndərovdan xüsusilə heyranedici bir nəticə alıb. Niki — filmin ən yumoristik, ən canlı və unudulmaz replikalarına can verən sirli və cazibədar bir personajdır. İsgəndərov, Kollin Kemp, Kirbi Hauell-Baptist və Diyeqo Kalva kimi ulduzlardan ibarət bu səmimi aktyor ansamblı baş rol ifaçısının cazibə qüvvəsi ətrafında pərvanə tək fırlanır".

Dünyanın ən nüfuzlu kino platformalarından biri olan "JoBlo" isə Eldar İsgəndərovun oyunu qarşısında heyranlığını gizlətməyərək onu layihənin ən parlaq siması seçib:

"Baş rol ifaçısı Peter rolunda möhtəşəmdir, lakin onun ətrafındakı köməkçi heyətin içində — hamısından da üstünü — Peterin otaq yoldaşı Niki rolunda çıxış edən Eldar İsgəndərovdur. Ekran əsərində özünü 'Azərbaycandan gəlmiş filosof' kimi qələmə verən, lakin vaxtının böyük hissəsini Xbox oynamaqla və onlayn məkanda yeniyetmələrə sataşmaqla keçirən Niki obrazı filmin ən yaddaqalan tapıntısıdır".

Böyük Britaniyanın məşhur bədii-estetik kino dərgisi "Little White Lies" isə kastinq uğurunu və Eldarın personajının rəngarəngliyini bu sözlərlə vəsf edir:

"Kastinq direktoru Karmen Kuba, Nyu-York mühitinə xas bu tərs, nadinc və rəngarəng personajlar ordusunu araya-ərsəyə gətirdiyi üçün hər cür alqışa layiqdir. Xüsusilə də dostunun divanında gecələyən müftəxor yol yoldaşı Niki rolunda Eldar İsgəndərovun adını çəkmək yerinə düşər. Filmdəki kəskin və sancıcı yumor, hekayəyə daxil edilən səmimi bir istiliklə ustadca tarazlaşdırılıb".

Hollivud mühitində öz dəst-xətti ilə seçilən, milli köklərinə bağlı bu obrazla beynəlxalq arenada böyük rəğbət qazanan Eldar İsgəndərovun bu uğuru, həm ustad sənətkarımız Şahmar Ələkbərovun ruhuna ehtiram, həm də Azərbaycan mədəniyyətinin qlobal miqyasda növbəti təntənəsidir.

Əli Hüseynov


SON XƏBƏRLƏR